Əməliyyatdan sonra səssizliyini uzun müddət pozmayan və haqqında bir çox şayiələr yayılan Uels şahzadəsi Keyt Midltonun paylaşılan fotosu gəzən söz-söhbəti sakitləşdirmək əvəzinə, onları daha da gücləndirdi.
“İki sahil” CNN TÜRK-ə istinadla xəbər verir ki, bir müddətdir səhhəti ilə bağlı müxtəlif dedi-qodular irəli sürülən Uels şahzadəsi Keyt Middltonun fotosunu paylaşmaqla onun haqqında yayılan söz-söhbətlərə son qoyulması hədəflənmişdi. Lakin gözlənilən baş vermədi.
Bazar günü səhər kral ailəsinin paylaşdığı fotoşəkil agentliklər tərəfindən abunəçilərinə təqdim edildi.
Lakin bir neçə saat sonra Associated Press, AFP və Getty kimi agentliklər fotoların üzərində “oynanıldığını” əsas gətirərək onları sistemlərindən sildilər və bu haqda abunəçilərə məlumat göndərdilər.
Associated Press agentliyi İngiltərədə “Analar Günü” münasibəti ilə paylaşılan foto ilə bağlı məlumat paylaşarkən bildirib ki, fotonu araşdırdıqları zaman onun “oynanmışa” bənzədiyini anlayıblar. Agentlik Keyt Midltonun sol əlinin görünüşündə də uyğunsuzluq olduğunu vurğulayıb.
Xatırladaq ki, 42 yaşlı Uels şahzadəsi yanvar ayında qarın əməliyyatından sonra 13 gün xəstəxanada qalıb. Bukinqem Sarayı onun səhhəti ilə bağlı çox az məlumat paylaşıb. Bu da söz-söhbətlərə səbəb oldu.
Şəkili geri götürməyən ölkənin ən böyük agentliyi olan AP Media isə Bukinqem Sarayından mövzu ilə bağlı açıqlama istədiklərini bildiriblər.
Ümumiyyətlə, agentliklərə üzərində “oynanmış” fotoşəkilləri paylaşmaq qadağası qoyulub. Məsələn, AP kamera sensorunda tozun buraxdığı izləri düzəltmək kimi yalnız kiçik dəyişikliklərə icazə verir.
Günel Cəlilova, "İki sahil"