14 mart 2024 23:54
551

Sevdalandığı Vətən adlı sevgisinə qovuşan Vüsal... FOTO

Lənkəran rayonu, Yuxarı  Nüvədi kəndində dünyaya göz açan Vüsal Kazımov  44 günlük haqq savaşımızda canını  Vətəninə, millətinə fəda etməklə 29 yaşında şəhidlik zirvəsinə ucalıb. Belə bir müqəddəsliyə qovuşmaq  ən böyük  şərəf və qürurdur. Məhz  bu səbəbdən Lənkəranın qəhrəman oğlu  şəhid baş-leytenant Vüsal Kazımov  mənan yaşayır,  sevdalandığı Vətən adlı sevgisi ilə bizdən çox-çox ucada durur. Xalq heç vaxt öz oğlunu unutmur, həmişə onu ehtiramla xatırlayır.

Həm də Vüsal  mənəvi təmələ, pak niyyət  və arzulara tapınmış bir ailədə tərbiyə alıb.  Həyat eşqi, Vətənə sevgi, insanların kamil, xoşbəxt yaşaması üçün mehr-məhəbbət ailənin kökündən gəlmədir.  Vüsalın anası doğma kənd məktəbində gənc nəslin təlim-tərbiyəsi ilə məşğul  olur,  atası professor Kamran Kazımov  Astara Pedaqoji Kollecin direktordur.

Bu günlər YAP Astara rayon təşkilatın sədri Həbib Cəfərov,  Astara Pedaqoji  Kollecinin kollektivi, Astara şəhər 1 saylı məktəbin direktoru Xədicə Əliyeva qəhrəman şəhidin ata ocağında  olublar.  Söhbət əsasında bildirilib ki, torpaq qeyrətli oğulların çiynində  Vətən olur. Fəqət, Vüsal heç vaxt   əzəli yurd yerimiz Qarabağın  yağı tapdağına çevrilməsinə  dözməzdi.  Məqamı gələn adda  Azərbaycanımızın  harayına  səs verib,   30 il əsir düşən  Vətən  torpaqlarının azadlığı  uğrunda  son  nəfəsinə  qədər döyüşüb. Onun  qan tökdüyü torpaqlarda indi Azərbaycanın aylı-ulduzlu qələbə bayrağı dalğalanır. Vüsal kimi mərd oğul dünyaya bəxş etdiyiniz üçün sizin qarşınızda baş əyməyin özü belə şərəfdir. 

“Kamran müəllimi hələ uşaq vaxtlarımda tanıyıram, olduqca səmimi, təvazökar, Vətənə bağlı bir insandır. Oğlu şəhid Vüsal Kazımovu da Vətənə bağlı, elinə sədaqətli böyüdüb.” Bu səmimi fikirləri isə  YAP Astara Rayon Təşkilatın sədri Həbib Cəfərov söyləyib.

Daha sonra ziyarətçilər şəhid Vüsalın əbədi baş qoyduğu  müqəddəs torpağını  ziyarət edib və  məzarı üzərinə tər güllər düzüblər.  

Məlumat üçün qeyd edək ki, baş-leytenant  Vüsal Kazımov Vətən müharibəsində  Füzuli əməliyyatında, Cəbrayıl döyüşlərdə,  Xocavəndin, Şuşanın azadlığı uğrunda  sözün əsl mənasında erməni dığalarına qan qusdurub. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb.  Şuşada qızğın döyüşlərin  birində düşmən gülləsinə tuş gəlib. Əbədi könüllərə  köç edən qəhrəman Vüsal Kazımov  dövlət tərəfindən  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”  və digər medallarla  təltif edilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü