İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) qarşılıqlı razılıq prosedurunun aparılmasına dair müraciətlərə baxılması və bu prosedurun təşkil olunması qaydasını özündə əks etdirən “Bələdçi” hazırlayıb.
“İki sahil” DVX-ya istinadən xəbər verir ki, “Bələdçi" qarşılıqlı razılıq prosedurunun aparılmasına dair müraciətlərin hüquqi əsası, müraciətin edilməsi, tələb olunan sənədlər, prosedurun mərhələləri və hüquqi mexanizmlərin təsiri, müraciətə DVX-də baxılması və onun həlli kimi məsələləri əhatə edir.
“Mübahisələrin həlli” tətbiqi ilə bağlı hazırlanmış “Bələdçi” DVX-nın rəsmi internet səhifəsinin “Beynəlxalq vergi münasibətləri” bölməsinin “Sazişlər və qaydalar” hissəsində yerləşdirilib. “Bələdçi” ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür ("Sazişlər və qaydalar" keçidi):
https://www.taxes.gov.az/az/page/beynelxalq-vergi-munasibetleri
Qeyd edək ki, “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi (BEPS) layihəsində assosiativ üzv qismində İnklüziv Çərçivə”yə qoşulmaq barədə Azərbaycan Respublikası ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) arasında 2021-ci il noyabrın 26-da və 2022-ci il iyunun 1-də imzalanmış məktublar mübadiləsi formasında bağlanmış Razılaşma Azərbaycanın 11 oktyabr 2022-ci il tarixli 607-VIQ nömrəli Qanunu ilə təsdiq olunub.