02 iyul 2026 16:19
96

Kamran Bayramov: Azərbaycan-Aİ münasibətləri strateji maraqlara və qarşılıqlı etimada əsaslanır

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər son illərdə dinamik inkişaf edərək strateji tərəfdaşlıq müstəvisinə yüksəlib. Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, enerji təhlükəsizliyi, nəqliyyat əlaqələri və regional sabitliyin beynəlxalq gündəmin əsas mövzularına çevrildiyi bir dövrdə Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bu baxımdan Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana işgüzar səfəri iki tərəf arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirən mühüm siyasi hadisədir. Səfər çərçivəsində Prezident İlham Əliyevlə keçirilən yüksək səviyyəli görüşlərdə enerji təhlükəsizliyi, yaşıl enerji, Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya, ticarət, investisiyalar və regional təhlükəsizlik məsələləri ətraflı müzakirə olunub. Tərəflər qarşılıqlı əməkdaşlığın yalnız mövcud istiqamətlərlə məhdudlaşmayacağını, iqtisadiyyatın və yüksək texnologiyaların yeni sahələrini də əhatə edəcəyini vurğulayıblar. Bu isə Azərbaycan–Avropa İttifaqı münasibətlərinin uzunmüddətli strateji maraqlara əsaslandığını bir daha təsdiqləyir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, birgə mətbuat konfransında Prezident İlham Əliyev Avropa Komissiyası ilə münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək bildirib ki, əməkdaşlıq son dövrdə xüsusi dinamika qazanıb və bu dinamizm tərəflərin qarşılıqlı siyasi iradəsini əks etdirir. Həqiqətən də, son illərdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər ənənəvi siyasi dialoq çərçivəsini aşaraq enerji, logistika, yaşıl keçid, rəqəmsal inkişaf və regional təhlükəsizlik kimi strateji istiqamətləri əhatə edən hərtərəfli əməkdaşlıq modelinə çevrilib. Prezident Antonio Koştanın, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın, ardınca isə Ursula fon der Lyayenin Bakıya səfərləri Avropa İttifaqının Azərbaycanı Cənubi Qafqazda əsas tərəfdaş kimi qiymətləndirdiyini və əlaqələrin daha da dərinləşdirilməsində maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir.


Deputat diqqətə çatdırıb ki, səfər zamanı Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Azərbaycanın Avropa İttifaqı üçün strateji əhəmiyyətə malik tərəfdaş olduğunu bir daha vurğuladı. O bildirdi ki, Aİ Azərbaycanla etibarlı, qarşılıqlı faydaya əsaslanan və uzunmüddətli əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Bu yanaşmanın əsasını, ilk növbədə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi mühüm töhfə təşkil edir. Bununla yanaşı, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı artıq yalnız enerji sektoru ilə məhdudlaşmır. Hazırda yaşıl enerji, rəqəmsal iqtisadiyyat, innovasiya, kibertəhlükəsizlik, nəqliyyat-logistika, investisiyalar və yüksək texnologiyalar ikitərəfli münasibətlərin yeni inkişaf istiqamətlərini təşkil edir. Bu, əməkdaşlığın daha geniş iqtisadi və texnoloji məzmun qazandığını, tərəflərin gələcəyə hesablanmış strateji hədəflər müəyyənləşdirdiyini göstərir. Azərbaycanın bərpaolunan enerji sahəsində malik olduğu potensial da Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır. Xəzər dənizinin zəngin külək enerjisi ehtiyatları, ölkədə həyata keçirilən iri həcmli günəş elektrik stansiyası layihələri və "Yaşıl Enerji Dəhlizi" təşəbbüsü Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi və yaşıl keçid strategiyası ilə tam uzlaşır. Bu istiqamətdə yeni investisiyaların cəlb edilməsi, qabaqcıl texnologiyaların tətbiqi və birgə layihələrin həyata keçirilməsi tərəflər arasında uzunmüddətli iqtisadi tərəfdaşlığın əsas sütunlarından biri kimi çıxış edir.

K.Bayramov əlavə edib ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana səfəri Bakı ilə Avropa İttifaqı arasında münasibətlərin yeni strateji mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Azərbaycan təkcə etibarlı enerji təchizatçısı və mühüm tranzit ölkəsi deyil, eyni zamanda Cənubi Qafqazda sabitliyin, qarşılıqlı əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviqinə töhfə verən məsuliyyətli tərəfdaş kimi qəbul olunur. Avropa İttifaqının Azərbaycanın sülh gündəliyinə verdiyi dəstək və əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsi tərəflər arasında qarşılıqlı etimadın daha da möhkəmləndiyini göstərir. Bu əməkdaşlığın ardıcıl inkişafı həm Azərbaycanın, həm də Avropa İttifaqının strateji maraqlarına xidmət etməklə yanaşı, Cənubi Qafqazda uzunmüddətli sülhün, dayanıqlı inkişafın və regional rifahın təmin olunmasına mühüm töhfə verəcək. Səfərin diqqətçəkən nəticələrindən biri də Avropa İttifaqının Orta Dəhlizin inkişafına verdiyi önəmin bir daha təsdiqlənməsi oldu. Avropa Komissiyası regionda nəqliyyat, enerji və rəqəmsal bağlantının gücləndirilməsi məqsədilə 200 milyon avroyadək maliyyə dəstəyi ayırmağa hazır olduğunu bəyan etdi. Bu təşəbbüs yalnız Cənubi Qafqaz ölkələri arasında iqtisadi inteqrasiyanın dərinləşməsinə deyil, eyni zamanda Avropa ilə Mərkəzi Asiyanı birləşdirən alternativ və etibarlı nəqliyyat marşrutunun daha da inkişafına mühüm töhfə verəcək.