14 fevral 2024 01:35
532

Hindlilər niyə həm çox, həm də tünd sarı rəngdə qızıl taxırlar?

Milli geyimli qadın və kişilərin olduğu Hindistandan olan kadrlarda həmişə çoxlu qızıl olur. Bu ölkənin bəzi sakinləri üzərlərinə sanki yolka kimi qiymətli metaldan hazırlanmış bəzəklər asırlar. Bu məhsulların çox qeyri-adi, tünd sarı rəngdə olması səbəbindən bəzi insanlar hətta qızılın həqiqi olmasına şübhə edirlər. Bəs əslində hind zərgərlik məhsulları ilə bağlı faktiki vəziyyət necədir?

Hindistan hər il öz ehtiyacları üçün təxminən 700 ton qızıl istehlak edir. Qızılın hamısı zərgərlik və dəbdəbəli əşyalara getmir – daha böyük hissəsi elektron hissələrə, elmi avadanlıq elementlərinə və digər vacib ehtiyaclara sərf olunur. Qızıl istehlakına görə Hindistan dünyada yalnız qonşusu Çindən sonra ikinci yerdədir.

Ölkənin şərti “qızıl ehtiyatlarına” gəlincə, istehsalda iştirak etməyən sarı metalın böyük hissəsi ölkə sakinlərinin, daha doğrusu, əhalinin onu ödəyə bilən kiçik bir hissəsinin əlinə keçir. Amma hindliləri ən çox filmlərdə gördüyümüz üçün deyirik ki, deyəsən, hind qadınları evdən üzərlərində bir kiloqram qızıl olmadan bayıra çıxmırlar.

Hind qadınları dünyanın ən "zərli" qadınlarıdır, çünki hindu ənənələrinə görə qızıl xoşbəxtlik, firavanlıq və tanrıların lütfünü insanın həyatına gətirir. Orada heç kim buna şübhə etmir. Bu ölkədə qızıl əşyalar ən populyar və arzu olunan hədiyyədir - zəngin cütlüklərin toylarında qızıl kiloqramla verilə bilər.

Hindistan digər ölkələrdən qiymətli metalların idxalına görə dünyada dördüncü yerdədir. Statistikaya görə, 2019-cu ildə Hindistan 32,1 milyard dollar dəyərində qızıl alıb. Bu, ölkənin özündə ildə cəmi 2-3 ton qızıl hasil etməsi ilə bağlıdır. Bunun nə qədər az olduğunu başa düşmək üçün bilmək kifayətdir ki, dünya bazarının liderləri hər il 300-500 ton hasil edirlər.

Ölkə bu problem üzərində işləyir - 2020-ci ildə ölkənin əyalətlərindən birində ehtiyatları ölkənin dövlət anbarlarında yerləşən qızılın həcmindən 3 dəfə çox olan perspektivli bir yataq aşkar edilib. Tamamilə mümkündür ki, vəziyyət tezliklə dəyişsin və belə olarsa Hindistan xaricdən alışa daha az xərcləməyə başlayacaq, lakin bunun üçün hələ çox işlər görülməlidir.

Hindistanın öz qızılının çox az olmasına baxmayaraq, onun sakinləri planetdəki bütün qızılın 9-11%-nə sahibdirlər. Ölkədə hökm sürən qiymətli metala pərəstiş ona gətirib çıxarır ki, hətta yoxsulluq həddinə yaxın yaşayan hindular belə pul yığmağa və ən azı kiçik bir qızıl əşya almağa çalışırlar. Hindistan məbədlərinə gəlincə, ən sadə hesablamalara görə, orada 4000 tona qədər qızıl toplanıb.

Qızıl təkcə xoşbəxtlik və firavanlıq simvolu deyil, həm də ölkənin ən sərt valyutasıdır. Zərgərlik məmulatları və qızıl külçələr zəngin ailələrdə gələcək üçün əmanət, həmçinin övlad toyları üçün cehiz kimi saxlanılır. Bu cür investisiyaların populyarlığına Hindistanda fiziki şəxslər tərəfindən qızılın alınmasının vergiyə cəlb edilməməsi və hökumətə hər hansı hesabat tələb olunmaması kömək edir.

Bəs hind qızılı niyə belə parlaq sarıdır? Bu, onun keyfiyyətinin aşağı olmasından irəli gəlirmi? Az miqdarda metal hasil edən, lakin yüzlərlə ton istifadə edən bir ölkədə bu, tamamilə məntiqli bir nəticə olardı. Lakin bu, belə deyil. Hindistanda qızıl tünd sari olsa da, yüksək standarta (958,23 karat) uyğundur. Özünə hörmət edən bir hindli üçün zəif qızıl heç də qızıl deyil - ölkədə yalnız qiymətli metalın maksimum miqdarı olan parlaq, günəş rəngli bir ərintiyə üstünlük verilir.

Nubar Süleymanova, “İki sahil”