Son günlər bəzi banklar və valyuta dəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əskinaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əskinasların dövriyyədə olması göstərilir. Hətta bankların əksər bankomatlarında da “cash in” vasitəsi ilə həmin əskinasları plastik kartlara mədaxil etmək mümkün olmur.
Söhbət daha çox 100 dollarlıq əskinaslardan gedir. Xatırladaq ki, 2013-cü il oktyabrın 8-də ABŞ-da yeni 100 dollarlıq əskinaslar dövriyyəyə buraxılıb. Məqsəd dolların saxtalaşdırılmasının qarşısını almaq üçün yeni təhlükəszilik elemenetlərindən istifadə etmək idi. Mavi rəngin daxil edildiyi yeni əskinasda mis rəngli mürəkkəb qabı da qeyd olunur.
Yeni əskinasların dövriyyədə olması heç də nisbətən köhnələrin yararsız olması anlamına gəlmir. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) məhz köhnə əskinasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib. Təəssüf ki, bu tip hallarda əksər Azərbaycan bankları daha çox gəlir əldə etməyə çalışırlar. Yəni “köhnə dollarlar” əksər banklar üçün yeni və asan gəlir mənbəyinə çevrilib. Xatırladaq ki, bir müddət öncə 500 avro əskinasın emissiyası dayandırılanda da oxşar problem müşahidə olundu. Hələ də həmin əskinaslar aşağı məzənnə ilə qəbul olunur. Maraqlıdır ki, köhnə dolları qəbul etməyən banklar çox asanlıqla həmin pulları müştərilərə təqdim edirlər.
ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi olmasa da belə bu məsələdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir. Mərkəzi Bankın valyuta bazarında və eləcə də valyuta mübadiləsi ilə bağlı istənilən ictimai əhəmiyyət daşıyan məsələlərə çevik reaksiyası çox önəmlidir.Unutmayaq ki, bu gün banklarda olan depozitlərin 14 milyard 721 milyon manatı xarici valyutadadır və böyük əksəriyyəti də ABŞ dolları ilə saxlanılır. Deməli, söhbət heç də kiçik dövriyyədən getmir.
Milli valyutada problemli kreditlərin həcmi artıb
Son günlər həmçinin vətəndaşların banklara olan kredit borcları ilə bağlı məsələlər də gündəmə gəlir. Son aylar cəmi və eləcə də xarici valyutada olan kreditlərdə vaxtı keçmiş kreditlərin həcminin azalmasına baxmayaraq milli valyutada problemli kreditlərin həcmi artıb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub. Həmin müddətdə 7.9 milyon manat azalma qeydə alınıb. Bununla belə, milli valyutada olan kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda 324 milyon manatdan 329.3 milyon manatadək yüksəlib. Son rəqəm eyni zamanda illik yekun olub. Bu, o deməkdir ki, milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə 5.3 milyon manat artıb.
Milli valyutada vaxtı keçmiş kreditlərin həcminin artması hələ də bir sıra banklar tərəfindən vətəndaşların ödəmə qabiliyyəti və eləcə də potensial risklər tam nəzərə alınmadan kreditləşməyə getməsi ilə bağlıdır. Bank kreditləşməsində son dövrlər şəffaflıq güclənsə də, risklərin idarəedilməsi mexanizmdə hələ də problemlər mövcuddur.
Kredit faizlərinin yüksək olması da milli valyutada vaxtı keçmiş kreditlərin həcminə təsir göstərir. Yüksək faizlə borclanma daha sonra kredit öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaradır. Bu isə kreditlərin faiz dərəcələrinin optimallaşdırılmasını bir daha prioritetləşdirir. Bütün hallarda sabit məzənnə kontekstində milli valyuta üzrə vaxtı keçmiş kreditlərin həcminin artması arzuolunan deyil. Bu, o deməkdir ki, kreditərin valyuta və eləcə də müddət növünə görə də xüsusi yanaşma və standartların tətbiqinə ehtiyac var.
Cavid Əkbərov, “İki sahil”