22 mart 2024 09:30
620

Qərbin planı: Ermənistanı Ukrayna və Livanın taleyi gözləyir

NATO-nun baş katibi Yens Stoltenberq Ermənistana səfəri çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın ünvanına sərt açıqlamalar verərək Ukraynaya göstərdiyi dəstəyə görə Paşinyana təşəkkürünü bildirdi. Bu prosesin davamı olaraq isə aprelin 5-də Ermənistanın baş naziri Paşinyanla ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında üçtərəfli görüş olacağı və görüşdə Ermənistanın təhlükəsizliyinə zəmanət haqqında sənədin imzalanacağı qeyd olunur. Görüşün əsas məqsədi isə Rusiyanın Ermənistandan çıxarılması prosesini sürətləndirmək və rus hərbi bazasını ABŞ hərbiçiləri ilə əvəzləməkdir. ABŞ və Avropa İttifaqını belə bir təhlükəsizlik zəmanətini Ukraynaya da vermişdi. Nəticədə isə Ukrayna müharibə meydanına çevrildi və yavaş-yavaş şəhərlər və kəndlər yer üzündən silinməkdə davam edir. Bu baxımdan ABŞ və Avropanın hərbi güclərinin Ermənistana daxil olması oranı da müharibə meydanına çevirəcəyinə şübhə yoxdur.

Bu sözləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

ABŞ və Avropa hərbçilərinin Ermənistana daxil olması İran üçün ciddi təhlükə deməkdir

Deputat bildirib ki, Paşinyanın Brüsseldə keçirməyə planlaşdırdığı görüş Rusiyanı daha da qəzəbləndirəcək. Çünki Rusiya Qərbin və Paşinyanın istədiyi kimi rahat şəkildə Ermənistanı tərk etmək niyyətində deyil. Bu, Rusiyanın Ermənistana qarşı ciddi addımların atacağı günü çox gözləməli olmayacağı və fəlakətli günlərin addım-addım yaxınlaşması deməkdir. ABŞ və Avropa hərbiçilərinin Ermənistana gəlməsi Ermənistana gəlməsi İranın maraqlarına da ziddir. Qərb uzun müddətdir ki, İranı sanksiyalar altında saxlayır və hətta hakimiyyət dəyişiklikləri etməyə də cəhdlər edilmişdir. ABŞ və Avropa hərbçilərinin Ermənistana daxil olması İran üçün ciddi təhlükə deməkdir. Bu baxımdan ABŞ hərbçilərinin Ermənistana daxil olması İran-Ermənistan münasibətlərində bir uçurum yaradacaqdır. Belə ki, İran Ermənistandan üz döndərsə, bu, Ermənistanın həmişəlik bataqlığa düşməsi deməkdir. Təəssüf ki, Ermənistan Cənubi Qafqazda təhlükəsizliyə və əməkdaşlığa zərbə vurmaqda davam edir. Belə ki, Brüsseldə Blinken və xanım Ursula Fon der Lyayenin Paşinyanla görüşü Azərbaycanla sülh müqaviləsinin imzalanması və əməkdaşlığın qurulmasını da şübhə altına salır. Çünki bu məsələni birtərəfli qaydada həll etmək cəhdidir, bu da Azərbaycanın maraqlarına cavab vermir və ölkəmizə qarşı atılan addımdır. Ermənistan Qərbdən şirin vədlərlə dəstək aldıqca, Azərbaycanla yenidən müharibəyə ruhlanaraq sülh prosesindən uzaqlaşır. Bunu 20 martda Ermənistan parlamentinin sədri Alen Simonyanın Brüsseldə Avronest Parlament Assambleyasının sessiyasında etdiyi çıxışda da görmək olur. Alen Simonyan yenidən dırnaqarası Dağlıq Qarabağ terminini canlandırmağa və Qarabağ iqtisadi rayonundan könüllü şəkildə köçmüş ermənilərə yenidən etnik təmizləmə donu geydirməyə çalışır.

Azər Badamov bildirib ki, Paşinyanın Brüsseldə nəzərdə tutulan üçtərəfli görüşü, həm də Simonyanın Brüsseldə çıxışındakı ritorika Ermənistanın əsl iç üzünü açır. Ermənistanın bu hərəkətləri Cənubi Qafqazda yeni bir gərginlik ocağını yaratmağa cəhd kimi deyə bilərik. Paşinyan başa düşmür ki, ABŞ-nın əsas məqsədi Ermənistanı qorumaq deyil, məqsədi Rusiyanın qonşu ölkələrinə daxil olmaq və yeni təzyiq ocaqlarını formalaşdırmaqdır. Bu baxımdan ABŞ-nın Ukraynadan sonra növbəti məqsədi Mərkəzi Asiya olacağına şübhə yoxdur. ABŞ çalışır ki, Rusiya daha çox münaqişələrə cəlb olunaraq zəifləsin. Və nəticədə parçalasın. Bu, çətin məsələdir. Çünki Rusiyanın Qərblə üz-üzə dayanmağa kifayət qədər gücü və resursları var. Deyə bilərik ki, Rusiya təkcə Ukrayna ilə yox, bütün Qərblə müharibə aparır. ABŞ və Avropa Ukrayna müharibəsinə 100 milyardlarla dollar xərcləsə də, heç bir uğura nail ola bilmir. Dağılan isə Ukrayna, faciəni yaşayan haxollardır. Belə ki, bu gün ABŞ-nin şirin vədlərinə inanaraq ərazilərində Qərbin hərbçilərini yerləşdirən ölkələrin də ayaq altında qalacağına şübhə yoxdur. Bu gün Ukrayna və Livanın düşdüyü vəziyyət Ermənistanı da gözləyir desək yanılmarıq.

Cavid Əkbər, "İki sahil"