Son vaxtlar Azərbaycanda daşınmaz əmlak sektorunun iqtisadiyyata təsiri ilə bağlı müxtəlif yanaşmalar səsləndirilsə də, bəzi ekspertlər bu sahəni potensial risk mənbəyi deyil, əksinə, strateji inkişaf fürsəti kimi dəyərləndirirlər.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin üzvü, əmlak məsələləri üzrə ekspert, marketoloq Firdovsi Xəlilovun təhlilinə əsasən, düzgün tənzimlənmiş siyasət alətləri vasitəsilə mənzil bazarı ölkəyə iri həcmli xarici kapital axınını təmin edə bilər.
Ekspert qeyd edir ki, hazırda Azərbaycan iqtisadiyyatında artım tempinin zəifləməsi müşahidə olunur. Belə ki, rəsmi göstəricilərə əsasən, cari ilin birinci rübündə iqtisadi aktivlik 0,3 faiz azalıb. Ümumilikdə isə 2,3 faizdən aşağı artım tempi iqtisadi tənəzzül riski kimi qiymətləndirilir. Bu şəraitdə əlavə stimullaşdırıcı mexanizmlərin tətbiqi zəruri hesab olunur və daşınmaz əmlak sektoru bu baxımdan ön plana çıxır.

F.Xəlilov təhlildə vurğulayır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının açıqladığı məlumatlara əsasən, ölkədə mənzilin median qiyməti 250 min manat təşkil edir. Mövcud məzənnə ilə bu, təxminən 147 min ABŞ dollarına bərabərdir. Bu göstərici region ölkələri ilə müqayisədə orta-yüksək seqmentə uyğun gəlsə də, xarici investorlar üçün əlçatan qiymət intervalı kimi qiymətləndirilir.
Eyni zamanda, ölkədə daşınmaz əmlak bazarında fəaliyyət göstərən təxminən 14 min realtorun mövcud olduğu bildirilir. Lakin onların böyük hissəsinin qeyri-rəsmi fəaliyyət göstərməsi bazarda informasiya assimetriyasına, qiymətlərin qeyri-şəffaf formalaşmasına, vergi daxilolmalarının azalmasına və xidmət keyfiyyətində qeyri-sabitliyə səbəb olur. Bununla belə, ekspert hesab edir ki, bu potensial düzgün istiqamətləndirildiyi təqdirdə geniş və effektiv satış şəbəkəsinə çevrilə bilər.
F.Xəlilovun hesablamalarına görə, xarici vətəndaşlara yönəlik daşınmaz əmlak satışının illik 6 milyard ABŞ dollarına çatdırılması real iqtisadi sektor üçün ciddi impuls yarada bilər. Orta mənzil qiyməti nəzərə alındıqda, bu hədəf ildə təxminən 40–41 min mənzilin xarici bazara çıxarılması deməkdir.
Beynəlxalq təcrübəyə istinad edən ekspert bildirir ki, məsələn, Birləşmiş Ərəb Əmirliklərində yalnız bir il ərzində xarici investorlara yüz milyardlarla dollar həcmində daşınmaz əmlak satışı həyata keçirilir. Bu isə Azərbaycanın mövcud potensialının daha səmərəli istifadə olunması imkanlarını göstərir.
Makroiqtisadi baxımdan qeyd olunur ki, Azərbaycanın ümumi daxili məhsulu təxminən 75-80 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilir. Bu fonda 6 milyard dollarlıq əlavə daşınmaz əmlak satışı ÜDM-in 7,5-8 faizi həcmində əlavə iqtisadi dövriyyə yarada bilər. Multiplikativ təsir nəzərə alındıqda isə ümumi iqtisadi aktivlikdə artımın 12 milyard dollara, yəni təxminən 15 faizə qədər yüksəlməsi ehtimal olunur.
Ekspertin hesablamalarına əsasən, bu proses adambaşına düşən gəlirin də artmasına səbəb ola bilər. Belə ki, hazırda təxminən 7 500 ABŞ dolları səviyyəsində qiymətləndirilən göstərici birbaşa təsir nəticəsində 600 dollar, ümumi təsir çərçivəsində isə 1 200 dollaradək arta bilər. Nəticədə orta müddətdə adambaşına gəlirin 8100-8700 dollar intervalına yüksəlməsi mümkündür.

Siyasət təklifləri sırasında birinci əl mənzil bazarına fokuslanma xüsusi vurğulanır. Bu yanaşmanın tikinti sektorunu stimullaşdıracağı, əlavə iş yerləri yaradacağı və real iqtisadi artıma töhfə verəcəyi qeyd olunur. Bundan əlavə, müəyyən dəyər həddini aşan daşınmaz əmlak alan xarici vətəndaşlara yaşayış və sadələşdirilmiş iş icazəsinin verilməsi təklif edilir.
Eyni zamanda, ƏDV üzrə təşviq mexanizmlərinin tətbiqi, müstəqil qiymətləndirmə institutunun gücləndirilməsi və bank-sığorta sistemləri ilə inteqrasiyanın genişləndirilməsi kimi tədbirlərin maliyyə sabitliyinə müsbət təsir göstərəcəyi bildirilir.
Tikinti sektorunda multiplikator effektinə toxunan ekspert qeyd edir ki, bu sahədə hər 1 dollar investisiya ümumilikdə 1,8–2,5 dollar iqtisadi təsir yaradır. Bu isə 6 milyard dollarlıq investisiyanın ümumi təsirinin 12 milyard dollara çatması deməkdir. Həmçinin beynəlxalq təcrübəyə əsasən, hər 1 milyon dollar investisiya 8–12 yeni iş yerinin yaradılmasına səbəb olur ki, bu da ümumilikdə 48–72 min arası məşğulluq imkanı deməkdir.
Bununla yanaşı, daşınmaz əmlak alan xarici vətəndaşların bir hissəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olacağı ehtimalı əlavə iqtisadi aktivlik yaradacaq. Hesablamalara görə, bu göstərici on minlərlə yeni iş yerinin açılması ilə nəticələnə bilər.
Belə bir məqamda qeyd olunur ki, Azərbaycanda mövcud mənzil qiymətləri və geniş realtor şəbəkəsi xarici investisiyaların cəlbi üçün əlverişli baza yaradır. Düzgün hüquqi və fiskal mexanizmlər tətbiq ediləcəyi təqdirdə, daşınmaz əmlak sektoru qeyri-neft iqtisadiyyatının əsas inkişaf drayverlərindən birinə çevrilə bilər.
Orxan Vahidoğlu, “İki sahil”
ADY sədri DYƏT ölkələrinin dəmir yolu rəhbərlərinin növbəti iclasında iştirak edib
Nazir Rəşad Nəbiyev Çinin Dövlət İnternet İnformasiya Ofisinin naziri ilə görüşüb