Hesablama Palatasının 2023-cü ildəki fəaliyyətinə dair mətbuat konfransı keçirilib
Azərbaycan Respublikası Hesablama Palatasında (HB) 2023-cü ildə görülən işlərə və qarşıda duran hədəflərə dair mətbuat konfransı keçirilib.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2023-cü il ərzində görülən işlər barədə ətraflı məlumat verərək ötən il fəaliyyətin qanunvericiliklə müəyyən edilmiş 4 istiqamətdə həyata keçirildiyini bildirib: “2023-cü ilin dövlət büdcəsinin icrasına dair hesabat təqribən may ayının ortalarına təqdim ediləcək. Maliyyə Nazirliyi artıq hesabatı Hesablama Palatasına təqdim edib. Hesabat yoxlanılır, hesabata rəy may ayının ortasına qədər hazır olacaq”.
Palata sədri deyib ki, ötən il Qarabağ iqtisadi rayonunda nəzarət tədbiri həyata keçirmişik: “Keçirilmiş yoxlamada verilən təkliflərə 2024-cü ildə nəzarət olunacaq. Ümumiyyətlə, büdcədən 2023-2024-cü illərdə azad edilmiş ərazilərimizə sərf edilən vəsaitlərin istifadə vəziyyətinin audit olunması nəzərdə tutulur. Burada yoxlamalar aparmaq üçün həmin işlərin icrası tamamlanmalıdır. İcrası bitməmiş layihələrdə nəzarət tədbirləri çox da effekt vermir”.
V.Gülməmmədov kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinin kütləvi informasiya vasitələrində işıqlandırılması üzrə hədəfin 100 % deyil, 63 % olmasına aydınlıq gətirib: “Hesablama Palatası məxfilik rejiminə əməl olunmaqla keçirdiyi auditlərin nəticələrini açıqlamır. Nəzarət tədbirləri üzrə nəticələrin tam verilməməsinin digər səbəbi pozuntuların məbləğinin əhatə edilmiş məbləğə nisbətdə çox olmaması və fərqli xarakter daşımaması ilə bağlıdır”.
Qeyd olunub ki, 2023-cü ildə Hesablama Palatasının analitik fəaliyyəti 3 milyard 623,3 milyon manat vəsaiti əhatə edib: “Ötən il 41 audit və 4 anatilik fəaliyyət həyata keçirilib. Aşkar olunmuş nöqsanların ümumi məbləği 1 milyard 971,9 milyon manat təşkil edib. Büdcəyə dəymiş ziyan 103,2 milyon manat müəyyən olunub. Cari ildə “Bakı Metropoliteni” QSC-nin, büdcədən kənar fondların, dövlət borcunun auditini həyata keçirmək planlaşdırılır. Yəni, bu il 45 audit həyata keçiriləcək”.
V.Gülməmmədovun təqdimatla müşayiət olunan çıxışı zamanı HB-nin fəaliyyətinə dair icmalda statistik məlumatlar əks olunub.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
Cavid Əkbərov, “İki sahil”