2023-cü ilin yanvar-noyabr aylarında paytaxtın sənaye müəssisələrində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 51,3 milyard manat təşkil edib. Sənaye məhsulunun 79,3 faizi mədənçıxarma, 17,9 faizi emal, 2,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 86,7 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,3 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 dekabr 2023-cü il vəziyyətinə 459,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 60,5 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
Tikintinin əsas göstəriciləri
Bu ilin yanvar-noyabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 82,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,8 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 3,4 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 88,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.
Məhsul bazarı haqqında
Cari ilin yanvar-noyabr aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz artaraq 29740,6 milyon manat olub. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artaraq 17352,8 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,9 faiz artaraq 12387,8 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 35,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,8 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,1 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
İctimai iaşə
Cari ilin 11 ayında ictimai iaşə dövriyyəsinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,5 faiz artaraq 1400,3 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 710,0 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 50,7 faizini təşkil edib.
Ödənişli xidmətlər haqqında
Bu dövrdə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 18,6 faiz artaraq 6122,9 milyon manat olub. Hüquqi şəxslər tərəfindən əhaliyə 5031,6 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 82,2 faizini təşkil edib.
Əməkhaqqı
Bu müddətdə muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,6 faiz artaraq 1167,9 manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsi