Birinci elektrik enerjisi, ikinci pomidor, üçüncü isə...
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayına əsasən, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ümumi ixracı 29,3 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,1% artaraq 2,7 milyard ABŞ dolları təşkil edib.
Cari ilin yanvar-oktyabr ayları ərzində yeyinti məhsulları üzrə ixrac 706,9 milyon ABŞ dollarına bərabər olub. 10 ay ərzində spirtli və spirtsiz içkilərin, elektrik enerjisinin ixracı 2,9 dəfə, plastmas və ondan hazırlanmış məmulatların ixracı 24,6%, qara metal məmulatlarının ixracı 19,8%, meyvə-tərəvəz ixracı isə 11,5% artıb.
Həmin aylar ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2% artaraq 733,8 milyon ABŞ dolları təşkil edib. Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 162,7 milyon ABŞ dolları təşkil edib.
Həmin dövr ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (348,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (126,1 milyon ABŞ dolları) ikinci, qızıl (118,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
Rusiyaya 881,4 milyon, Türkiyəyə 675,9 milyon, Gürcüstana 266,3 milyon, İsveçrə Konfederasiyasına 129,8 milyon, Qazaxıstana isə 84,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Oktyabr ayının qeyri-neft ixracı 15,4% artaraq 278,2 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 24,1% artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6% artımla 187,7 milyon ABŞ dolları təşkil edib.
Oktyabrda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (94,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (44,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (26 milyon ABŞ dolları) üçüncü olub.
Həmin ay ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (29,5 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (17,7 milyon ABŞ dolları) ikinci və qızıl (16,9 milyon ABŞ dolları) üçüncü olub.
Dünya Bankının hesabatında bildirilir ki, Qazaxıstan, Azərbaycan və Gürcüstan orta dəhliz ticarət marşrutunun diversifikasiyasında mühüm rol oynayır. Təchizat zəncirlərinin yönləndirilməsində, ölkələrarası ticarətin dayanıqlığının artırılmasında və Rusiya Çin kimi ənənəvi regional ticarət tərəfdaşlarından asılılığın azaldılmasında orta dəhlizin mühüm rolu olacaq. bu istiqamətdə formalaşan xüsusi siyasət nəticəsində Qazaxıstan, Azərbaycan və Gürcüstan istehsal fəaliyyətlərinin kütləviliyini təşviq etməklə ixrac həcmini və məhsulların əlavə dəyərini artıra bilər.
2021-2030-cu illər üçün üç ölkənin yük bazasında ümumi potensial 90 milyon ton (+44 faiz) təşkil edəcək. Bunun 70 milyon tonu Qazaxıstandan əlavə ixracın payına düşəcək.
Cavid Əkbərov, “İki sahil”