Bu il ölkəmiz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirinə ev sahibliyi edəcək. Prezident İlham Əliyev tərəfindən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik” ili elan olunub. Odur ki, builki sərgilərdə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılmışdı. Bu, belə də olmalı idi. Bu mənada deyərdim ki, sözügedən sərgilər günün tələbləri ilə səsləşirdi. Yeri gəlmişkən, onu da qeyd edim ki, GOP29-un ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə və dünyaya öz töhfəsini verəcəyinə tam əminəm.
Bu fikirləri Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") ilə bağlı təəssüratlarını “İki sahil”lə bölüşən “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, həm də "Tərəqqi” medalı ilə təltif edilmiş tanınmış sahibkar İldırım Məmmədov bildirib.
Müsahibimiz, həmçinin qeyd edib ki, dövlətimizin qeyri-neft sektoruna göstərdiyi yüksək qayğı nəticəsində iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sektorda keyfiyyətcə yeni inkişaf mərhələsinə keçid üçün əsaslı zəmin yaranıb, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin edilməsi prosesində mühüm addımlar atılıb. Şübhəsiz, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəliliyinin artırılması, məhsul istehsalçılarına dövlət dəstəyinin göstərilməsi ilə bağlı imzaladığı sərəncam və verdiyi tapşırıqlar bu sektorda istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarını genişləndirib. Yeri gəlmişkən onu da deyim ki, Azərbaycanda son 20 il ərzində aqrar sektor sürətlə inkişaf edib, kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb.
Sərgilər ümumilikdə 38 ölkədən 500-ə yaxın şirkətin iştirak etdiyini vurğulayan müsahibimiz bildirib ki, bu da ötən illə müqayisədə sərgilərin miqyasında 10 faiz artım deməkdir. Bu, həm də Azərbaycanın kənd təsərrüfatı sahəsində beynəlxalq əməkdaşlığın coğrafiyasını və miqyasını genişləndirməsinin, təcrübə və texnologiyalar mübadiləsi üçün yeni perspektivlər açmasının təsdiqidir. Bu mənada kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyaların, texnikaların, müasir suvarma sistemlərinin nümayiş etdirildiyi bu tədbiri daha müasir texnologiyaların təşviqi və qabaqcıl təcrübələrin paylaşıldığı unikal platforma adlandırmaq olar: “Onu da deyim ki, şəxsən mən indiyədək ABŞ-da, Fransada, Almaniyada, Rusiyada təşkil olunmuş bu kimi tədbirlərə qatılmışam. Amma yüksək səviyyədə təşkil olunmuş bu tədbir həmin tədbirlərlə müqayisəyə gəlməzdir. Bu da Azərbaycanın artıq aqrar sahədə də dünya miqyasında söz sahibi olmasından xəbər verir. Şübhəsiz, fermerlərimiz sərginin yaratdığı bu imkanlardan geniş yararlanaraq innovativ kənd təsərrüfatı texnikalarından, müasir suvarma sistemlərindən, dəqiq kənd təsərrüfatı həlləri və düzgün aqrotexniki qulluq vasitələrindən geniş istifadə etməklə ölkəmizdə aqrar sahənin davamlı inkişafına öz töhfəsini verəcəklər”.
İ. Məmmədovun sözlərinə görə, Azərbaycanda səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun cənab Prezident İlham Əliyevlə birlikdə bu sərgilərlə tanış olmalarını, öz fikirlərini bölüşmələrini hamı kimi aqrar sahənin əməkdaşları da təqdir ediblər.
Qvami Məhəbbətoğlu, “İki sahil”