14 oktyabr 2026 14:45
117

Azərbaycanın çoxşaxəli xarici siyasəti: Laosla əməkdaşlığın yeni üfüqləri

Dövlətlərarası münasibətlərin möhkəmliyi tarixi təcrübə, siyasi iradə və qarşılıqlı etimadla yanaşı, ortaq maraqların uzlaşdırılması və əməkdaşlığın konkret nəticələrlə zənginləşdirilməsi ilə müəyyən olunur. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində müxtəlif regionların dövlətləri ilə əlaqələrini genişləndirir, beynəlxalq əməkdaşlıq imkanlarından milli maraqlarının təmin olunması və yeni tərəfdaşlıqların qurulması istiqamətində səmərəli istifadə edir.

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri bu siyasətin mühüm təzahürlərindən biridir. Cənub-Şərqi Asiyada yerləşən Laos ilə ölkəmiz arasında münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq iradəsinə əsaslanır. Prezident İlham Əliyevin səfər çərçivəsində mətbuata verdiyi bəyanat isə ikitərəfli əlaqələrin mövcud vəziyyətini, iqtisadi və humanitar potensialını, eləcə də gələcək əməkdaşlığın əsas istiqamətlərini əks etdirən mühüm siyasi məzmun daşıyır.

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin qurulmasından ötən müddətdə qarşılıqlı hörmət və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa əsaslanan əlaqələr formalaşıb. Laos Prezidentinin Azərbaycana rəsmi səfəri münasibətlərin daha da möhkəmləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin vurğuladığı kimi, siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir. Parlamentlərarası dostluq qruplarının fəaliyyəti və siyasi partiyalar arasında əməkdaşlıq da bu münasibətlərin institusional əsaslarını gücləndirir.

Səfərin mühüm nəticələrindən biri Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında Birgə Bəyanatın qəbul edilməsi oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu sənəd gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Birgə Bəyanat iki dövlətin ortaq baxışlarını əks etdirməklə yanaşı, siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlığın sistemli şəkildə inkişafı üçün mühüm zəmin yaradır.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi səfər çərçivəsində diqqət yetirilən əsas məsələlərdən biri olub. Dövlətimizin başçısı mövcud ticarət dövriyyəsinin iki ölkənin potensialını tam əks etdirmədiyini vurğulayaraq əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd edib. Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu sahibkarlar arasında əlaqələrin qurulması, investisiya imkanlarının araşdırılması və yeni iqtisadi layihələrin müzakirəsi baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşunun ildən-ilə genişləndiyini bildirməsi ölkəmizin artan iqtisadi potensialını nümayiş etdirir. Azərbaycan beynəlxalq investisiya proseslərində fəal iştirak edən etibarlı tərəfdaş kimi Laosda qarşılıqlı maraq doğuran layihələri nəzərdən keçirməyə hazırdır. Bu yanaşma iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes dairələri arasında uzunmüddətli tərəfdaşlığın yaradılması və qarşılıqlı faydanın təmin olunması üçün yeni imkanlar açır.

Humanitar əməkdaşlığın mühüm istiqamətlərindən biri təhsil sahəsidir. Prezident İlham Əliyevin sovet dövründə çoxsaylı laoslu tələbələrin Azərbaycanda təhsil almasını xatırlatması xalqlarımız arasında əlaqələrin tarixi köklərini göstərir. Bu ənənənin bərpası və laoslu gənclərin ölkəmizdə təhsil almaları üçün təqaüd imkanlarının yaradılması ilə bağlı təşəbbüs elmi, mədəni və humanitar münasibətlərin inkişafına xidmət edə bilər.

Azərbaycan-Laos münasibətlərinin tarixi əsaslarından danışarkən Ümummilli Lider Heydər Əliyevin rolunu da qeyd etmək lazımdır. Laos Prezidenti Thonqlun Sisulit Ulu Öndərin Laosa səfərini və Laos Xalq İnqilabı Partiyasının qurultayında iştirakını xatırladaraq bu hadisənin ölkəsində xoş təəssüratlarla yadda qaldığını bildirib. Bu tarixi əlaqələrin Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində siyasi varisliyin və davamlılığın göstəricisidir.

Səfər zamanı müzakirə olunan mühüm məsələlərdən biri də mina təhlükəsi ilə mübarizə olub. Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində basdırılmış minaların yaratdığı ağır humanitar nəticələrə diqqət çəkərək çoxsaylı vətəndaşlarımızın mina partlayışları nəticəsində həlak olduğunu və ya yaralandığını vurğulayıb. Laos da keçmiş müharibələrin partlayıcı sursatlarla bağlı ağır nəticələrini yaşamaqdadır. Bu baxımdan təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislərin hazırlanması istiqamətində əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Mina təhlükəsinin aradan qaldırılması insanların həyat və sağlamlığının qorunması, təhlükəsiz yaşayışının təmin edilməsi və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı baxımından həyati əhəmiyyət kəsb edir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da ikitərəfli münasibətlərin perspektivli istiqamətlərindəndir. Prezident İlham Əliyevin bağlantılar və nəqliyyat məsələlərinin müzakirə olunduğunu bildirməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında artan rolunu ön plana çıxarır. Laosun regional dəmir yolu bağlantıları ilə Azərbaycanın müasir nəqliyyat-logistika infrastrukturu arasında mümkün əlaqələrin araşdırılması Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi üçün yeni imkanlar yarada bilər.

Energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının müzakirəsi də iqtisadi tərəfdaşlığın şaxələndirilməsinə yönəlib. Azərbaycanın enerji sektorunda qazandığı təcrübə və beynəlxalq layihələrdə iştirakı bu sahədə əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Səfər çərçivəsində kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin mübadiləsi isə əlaqələrin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə, rəsmi təmasların asanlaşdırılmasına xidmət edir.

Azərbaycan ilə Laos arasında əməkdaşlıq çoxtərəfli diplomatiya baxımından da əhəmiyyətlidir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəal iştirakı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəaliyyəti müxtəlif regionlar arasında dialoqun möhkəmləndirilməsinə töhfə verir. Laos Prezidentinin Bakıda keçiriləcək Zirvə görüşündə iştirakının nəzərdə tutulması da bu istiqamətdə əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır.

Laos Prezidentinin ölkəmizə səfəri zamanı Azərbaycanın inkişafı ilə bağlı səsləndirdiyi fikirlər də diqqətəlayiqdir. Thonqlun Sisulit ölkəmizdə baş verən dəyişiklikləri, Bakının müasir simasını və Azərbaycanın inkişafını yüksək qiymətləndirib. Bu fikirlər müstəqillik dövründə həyata keçirilən quruculuq siyasətinin və əldə olunan sosial-iqtisadi nailiyyətlərin beynəlxalq səviyyədə də maraq doğurduğunu göstərir.

Bütövlükdə, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana səfəri və Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat ikitərəfli münasibətlərin yeni perspektivlərini müəyyənləşdirən mühüm siyasi hadisədir. Qəbul edilən Birgə Bəyanat və imzalanan sənədlər siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, nəqliyyat bağlantılarının inkişafı və humanitar əlaqələrin gücləndirilməsi üçün əlverişli zəmin yaradır.

Prezident İlham Əliyevin Laosun Azərbaycan üçün dost ölkə olduğunu vurğulaması münasibətlərin qarşılıqlı etimada və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslandığını bir daha təsdiqləyir. Bu səfər Azərbaycanın müstəqil və praqmatik xarici siyasətinin, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin əhəmiyyətini nümayiş etdirir. Azərbaycan-Laos münasibətlərinin yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşdirilməsi hər iki ölkənin milli maraqlarına və qarşılıqlı tərəqqiyə xidmət edən mühüm perspektivlər açır.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri