09 fevral 2024 00:11
321

Paytaxtda orta aylıq nominal əməkhaqqı 1169,3 manat olub

Sənayenin inkişafı haqqında

2023-cü ilin yanvar-dekabr aylarında  sənayedə istehsal olunmuş  malların və göstərilmiş xidmətlərin həcmi  56,1 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 78,8 faizi mədənçıxarma, 18,2  faizi emal, 2,1  faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun  payı 86,6 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 91,4 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 8,6 faiz təşkil  etmişdir.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  01 yanvar 2024-cü il vəziyyətinə 442,0 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 63,0 milyon manat məbləğində digər məhsullar da  mövcud olmuşdur.

Tikintinin əsas göstəriciləri

2023-cü ilin yanvar-dekabr aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 83,0 faizini tikinti, yenidənqurma və genişləndirmə, 6,7 faizini əsaslı təmir, 6,2 faizini cari təmir, 4,1 faizini isə sair tikinti işləri təşkil etmişdir.

Ümumi inşaat işlərinin 90,5 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.

Məhsul bazarı haqqında

2023-cü ilin yanvar-dekabr aylarında ticarət dövriyyəsinin həcmi  2022-ci ilin yanvar-dekabr ayları ilə müqayisədə 7,6 faiz artaraq 35572,9 milyon manat olmuşdur. Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz artaraq 20695,0 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 16,0 faiz artaraq 14877,9 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 31,7 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 56,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 12,0 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

İctimai iaşə

2023-cü ildə ictimai iaşə dövriyyəsinin həcmi  2022-ci illə müqayisədə real ifadədə 18,7 faiz artaraq 1451,6 milyon manat olmuşdur. Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci illə müqayisədə 14,1 faiz artaraq 787,5 milyon manat olmuşdur.

Ödənişli xidmətlər haqqında

2023-cü ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2022-ci illə müqayisədə real ifadədə 17,4 faiz artaraq 7348,6 milyon manat olmuşdur. Hüquqi şəxslər tərəfindən əhaliyə 5507,8 milyon manatlıq xidmət göstərilmişdir ki, bu da xidmətlərin ümumi dəyərinin 75,0 faizini təşkil etmişdir.      

Əməkhaqqı

2023-cü ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artaraq 1169,3 manat təşkil etmişdir.

Bakı Şəhər Statistika İdarəsi