15 dekabr 2023 00:07
471

Hansı şəxslərə işsizlikdən sığorta ödənişi ediləcək?

Gələn il sosialyönümlü siyasətin əhatə dairəsi daha da genişlənəcək

Dekabrın 14-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “İşsizlikdən sığorta haqqında” Qanuna dəyişikliklər müzakirə edilib.

“İşsizlikdən sığorta haqqında” Qanuna edilən yeni dəyişikliklərlə sığorta ödənişi alacaq işsizlərin əhatə dairəsi genişlənəcək. Belə ki, yeni dəyişikliklərə əsasən, müəssisəinin mülkiyyətçisi dəyişəndə, əvvəlllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək.

Eyni zamanda, sığorta ödənişinə görə əlavə ailədəki bütün uşaqlara şamil ediləcək. Hazırda bu əlavələr 20 faizlə məhdudlaşır. Yeni dəyişikliklərə əsasən məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək. İşsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşın ödəniş almasına imkan yaradacaq.

Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib. Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşın bu imkandan faydalanmasına şərait yaradacaq.

Bəs pensiyalar nə qədər artacaq?

2023-cü ilin ilk 9 ayı üzrə orta aylıq nominal əməkhaqqı artımı elan edilib. Bu müddətdə orta aylıq əmək haqqı 11.2 faiz artıb. İlk 8 ayda bu göstərici 11.3 faiz idi. Orta aylıq əmək haqqının artım faizi növbəti yanvar ayında pensiyaların indeksasiyası zamanı istifadə edilən göstəricidir. Yəni, bu il ərzində orta maaş nə qədər artacaqsa, pensiyalarda artım da o qədər olacaq.

Hazırda indeksləşmədə iki göstəricidən (orta aylıq əmək haqqının artım səviyyəsi və inflyasiya göstəricisi) istifadə edilir. Pensiya məbləği əvvəlki ildə orta aylıq nominal əmək haqqının artım tempinə, pensiya kapitalı isə inflyasiya göstəricisinə uyğun indeksasiya olunur. Bu ildən tətbiq olunan vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqının artım faizinə uyğun artırılmasını nəzərdə tutur.

Bu ilin 9 ayındakı tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 11 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2024-cü ilin yanvar ayında elan olunacaq. Bütün hallarda, orta maaşda artım tempi yüksəldikcə pensiyalarda daha çox artımlar müşahidə olunacaq. Bu baxımdan, orta aylıq əmək haqqının artım faizi yalnız ölkə iqtisadiyyatında muzdla çalışan işçilər üçün deyil, həmçinin pensiyaçılar üçün də əhəmiyyətlidir.

Gələn il kimlərin kreditləri silinəcək?

2024-cü ilin dövlət büdcəsindən fiziki şəxslərin problemli kreditlərinin həlli üçün 1.7 milyon manat kompensasiya ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur. Əvvəlki illərdə də bu məqsədlə dövlət büdcəsindən vəsaitlərin ayrılıb.

Bu ilin sentyabrında Qarabağda aparılan antiterror əməliyyatlarında şəhid ailəsi statusu almış ailələrin kredit borcunun silinməsi də qanunvericilikdə öz əksini tapıb. Bu baxımdan, qeyd olunan prioritet qruplar üçün kredit borcunun silinməsi növbəti il nəzərə alınacaq. Bu isə, həmin ailələrin sosial təminatının gücləndirilməsi məqsədi daşıyır.

Cavid Əkbərov, “İki sahil”