11 yanvar 2024 00:34
635

İqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq - Günümüzün reallığı

Dünya Bankının Azərbaycanda ümumi daxili məhsul istehsalının 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,5 faiz artacağını proqnozlaşdırması ölkəmizin təkmil sosial-iqtisadi islahatlarına əsaslanır

Dövlət başçısı İlham Əliyevin ötən ilin sonlarında Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışı Azərbaycanın iqtisadi imkanlarının təqdimatı oldu. «Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır» söyləyən cənab İlham Əliyev qeyd etdi ki, son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə artıb. Büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artmışdır. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir, yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb. Ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub, Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

Təbii ki, bu statistik rəqəmlər dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yolunun təhlilini bir zərurət kimi qarşıya qoyur. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya prioritet məsələ kimi qoyan dövlət başçısı İlham Əliyev hədəfə çatmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramlarını təsdiqlədi. Regionların inkişafı həm də iqtisadiyyatın dayanıqlılığını təmin edir. Regional iqtisadi siyasətin əsas hədəfləri bölgələrdə iqtisadi aktivliyin artırılması, daxili və xarici sərmayələrin cəlb olunması, müasir texnologiyanın tətbiq edilməsi, istehsal və ixrac imkanlarının genişləndirilməsidir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramı 2004-cü ildən başlayaraq həyata keçirilir. Ötən 20 ildə infrastruktur və iqtisadi baxımdan xeyli uğurlar əldə edilib. Elektrik, qaz, yol, kommunikasiya infrastrukturu xeyli yaxşılaşıb, bu sahədə əsas problemlər həll olunub. Regionlar artıq iqtisadi aktivlik və xarici sərmayələrin cəlb edilməsi, infrastruktur baxımından müasir standartlara tam cavab verir. Regionların tarazlı şəkildə inkişafı ölkədə inklüziv inkişafa gətirib çıxarıb ki, bu da Dünya İqtisadi Forumunun müəyyən etdiyi inklüziv inkişaf indeksinin müəyyən olunmasına öz təsirini göstərib və Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr arasında ön yerlərə çıxıb.

Tarixi Zəfərimizdən sonra müasir dövrün tələblərini özundə əks etdirən və dövlət başçısı İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncamla təsdiq olunan «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»də əksini tapan 5 əsas prioritetdən biri dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatdır. Bu mühüm məqam xüsusi qeyd edilir ki, uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.

Bu çağırış da səsləndirilir ki, iqtisadi artımın davamlı olması, milli iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni “hərəkətverici qüvvələr” tapılmalıdır. Neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevrilməlidir. İqtisadi artım qabaqcıl və effektiv özəl təşəbbüslərə söykənməli, dövlət və özəl sektor əməkdaşlığı gücləndirilməlidir. Yenilikçiliyə malik özəl sektorda aktivlik daha da canlandırılmalı, qeyri-neft sektorunun maliyyələşməsində özəl sektorun payı artırılmalıdır.

Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır.

2003-cü ildən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. Belə ki, Azərbaycan dayanıqlı iqtisadi inkişafı ilə dünyanın diqqətindədir. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi maliyyə imkanlarının genişlənməsinə mühüm şərait yaradır ki, bu da öz növbəsində sosial-iqtisadi layihələrin icrasını sürətləndirir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycanın bütün regionları inkişaf, tərəqqi dövrünü yaşayır, paytaxtla bölgələrimiz arasında fərq tamamilə aradan götürülüb. Hər bir bölgənin inkişafında yol infrastrukturunun rolunu nəzərə alsaq, bu gün bu fikri böyük əminliklə qeyd edə bilərik ki, yol-nəqliyyat sistemimiz beynəlxalq standartlara cavab verir. Yol infrastrukturunun təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Ölkəmiz bu mövqeyini düşünülmüş siyasət, gələcəyə hesablanmış strategiya və zamanın, dövrün tələblərinə uyğun olaraq həyata keçirilən islahatlar, yeni iqtisadi və sosial layihələrin icra edilməsi nəticəsində qazanıb.

Neft gəlirlərinin istifadəsində şəffaflığın yüksək səviyyədə təmin olunması qeyri-neft sektorunun inkişafına geniş yol açdı. Regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində yol-nəqliyyat kompleksinin müasir infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilir, Prezident tərəfindən Fərman və sərəncamlar imzalanır. İmzalanan sənədlərə uyğun olaraq çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunmuş və olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, ən ucqar kənd yolları belə müasir standartlara uyğun qurulub. Bu yollar həm insanların rahatlığını təmin edir, həm də ölkə iqtisadiyyatının hərtərəfli inkişafında mühüm rol oynayır. Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ölkənin geosiyasi maraqlarına, malik olduğumuz enerji resurslarının səmərəli istifadəsinə yol açan enerji layihələrinin uğurlu icrasına, qeyri-neft sektorunun hərtərəfli inkişafına, ərzaq, enerji və nəqliyyat təhlükəsizliyinin təminatına xidmət edib və bundan sonra da edəcək.

Bu gün Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatı hər zaman önə çəkilir. Belə ki, bu hesabata əsasən, ölkəmiz avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Dəmir yollarının səmərəliliyinə görə dünyada 11-ci, hava nəqliyyatının səmərəliliyinə görə isə 12-ci yerdəyik. Bu yüksək yerləri əldə etmək böyük səylər, düşünülmüş siyasət tələb edirdi. Nəqliyyat infrastrukturuna qoyulan vəsait yeni vəziyyət yaradıb. «Nəqliyyat sahəsinə qoyulmuş vəsait bu gün ölkəmizin iqtisadi, xüsusilə qeyri-neft sektorunun inkişafına da müsbət təsir göstərir» söyləyən Prezident İlham Əliyev bildirir ki, yol olmayan yerdə inkişaf da olmur. Yol olmayan yerdə fermer öz məhsulunu bazara çatdıra bilmir. Dəmir yolları olmayan yerdə heç bir tranzit imkanından söhbət gedə bilməz. Ona görə biz, ilk növbədə, ölkə daxilində infrastrukturu tamamilə yenidən qurduq. Eyni zamanda, ölkəmiz üçün çox vacib olan və uzunmüddətli inkişaf strategiyamıza uyğun olan tranzit imkanları da yaratmışıq.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması prioritet olsa da digər regionlarımızın da dayanıqlı inkişafının təmin edilməsi üçün davamlı addımlar atılır. İşğaldan azad edilmiş ərazilərimizdə də bərpa işlərinə yol infrastrukturunun yenilənməsindən başlanıldı. Diqqət yetirsək görərik ki, yeni avtomobil yolları tikildi. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Füzuli və Zəngilan Beynəlxalq Hava limanları istifadəyə verilib. Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi isə 2024-cü ilin sonu 2025-ci ilin əvvəli üçün nəzərdə tutulur.

Cənab İlham Əliyevin bölgələrimizə hər səfərindən sonra həmin rayonun sosial-iqtisadi inkişafına dair imzalanan Tədbirlər Planına uyğun olaraq Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlərin yönəldiyi sahələrdən biri yol infrastrukturudur.

Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət bu reallığı yaratmışdır. Bu gün nəqliyyat sektorumuz həm müasirliyi ilə seçilir, həm də ölkə qarşısında duran vəzifələri icra etməyə imkan verir. Eyni zamanda, bu sahəyə qoyulan milyardlarla dollar səviyyəsində sərmayələr artıq bizim qeyri-neft iqtisadiyyatımıza öz müsbət təsirini göstərir. Dövlətimizin başçısı İlham Əliyev onu da bildirir ki, nəqliyyat sektoruna qoyulan sərmayələr 1-2 ilə, hətta 5-10 ilə geri qayıdan sərmayələr deyil. Bu, uzunmüddətli sərmayədir. Bu sərmayələr insanların rahatlığına və ölkənin uzunmüddətli dayanıqlı inkişafına nail olmaq üçün qoyulub. Ölkəmizin bugünkü reallıqları fonunda bu fikri də böyük inamla qeyd edə bilərik ki, qlobal çağırışların, yüksək rəqabət gücünə malik, bazar münasibətlərinə əsaslanan dayanıqlı iqtisadiyyatın inkişafını, idarəetmə strukturlarının yeni, müasir modellər əsasında formalaşmasını, qeyri-neft sektorunun genişləndirilməsini, nəqliyyat, tranzit və logistika infrastrukturunun, insan kapitalının təkmilləşdirilməsini, sosial-müdafiə sisteminin gücləndirilməsinı şərtləndirən amillərin əks olunduğu «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in uğurlu icrası Qarbağlı və Şərqi Zəngəzurlu Azərbaycan üçün davamlı uğurlar vəd edir. Qarşıdakı illərdə həyatımızın bütün sahələrinə bələdçilik edəcək sənəddə qüdrətli dövlət, yüksək rifah cəmiyyətinin inkişafı naminə müəyyənləşdirilən vəzifələr elmi cəhətdən təhlil edilir. İşğaldan azad edilmiş ərazilərin bərpası, erməni vandalları tərəfindən dağıdılmış yaşayış məskənlərinin müasir şəhərsalma qaydalarına uyğun görkəmə salınması, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqla, nəzərdə tutulan vəzifələrin həlli Azərbaycanın inkişafına böyük təkan verəcək. Şərqlə Qərb arasında körpü olan Azərbaycanın sivilizasiyalararası dialoq mərkəzinə çevrilməsi üçün yeni istiqamətlər artıq bəllidir. Sənəddə qeyd olunduğu kimi, mərhələlər üzrə həyata keçiriləcək vəzifələr 2030-cu ilə qədər Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə, qüdrətli dövlətə çevrilməsinə etibarlı zəmanətdir. Azərbaycanın dövlət büdcəsinin sosialyönümlü olması nəzərə alınmaqla müəyyənləşdirilən prioritetlərdə ölkə vətəndaşlarının rifah səviyyəsinin artırılmasına, yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə əsaslanan yeniliklərə xüsusi diqqət yetirilir. Hazırda dövlətimizin qarşısında duran ən mühüm məsələ işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin olunmasıdır. Dövlət başçısı İlham Əliyev 31 Deakabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində 2023-cü ildə soydaşlarımızın qayıdış ünvanlarını açıqlamaqla yanaşı, 2024-cü il üçün müjdəni də verdi. Bu il Xankəndi və Xocalı əzəli sakinlərinə qovuşacaq.

Təhlillər belə bir ümumiləşdirməyə əsas verir ki, 2023-cü ilin nailiyyətləri 2024-cü ili də uğurla başa çatdıracağımıza əminlik yaradır. Bunu beynəlxalq maliyyə qurumlarının proqnozları da təsdiqləyir. Belə ki, Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu açıqladı. Onu da qeyd edək ki, Azərbaycan Dünya Bankının hesabatlarında ən islahatçı ölkələr sırasında qərarlaşıb. Qarşıdakı dövrün proqnozlarına görə, Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalının 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə 2,5 faiz artacağını proqnozlaşdırıb. Bu isə Bankın ötən ilin iyun proqnozu ilə müqayisədə 0,1 faiz bəndi azdır. Dünya Bankı, həmçinin 2023-cü ildə Azərbaycanda iqtisadi artımın 1,5 faiz təşkil etdiyini açıqladı. Bundan əvvəl BMT 2024-cü il üzrə Azərbaycanda ÜDM-in 2,6 faiz, 2025-ci ildə isə 2,8 faiz səviyyəsində artacağını proqnozlaşdırdı. Dövlət Statistika Komitəsinin açıqladığı son göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8 faiz, inflyasiya isə 9,4 faiz təşkil edib.

İqtisadi tərəqqi güclü sosial siyasətlə tamamlanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsində əsas amillərdən biri də özünüməşğulluq probleminin həllidir. Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı açıqlandı. Belə ki, 2023-cü ildə 17 362 nəfər özünüməşğulluq proqramına, 9518 nəfər peşə hazırlığına cəlb edilib, 281 539 nəfərə isə peşəyönümü məsləhət xidməti göstərilib.

Azad edilmiş ərazilərə köç edənlərdən 1138 nəfərinin məşğulluğu təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən 250-dən çox işəgötürənlə əlaqələr qurulub, 70-dək işəgötürənin kadr ehtiyaclarının ödənilməsinə dəstək göstərilib, 2 işəgötürənin əməkdaşlarının əməkhaqları birgə maliyyələşdirilib. Həmçinin bu statistik rəqəm də açıqlanır ki, postmüharibə dövründə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 20 596 şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 10 354 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Cari ildə pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir. İndeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək.

Göründüyü kimi, ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi güclü sosial siyasəti şərtləndirir. Azərbaycanın sosial dövlət imicinə yeni-yeni əlavələr edilir.

Yeganə Əliyeva, «İki sahil»