04 aprel 2024 12:56
622

YAP Nizami rayon təşkilatının gəncləri “Tullantıdan sənətə” muzeyi ilə tanış olublar - FOTO

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gəncləri və könüllüləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Tullantıdan sənətə” muzeyi ilə tanış olublar.

“İki sahil” xəbər verir ki, “Tullantıdan sənətə” muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. 2015-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva muzeyin açılışında iştirak edib. Muzeydə “Tullantıdan sənətə” Beynəlxalq sərgisində nümayiş olunan əsərlər sərgilənir.

Ötən müddət ərzində Azərbaycan da daxil olmaqla dünyanın 44 ölkəsindən olan 180-ə qədər yaradıcı şəxslər ecazkar əsərlərini tamaşaçılara təqdim ediblər. Əsasən məişət tullantılarından hazırlanmış əsərlərin bədii dəyəri ondan ibarətdir ki, onlar incəsənətin, hətta tullantını emal və “həzm” etmək iqtidarında olduğunu əyani surətdə nümayiş etdirir.

Muzey və keçirilən sərgilər geniş ictimaiyyətin diqqətini meqapolis üçün təhlükəli, bəzən qarşısıalınmaz ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır. Bu hədəfə çatmaq üçün incəsənətin zərif və heyranedici çevriliş gücündən yaranan nümunələrinin hər biri ilk baxışdan nəzərə çarpmayan gizli gözəlliyin sirlərini üzə çıxarır. Bundan başqa sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, onları bəzən lazımsız hesab etdikləri əşyaları düşünmədən zibil qutularına atmaqdan çəkindirməkdir. Burada yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “ikinci həyat” tapır.