16 yanvar 2024 13:51
232

Neft Fondu “AAA” reytinqli investisiya alətlərinə investisiyaları azaldıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 31.12.2023 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.

“İki sahil”in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 68,1% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.12.2022 tarixinə - 73,7%) ilə 5,6 faiz bəndi azdır.

Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 16,6%-i "AA" reytinqli, 8,6%-i "A" reytinqli, 6,5%-i "BBB" reytinqli, 0,2%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.

Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 24%-i 0-1 il (31.12.2022 tarixinə - 22,5%), 26%-i 1-3 il, 22,4%-i 3-5 il, 27,6%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.

Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 065,44 mln. dollara çatıb.