20 yanvar 2024 00:58
468

Azərbaycan həqiqətlərinin qlobal səviyyədə etirafı

COP29-a ev sahibliyi ölkəmizin beynəlxalq  nüfuzunun növbəti təsdiqidir

Bu ilin sonunda Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Bəs belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi Azərbaycana nə verəcək?

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ölkəmizin COP29-a ev sahibliyi hüququ qazanmasından məmnunluğunu ifadə edərək bildirib: “COP29-la bağlı hadisələrin gedişatını indi hər kəs bilir və yenə də deyə bilərəm, tam səmimiyyətlə deyə bilərəm ki, bizim çox dəqiq və düşünülmüş diplomatik addımlarımız nəticəsində bu mötəbər tədbiri Azərbaycanda keçirmək üçün imkan əldə etdik. Bilirsiniz ki, COP30-un ev sahibi bəlli olsa da - Braziliya, COP29-un ev sahibi son günlərə qədər bəlli deyildi. Xüsusilə son həftələr ərzində, hətta COP konfransı Dubayda başlayandan sonra da hələ aktiv diplomatik təmaslar davam edirdi və biz burada da istədiyimizə nail olduq”.

Azərbaycan qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu sırada “Eurovision - 2012” mahnı müsabiqəsini, Birinci Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını xatırlaya bilərik. Ötən il, həmçinin ölkəmizdə Beynəlxalq Astronavtika Konqresi böyük müvəffəqiyyətlə baş tutub. Çünki yüksək inkişaf göstəricilərinə nail olan respublikamız belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malikdir. Həmçinin Azərbaycanın təhlükəsizlik baxımından sabit ölkə kimi fəqlənməsi bütün dünya ictimaiyyətinə yaxşı məlumdur.

Respublikamız 2024-cü ildə dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi üçün seçilməsi Azərbaycan Prezidentinin  beynəlxalq aləmdə getdikcə artan nüfuzunun növbəti göstəricisidir. Bu, 2019-2023-cü illər ərzində Qoşulmama Hərəkatına dördillik sədrliyimizdən və 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasına ikiliik qeyri-daimi üzvlüyümüzdən sonra xarici siyasətimizin ən böyük uğuru kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində COP29-un ölkəmizin imkanlarının təqdimatı baxımından mühüm hadisəyə çevriləcəyinə diqqət çəkərək bildirib: “...Qonaqların sayına görə bu, ən böyük tədbirdir, yəni, Dubayda təqribən 70-75 min xarici qonaq var idi və bütün başqa amillərlə yanaşı, bu qədər qonağı qarşılamaq, şərait yaratmaq, bütün təşkilati məsələləri həll etmək böyük potensialdan xəbər verir. Yəni bu, ölkəmizin imkanlarının növbəti nümayişidir”.

COP29-a ev sahibliyi hüququnun qazanılması həm də ölkəmizin “yaşıl” gündəliyə münasibətinin ifadəsidir. Məlum olduğu kimi, son illər Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilib. Bu da təsadüfi deyil. Çünki dünyada neft-qaz ölkəsi kimi tanınan Azərbaycan Avropa İttifaqının prioritet elan etdiyi “yaşıl keçid” platformasının reallaşmasına da mühüm töhfələr verməyə çalışır. Heç şübhəsiz, bu da ölkəmizə olan inamı bir qədər də artırır. Elə COP29 kimi böyük bir tədbirə ev sahibliyinin Azərbaycana həvalə olunması da məhz bu inamdan irəli gəlir.

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılmasından ibarətdir. Bundan başqa, erməni faşizminin işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları dövlətimizin başçısı tərəfindən “Yaşıl enerji” zonası elan edilib. Eyni zamanda, həmin ərazilərin dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, “ağıllı” şəhərlər, “ağıllı” kəndlər kimi innovativ yanaşmalara əsaslanmaqla və minlərlə hektar sahədə meşələri bərpa etməklə 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının bu il ölkəmizdə keçirilməsinin siyasi əhəmiyyəti kifayət qədər böyükdür. Bu, bütün dünya ictimaiyyətinin Azərbaycana öz dəstəyini ifadə etdiyini bir daha təsdiqləyir. Bakıda COP29 konfransının keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olub. Yəni, burada yekdil mövqe ortaya qoyulub. Bütün bunlar o anlama gəlir ki, Azərbaycanın ölkə daxilində və regionda yaratdığı yeni reallıqlar BMT səviyyəsində qəbul olunur.

Azərbaycan COP29-a ev sahibliyi etmək şərəfinə nail olduqdan sonra ənənəvi azərbaycanafob dairələr yenə də ölkəmizin bu möhtəşəm uğuruna qərəzli münasibət sərgiləməyə başladılar. Xüsusilə Fransa Azərbaycanın bu uğurunu indi də həzm edə bilmir. COP29-a ev sahibliyimiz bu ermənipərəst ölkəni ciddi narahat edir. Belə qərəzli, çirkin kampaniyaların isə heç bir əsası yoxdur. Bütün dünyaya məlumdur ki,  Azərbaycan öz ərazilərinin 20 faizini Ermənistanın işğalından azad etməklə tarixi ədaləti beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə təmin edib. Buna görə də Cənubi Qafqazda yaranmış yeni reallığın müəllifi məhz rəsmi Bakıdır. COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı qəbul olunmuş qərar da həqiqətlərin qlobal səviyyədə etirafıdır.

Nigar Orucova, “İki sahil”