Qazaxıstan prezident Kasım-Jomart Tokayev bildirib ki, Qazaxıstanda mart ayında başlayan daşqınlar respublikada son 80 ilin ən böyük təbii fəlakətidir.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, ölkənin on rayonunda: Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau vilayətlərində fövqəladə vəziyyət elan edilib.
Prezident Tokayev qeyd edib ki, respublikada vəziyyəti nəzarət altına almaq üçün Baş nazirin rəhbərlik etdiyi qərargah yaradılıb, o müavinləri ilə birlikdə zərər çəkmiş rayonlara səfər edir.

Dövlət başçısı televiziya vasitəsilə müraciətində xatırladıb ki, bəlkə də bu, son 80 il ərzində öz miqyası və nəticələri baxımından ən böyük fəlakətdir.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Akmola, Aktobe, Atırau, Kostanay, Pavlodar və Şimali Qazaxıstan vilayətlərində 3 mindən çox fərdi yaşayış evi və həyətyanı sahələr su altında qalıb.

46 mindən çox insan xilas edilib və təxliyə edilib. Xilasetmə əməliyyatlarına 8,6 mindən çox insan və 1,7 min texnika, o cümlədən 10 təyyarə cəlb olunub.
Günel Cəlilova, "İki sahil"