30 noyabr 2023 11:36
219

Nazir müavini: Texniki layihələndirmə fəaliyyətinin xərcləri ÜDM-nin 0,1 %-nə çatdırılacaq

Azərbaycanda innovasiyalar üçün bazara girişi asanlaşdırmağı və texniki layihələndirmə xərclərini ümumi daxili məhsul (ÜDM) istehsalının 0,1 %-nə çatdırmağı hədəflənir.

“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən "Inmerge" İnnovasiya Sammitində deyib.

Onun sözlərinə görə, "2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası”na uyğun olaraq, rəqəmsal iqtisadiyyat strategiyası innovasiyalarla inteqrasiya olunmuş formada diqqətlə yaradılır: “Bu strategiya Birləşmiş Millətlər Təşkilatının "Dünyamızın Transformasiyası: Davamlı İnkişaf üçün 2030 Gündəliyi" məqsədlərinə tam uyğun olacaq. “2022-2026-cı illər üzrə Sosial-İqtisadi İnkişaf Strategiyası” çərçivəsində biz tədqiqat və texniki layihələndirmə fəaliyyətinin kommersiyalaşdırılmasına dəstək verəcəyik. Bu məqsədlə növbəti onillikdə tədqiqat və inkişaf xərclərini maliyyələşdirəcəyik və texniki layihələndirmə fəaliyyətinin infrastrukturunu inkişaf etdirəcəyik".

Nazir müavini bildirib ki, texnologiyaların kommersiyalaşdırılmasının bu gün inkişaf prioriteti olduğu nəzərə alınaraq tədqiqat nəticələrinin konkret nəticələrə çevrilməsi hədəflənib.