Ölkəmiz “yaşıl enerji”yə keçid üçün məqsədyönlü tədbirlər həyata keçirir
Azərbaycan dövləti COP29-a ev sahibliyi etməklə qlobal iqlim dəyişikliyi ilə mübarizə istiqamətində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağı qarşıya mühüm vəzifə kimi qoyub. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulan Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf nəzərdə tutulub ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarının 40 faiz azaldılması deməkdir.
Əminliklə deyə bilərik ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl enerji”yə keçidinin sürətlənməsinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcək. Bakıda keçirilmiş “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda da bu məsələdən ətraflı bəhs olunub. İqlim dəyişikliklərinin mənfi təzahürləri və onların aradan qaldırılması ilə bağlı geniş müzakirələr aparılıb, bir sıra maraqlı təkliflər irəli sürülüb. Həmin tədbirdə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək deyib ki, hazırda iqlim dəyişiklikləri müxtəlif ölkələrdə böyük fəsadlar yaradaraq biznesin və ümumilikdə, iqtisadiyyatın inkişafının qarşısını alır.
COP29-un Azərbaycanda keçirilməsinin təsadüfi xarakter daşımadığını vurğulayan M. Babayev deyib ki, Prezident İlham Əliyev iqlim dəyişikliyinin təsirinin azaldılmasını prioritet siyasət hesab edir. Azərbaycan “yaşıl enerji”yə keçid üçün böyük tədbirlər həyata keçirir, sərmayələr cəlb edir.
Yeri gəlmişkən, ölkəmizin alternativ və bərpaolunan enerji potensialının zənginliyi olması artıq öz təsdiqini tapıb. Belə ki, son tədqiqatlar Azərbaycanın quru ərazisində 27,5 min meqavat həcmində bərpaolunan enerji potensialının mövcudluğunu təsdiqləyib. Bunun isə 3 min meqavatı külək enerjisinin, 23 min meqavatı günəş enerjisinin, 380 meqavatı bioenerjinin, 520 meqavatı dağ çaylarının payına düşür. Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkəmizin bərpaolunan enerji sahəsində potensialı 200 qiqavata yaxın qiymətləndirilir.
Hazırda həmin potensialın hərəkətə gətirilməsi istiqamətində mühüm layihələr həyata keçirilir. “Yaşıl enerji” istehsalı ilə əlaqədar cəlb olunan sərmayələr nəticəsində ölkəmizin ayrı-ayrı yerlərində günəş, külək və su elektrik stansiyaları tikilir. Artıq Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin Bakının Qaradağ rayonunda reallaşdırdığı layihə real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin oktyabr ayında istismara verilmiş “Qaradağ” Günəş Elektrik Stansiyasında istehsal tədricən artır. Yeri gəlmişkən, bu ilin yanvar–aprel aylarında Azərbaycanın günəş elektrik stansiyalarında 144,4 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,6 dəfə çoxdur. Bununla yanaşı, ilin ilk 4 ayında ölkənin külək elektrik qurğularında 21 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. Yaxın illərdə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə reallaşdırılan “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi ilə əlaqədar bu sahədə də ciddi artım əldə ediləcək. Hesabat dövründə, həmçinin Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda 90,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib ki, bu da 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,4 faiz çoxdur.
Bütün bunlarla yanaşı, Böyük Britaniyanın BP şirkəti tərəfindən Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsi həyata keçirilir. Eyni zamanda, qarşıdakı illərdə ölkənin bir sıra ərazilərində günəş və külək elektrik stansiyalarının da tikintisi nəzərdə tutulur. Bütün bu layihələrin həyata keçirilməsi nəticəsində 2030-cu ilə kimi ölkəmizin enerji təminatının 30 faizi “yaşıl enerji”dən ibarət olacaq.
“Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP-29 Dayanıqlı biznes forumu”nda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycandakı nümayəndəsi Aliyə Əzimova da təsdiqləyib ki, hazırda Azərbaycanın əsas vəzifələrindən biri bərpaolunan enerji resurslarını inkişaf etdirməkdir. Ölkənin əhəmiyyətli günəş və külək resursları enerji sektorunun dekarbonizasiyasına təkan verir və gələcəkdə “yaşıl enerji” ixracı üçün şərait yaradacaq. Həmçinin istilik və nəqliyyat kimi sektorların dekarbonizasiyasını da dəstəkləyəcək.
A.Əzimovanın sözlərinə görə, bütün istehlakçı sektorları üzrə enerji səmərəliliyini dəstəkləmək prioritet istiqamət kimi qəbul edilməli, ənənəvi biznes modeli ilə müqayisədə 2030-cu ilə qədər yekun enerji tələbində 5 faiz, 2050-ci ilə qədər isə 15 faizə qədər azalmaya nail olmaq əsas vəzifə kimi diqqətdə saxlanılmalıdır.
Xatırladaq ki, Dünya Bankı və IFC-nin dəstəyi ilə Azərbaycan üçün “Dənizdə külək enerjisi üzrə Yol Xəritəsi” hazırlanıb. Yol Xəritəsi respublikamızda dekarbonizasiya və dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq uzunmüddətli perspektivdə infrastrukturun inkişafından xəbər verir. Eyni zamanda, investisiya cəlb edilməsilə 2040-cı ilə qədər dənizdə 7,2 QVt ümumi qoyuluş gücündə külək elektrik qurğularının quraşdırmaq potensialının olduğunu göstərir. Bununla belə, sənəddə aşağı artım ssenarisinə də baxılır ki, bu ssenari üzrə potensial 1,5 QVt həcmində qiymətləndirilir.
Nigar Orucova, “İki sahil”