Mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan Yuxarı Şirvan kanalı 1958-ci ildə istismara verilmişdir.
Bu kanal vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır.
Prezident İlham Əliyevin Sərəncamı ilə Yuxarı Şirvan kanalının adı dəyişdirilərək yenidən qurulacaq. Sənədə əsasən, kanal bundan sonra Şirvan suvarma kanalı adlandırılacaq.
Prezident Dövlət Su Ehtiyyatları Agentliyinə Şirvan suvarma kanalının yenidən qurulması ilə bağlı müvafiq tədbirlər görülməsini tapşırıb. Qeyd edək ki, ölkənin 2-ci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsinin suvarma suyu ilə yaşayış məntəqələrinin məişət suyu ilə təmin edir. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözü gedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdur. Bununla əlaqədar kanalın yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə smeta sənədləri hazırlanıb.
Son dövrdə qlobal iqlim dəyişmələri və ölkədə suya təlabatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində davamlı tədbirlər görülmüş, xüsusi ilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərdə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə dəstəklənmişdir.
“Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən 2 dəfə artırılacaq və 200 km-dən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da 2 dəfədən çox artırılacaq.”
Bahar Vəliyeva,
YAP Xətai rayon təşkilatının “Məzahir Rüstəmov 35” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü