Yeni müəssisələrdə 11 milyard manatlıqdan çox məhsul buraxılıb
Son illər ölkəmizdə qeyri-neft sənayesinin inkişafının daha da sürətləndirilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı layihələr sırasında dövlət başçısının təşəbbüsü ilə sənaye parkları və məhəllələrinin yaradılması mühüm əhəmiyyət daşıyır. Bunun nəticəsi olaraq bu gün Azərbaycanda sənaye parkları və sənaye məhəllələri iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, Azərbaycanda fəaliyyət göstərən sənaye zonalarında indiyə qədər, ümumilikdə, 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,6 milyard manatlıq hissəsi ixrac olunub. Ötən müddətdə ölkəmizdəki sənaye zonalarında investisiya layihələrinin dəyəri 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
Bu və digər məsələlər barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan – Türkiyə İnvestisiya Forumu çərçivəsində keçirilən “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” adlı panel iclasında çıxışı zamanı deyib.
Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası") və 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sabirabad və Şərur) fəaliyyət göstərir. İZİA sədri deyib ki, indiyədək həmin sənaye zonalarına, ümumilikdə, 6,6 milyard manat investisiya yatırılıb. Bunun da hesabına 11 mindən çox daimi iş yeri yaradılıb. Elşad Nuriyevin sözlərinə görə, növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırılması və 6 min 700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bu ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,3 milyard manatlıq məhsul satılıb. Bunun da 31 faizindən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşüb. Yanvar-sentyabr aylarında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə payı 22,9 faiz təşkil edib.
Hazırda Azərbaycanın sənaye potensialının böyük bir hissəsi 44 günlük Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərdə cəmləşib. Bu ərazilər təbii ehtiyatlarla zəngindir. Burada emal sənayesinin böyük inkişaf perspektivləri var. Uğurla reallaşdırılan bərpa proqramı çərçivəsində sözügedən ərazilərin sənaye potensialından da səmərəli istifadə edilməsi nəzərdə tutulub. Təsadüfi deyil ki, respublikamızda fəaliyyət göstərən 12 sənaye zonasının 8-i məhz regionların payına düşür. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi, Qarabağ və Şərq Zəngəzur iqtisadi rayonlarının iqtisadiyatının reinteqrasiyasını təmin etmək məqsədilə yaradılmış “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları da bu baxımdan diqqət çəkir. Artıq real fəaliyyət sahələrinə çevrilməkdə olan həmin parklarda, ümumilikdə, 18 rezident və 6 qeyri-rezident qeydiyyata alınıb. Adıçəkilən sənaye parklarında qeydiyyata alınmış 24 layihə üzrə 138 milyon manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur ki, bunun da hesabına 1300-ə yaxın iş yeri yaradılacaq. Ağdam Sənaye Parkında tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və qablaşdırılması, “Araz Vadisi İqtisadi Zonası”nda isə əsasən logistika mərkəzinin yaradılması, gömrük terminalının qurulması, avadanlıq və texnikaların təmiri mərkəzi, topdansatış və pərakəndə anbarlarının tikilməsi və satışı həyata keçiriləcək.
Bu gün ölkənin sənaye sektorunun inkişafında mühüm rol oynayan Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyaların həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Prezident İlham Əliyevin iştirakı ilə oktyabr ayında açılışı baş tutan “Azərbaycan Vanhong Ceramics Co.” MMC, “Novus Plastica” MMC və “UPI - Universal Packing Industry” QSC ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatıb.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixracın payına düşür. Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 milyon manatlıq hissəsi ixrac olunub.
Azərbaycanın sənaye parklarında yaradılmış əlverişli biznes mühiti və geniş logistik imkanlar, eləcə də bir sıra stimullaşdırıcı tədbirlər xarici şirkətlərin də marağına səbəb olub. Məhz bunun nəticəsidir ki, ölkəmizin sənaye zonalarında xarici kapitallı rezidentlərin sayı getdikcə artır. Hazırda Sumqayıt Kimya Sənaye Parkında İsveçrə şirkəti olan “Sika” MMC, Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “SENSEMI DMCC” şirkəti, Pirallahı Sənaye Parkında Rusiya – Azərbaycan birgə müəssisəsi olan “R-Pharm” MMC, Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınan Birləşmiş Ərəb Əmirlikləri kapitallı “Expert Services FZE” Məhdud Məsuliyyətli azad zona müəssisəsi, Neftçala Sənaye Məhəlləsində İran – Azərbaycan birgə avtomobil müəssisəsi, Hacıqabul Sənaye Məhəlləsində qeydiyyata alınan “Penoplex Prikavkazye” MMC fəaliyyət göstərir. Bu ilin iyun ayında isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Rusiya – Azərbaycan birgə servis mərkəzi olan “Avto Lizinq Azərbaycan” MMC-nin xidmət sahəsi fəaliyyətə başlayıb.
Göründüyü kimi, qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq iqtisadiyyatın digər sahələri ilə yanaşı, sənayenin inkişafına xüsusi önəm verilir, mövcud təbii və iqtisadi resursların istehsala cəlb edilməsi, qabaqcıl texnologiyaların daha geniş tətbiqi istiqamətində sistemli tədbirlər həyata keçirilir.
Nigar Orucova, “İki sahil”
Agentliyin nümayəndələri Koreya Respublikasında keçirilən dövlət satınalmaları üzrə təlimdə iştirak ediblər
Türkiyənin “Limak Group” şirkətinin rəhbərliyi Azərbaycanın əlverişli işgüzar və investisiya mühiti barədə məlumatlandırılıb