22 fevral 2024 11:59
686

Türkiyənin gücünə güc qatacaq - "KAAN"

Türkiyə tarixinin ən önəmli layihələrindən biri olan “KAAN” qırıcı təyyarəsi dünən ilk dəfə səmada uçuş həyata keçirib. Bununla da, Türkiyə bu tipli qırıcı təyyarə istehsal edə bilən 5 dövlətdən biri olacaq. 11 dəqiqə davam edən ilk test uçuşunu pilot Barbaros Demirbaş reallaşdırıb. Hər şey uğurla gedərsə 2028-ci ildə “KAAN”-nın seriya istehsalına başlanılacaq.

“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, yeni nəsil texnologiyalar əsasında hazırlanan “KAAN” radarlara görünmədən düşmən hədəflərini məhv edəcək. Təyyarədə yüzlərlə kilometr uzaq məsafədə yerləşən düşmən hədəflərini eyni anda təqib edə bilən yerli istehsal alan AESA radar sisteminin olması nəzərdə tutulub. “KAAN” yeni nəsil silahlarla havadan-havaya, eyni zamanda, supersonik silahlarla təchiz ediləcək. Süni intellekt dəstəyi ilə gücləndiriləcək “KAAN” dünyada ən güclü qırıcılardan biri olacaq.

Türkiyə ordusunun keçmiş kəşfiyyat rəisi İsmayıl Hakkı Pekin yerli mediaya açıqlamasında bildirib ki, “KAAN”nın ABŞ istehsalı olan son model F-35-dən  bir sıra üstünlükləri var. İkisi də yeni nəsil texnologiyaya sahib olsa da “KAAN” F-35-dən daha çox mərmi daşıya bilir. Yerli istehsal olan “Gökdoğan” və “Bozdoğan” raketləri ilə təchiz ediləcək “KAAN” iki motorlu olmaqla yanaşı manevr etmə qabiliyyəti yüksəkdir.

Nüsrət Məmmədov, "İki sahil"