08 dekabr 2023 01:16
408

Qarabağı talayanlar məsuliyyətə cəlb ediləcək

Ekologiyaya vurulan ziyan hesablanır

Ermənistanın işğalı müddətində düşmən sadəcə insanları deyil, təbiəti də hədəfə almışdı. Milli parkları da daxil olmaqla Azərbaycanın qorunan təbiət əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən genişmiqyaslı yanğınlara səbəb olan raket atəşinə tutulurdu. O zaman Şuşa şəhəri yaxınlığında meşə sahələrindəki qiymətli ağaclar fosfor silahlarından istifadə nəticəsində yandırıldı. Nəticədə min illər ərzində formalaşan torpağın üst təbəqəsi tamamilə sıradan çıxdı.

Ermənilərin Qarabağ və Şərqi Zəngəzur  ərazisində basdırdıqları çoxsaylı minalara insanlarla bərabər vəhşi təbiətin nadir növdən olan heyvanları da düşür. Laçın rayonunda Ermənistan tərəfinin basdırdığı minanın detonasiyası nəticəsində həlak olan qonur ayı balasının qalıqları bir müddət əvvəl sosial şəbəkələrdə paylaşılmışdı. Partlayış sahəsindən toplanmış minaların damğaları onların 2021-ci ildə Ermənistanda istehsal olunduğunu göstərir. Ermənistan Azərbaycanın əvvəllər işğal olunmuş torpaqlarını milyonlarla mina ilə çirkləndirib və bu mina mülki əhalinin, habelə vəhşi heyvanların həyatını təhlükə altına almaqda davam edir.

Rəsmi məlumatlara görə,  Qarabağ və Şərqi Zəngəzurda 1 milyondan çox mina və partlamamış hərbi sursatın mövcud olması ehtimal edilir. Təxminən Livan boyda olan bu ərazi dünyanın mina ilə ən çox çirklənmiş sahələrindən biri hesab olunur.

Bütün bunlar bir daha sübut edir ki, Ermənistan uzun illər Azərbaycana qarşı ətraf mühitə, bioloji müxtəlifliyə, meşələrə, yeraltı və yerüstü təbii ehtiyatlara ciddi ziyan vurmaqla düşmənçiliyini davam etdirib. Ərazilərimizdə olan təbii sərvətləri talan edib, faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağaclar işğalçı tərəfindən qanunsuz istismara məruz qalıb. Azərbaycanın işğal olunmuş ərazisində 160-dan çox müxtəlif qiymətli metal yataqları, o cümlədən 5 qızıl yatağı, 7 civə, 2 mis yatağı, habelə 1 qurğuşun və sink yatağı, 1 daş kömür yatağı, 6 alebastr, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 rəngli və dekorativ daş yatağı, 21 üzlük daş yatağı və s. var. 30 ilə yaxın bir müddət ərzində bu yataqla vəhşicəsinə istismar olunub, təbii sərvətlərimiz həm erməni, həm də beynəlxalq şirkətlər tərəfindən talan edilib. Bu talançılığa görə onların Azərbaycana təzminat ödəməsi mütləqdir.

İşğalçı dövlətin Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə dövlətimizə vurduğu ziyan milyardlarla dollar səviyyəsində ölçülür. Bu proses üzrə təzminatın məbləği də kifayət qədər yüksək olmalıdır.

Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Beynəlxalq Forumunda bildirib ki, müxtəlif hüquq şirkətləri ilə çalışırıq ki, milli sərvətlərimizi talayan şirkətləri məsuliyyətə cəlb edək: “İşğaldan azad edilmiş ərazilərdə vəziyyət öyrənilir. Bununla bağlı xüsusi heyət çalışır. Orada müxtəlif dövlət orqanlarının nümayəndələri təmsil olunub. Hazırda monitorinqlər davam edir. Hər bir kənd, hər bir sahə, məkan üzrə qiymətləndirmə işləri aparılır ki, qeyri-qanuni iqtisadi fəaliyyətin ekologiyaya vurduğu zərəri hesablayaq”. Dövlətimizin başçısı xatırladıb ki, Kəlbəcər rayonunda 60 min hektara yaxın meşə qırılıb. Bu, bizim peyk vasitəsilə əldə etdiyimiz fotoşəkillərdə əks olunub. Həmçinin transsərhəd çayların çirklənməsi ilə bağlı narahatlıq var. Xüsusilə Zəngilan rayonundan keçən Oxçuçayın suyu artıq sarı rəngdədir. Bu da, sözün əsl mənasında, ekoloji fəlakətdir.

Bəli, Ermənistan illərdir ki, su mənbələrini də çirkləndirir, radioaktiv tulantıları çaylara axıdır. Bütün bunlar beynəlxalq cinayətlərdir. Transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalır. Qafan və Qacaran dağ-mədən sənayesinin tullantıları ilə hədsiz dərəcədə çirkləndirilən Oxçuçay, belə demək mümkünsə, sənaye tullantılarının kollektoru rolunu oynayır. Bu sular təmizlənmədən birbaşa çaya axıdıldığı və çirklənmə səviyyəsi dəfələrlə normadan artıq olduğu üçün onun su ehtiyatlarının ölkə ərazisində istifadəsi yararsız hesab edilir.

Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda xarici şirkətlərin, xüsusilə Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur. İşğalçı ölkədə dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb. Təəssüf ki, bu prosesdə Almaniyanın “CRONIMET Holding GmbH” şirkəti yaxından iştirak edib. Bununla əlaqədar olaraq Azərbaycan cəmiyyətində dərin narahatlıq yaranıb.

Oxçuçayın Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına töküldüyünü nəzərə alsaq, qeyd edə bilərik ki, onun çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Araz çayı Kür çayının ən böyük sağ qolu olmaqla Ermənistanla digər transsərhəd çaydır və Azərbaycanın əkin sahələrinin suvarılmasında həlledici rol oynayır. Lakin çaydakı suyun keyfiyyətinin ciddi dəyişikliyi səbəbindən onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi həm də son dərəcə mənfi təsirlərə yol açır. Ermənistan bütün bu cinayətlərə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir.

Nigar Orucova, “İki sahil”