Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 171 saylı məktəbdə sakinlərlə növbəti görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə rayon prokuroru Sərdar İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri də iştirak ediblər.

Qəbulda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verib.
İcra başçısı qeyd edib ki, son 20 ildə verilən bütün vədlər, qarşıya qoyulan bütün vəzifələr icra edilib. Azərbaycan bu illər ərzində bütün sahələrdə sürətli inkişafa nail olub, iqtisadi imkanları genişlənib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri daha da möhkəmlənib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilin torpaq həsrətinə son qoyaraq ərazi bütövlüyümüzü bərpa edib.
Hazırda Azərbaycan üçün yeni dövr başlayıb və xalqımız yeni dövrün yeni hədəflərinə doğru Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla addımlayır. Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Böyük Qayıdış Proqramının birinci mərhələsi 2026-cı ildə başa çatacaq. Bu müddətdə 140 min keçmiş məcburi köçkünün doğma yurd-yuvasına qayıdışı nəzərdə tutulub. Bu il Füzuli və Laçın şəhərlərinin sırasına Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də daxil olacaq.
Daha sonra səyyar qəbulda sakinlərin arzu və təkliflər dinlənilib, onların səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.