17 may 2024 22:54
751

Yağışlı hava kənd təsərrüfatına necə təsir edəcək?

Yazın gəlməsinə baxmayaraq, son günlər ölkəmizdə havalar sərin və yağışlı keçir. Hava şəraitinin belə keçməsi isə sözsüz ki, kənd təsərrüfatı məhsullarına təsirsiz ötüşmür. Bu cür hava şəraitinin meyvə-tərəvəz məhsullarına hansı mənfi və müsbət təsirləri var? Qarşıdakı günlərdə bunun daha hansı təsirləri ilə üzləşə bilərik?

Taxıl əkinləri üçün faydalıdır

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov məsələ ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, hazırda yaz fəslidir və kənd təsərrüfatının aktiv dövrüdür: "Payızlıq əkinlərə hazırda qulluq işləri davam etdirilir. Bütövlükdə yağan yağmur taxıl əkinləri üçün çox faydalıdır. Çünki taxıl bizim həm dəmyə bölgəsində, həm də suvarılan ərazilərdə əkilir. Yağışın yağması həmin bölgələrdə əkilən taxılın məhsuldarlığına müsbət təsir edir. Eyni zamanda, respublikada pambıq əkini də başa çatmaq üzrədir. Əkilən pambıq sahələrində çıxışın alınması, məhsulun normal qaydada inkişafı və torpaqda nəmlik ehtiyatı yaratması baxımından yağmurun çox faydası var. Bu o cümlədən şəkər çuğunduru,  yem bitkiləri və yonca sahələri üçün də əlverişlidir. Yem bitkiləri və yonca sahələrinin inkişafı heyvandarlıq sahəsi və yem bazasının formalaşması üçün önəmlidir.

Meyvə-tərəvəz məhsullarına gəldikdə isə deyə bilərik ki, torpaqda nəmlik ehtiyatının yaranması bitkinin inkişafı üçün normal hesab olunur. Lakin bəzi bitkilərə təbii ki, belə hava şəraiti mənfi təsir göstərir. Söhbət yaz fəslində şitildən çıxarılıb əkilən kənd təsərrüfatı məhsullarından gedir. Hazırda yağış yağdığı üçün sahələrdə işləmək çətinləşib. Ona görə də həmin məhsullara qulluq etmək mümkün olmur. O cümlədən yağış bu məhsulların bəzilərinə ziyan vura bilir. Ümumilikdə isə deyə bilərik ki, yağan yağış kənd təsərrüfatı üçün çox əlverişli və faydalı hesab olunur.

Məhsul istehsalının həcmində azalma varsa...

İqtisadçı Eldəniz Əmirov isə məsələ ilə bağlı bildirdi ki, iqlim şəraitindən və yaxud təbii fəlakətlərdən dolayı istənilən vəziyyətdə məhsul istehsalının həcmində azalmalar varsa, bu birbaşa ixracda və ölkəyə valyuta daxiolmalarında azalmalara gətirib çıxarır: "Eyni zamanda, yerli bazarın təchizatında problemlərin yaranmasına səbəb olur. Bu isə təklifin azalması deməkdir. Təklifin azalması isə birmənalı olaraq qiymətlərin artmasına səbəb olur".

Sayalı Abasova, “İki sahil”