22 may 2024 02:57
573

Bakıdan dünyaya: "Yaşıl enerji" üçün yaşıl işıq…

COP29-a ev sahibliyi ölkəmizin beynəlxalq imicinin daha da möhkəmlənməsinə, postmüharibə dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına  mühüm töhfə verəcək

Məlum olduğu kimi, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar dövlət başçısının müvafiq Sərəncamı əsasında Təşkilat Komitəsi yaradılıb. Yanvarın 22-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin birinci, martın 7-də ikinci, mayın 4-də isə üçüncü iclası keçirilib. Bu iclaslarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, COP29-a hazırlıq prosesi çərçivəsində görülmüş işlər və bu xüsusda COP29 üzrə Tədbirlər Planının icrası barədə məlumat verib. Sonuncu iclasda Samir Nuriyev COP29-un loqosunun və şüarının müəyyən edildiyini diqqətə çatdırıb. Bildirib ki, COP29-un şüarı “Yaşıl dünya naminə həmrəy olaq!” kimi seçilib.

Ölkəmizin ev sahibliyi edəcəyi COP29 əhatə dairəsi baxımından BMT-nin ən böyük tədbirlərindən biri sayılır. Artıq Azərbaycanın “yaşıl dünya naminə həmrəylik” platformasında əsas təşəbbüskar ölkə kimi fəaliyyətini artırması və COP29 iqlim konfransına ev sahibliyi etməklə ətraf mühitin qorunmasında məsuliyyətli addımlar atır. Tədbirə qatılmaq üçün ölkəmizə on minlərlə qonağın gələcəyi gözlənilir. Eyni zamanda, tədbirdə iştirakla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin adından BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf ölkələrin dövlət və hökumət başçılarına dəvət məktubları göndərilib.
Beləliklə, COP29 ərəfəsində dünyanın nəzərləri Azərbaycana yönələcək.

Bu gün dünyada təbiətə vurulan zərərin, ekoloji problemlərin qarşısının alınması qlobal bir çağırışdır. Bu səbəblərə görə, iqlim dəyişmələri məsələsində beynəlxalq ictimaiyyət, dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşür. Getdikcə daha təhlükəli hal alan bu təhdidlər təxirəsalınmaz tədbirlər görülməsini, ölkələrin və beynəlxalq təşkilatların koordinasiyalı fəaliyyət göstərməsini zərurətə çevirib. Azərbaycan da bu çağırışa qoşulan ölkələr sırasındadır. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması xüsusi diqqət mərkəzindədir. Şübhə yoxdur ki, etibarlı tərəfdaş olan Azərbaycan həmişə olduğu kimi, bu dəfə də öz üzərinə düşən missiyanı yüksək səviyyədə yerinə yetirəcək, iqlim dəyişikliyi ilə mübarizədə yeni Azərbaycan modelini yaradacaq. Ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişikliyi ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa imkan verəcək. Bu nöqteyi-nəzərdən ölkəmizdə keçiriləcək COP29 mühüm beynəlxalq platformaya çevriləcək, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisi olacaq.

Azərbaycanın “yaşıl enerji” strategiyasında əsas potensial güc mənbəyi kimi azad edilmiş ərazilərin resursları xüsusi yer tutur.  Yanacaq istehsalçısı və ixracatçısı olan Azərbaycan COP29-a ev sahibliyi ilə iqlim dəyişikliyinə qarşı mübarizə üzrə aydın strategiyasını nümayiş etdirəcək. Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi dövlətimizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizə üzrə mühüm hədəfləri var. "Yaşıl enerji"yə keçid bu strateji hədəflərdə əsas yer tutur. Məlum olduğu kimi, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri məhz "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" olmaqdır. Həmin prioritetə uyğun şəkildə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm işlər aparılır. Bu sahəyə məsul olan dövlət institutları ilə yanaşı, biznes qurumları, ictimai sektorun təmsilçiləri, fərdi vətəndaşlar da prosesdə fəal iştirak edir, ümumi məqsədlərə töhfə verirlər. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi müəyyənləşdirib. 

İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritet kimi götürülür. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistemin bərpası istiqamətində ardıcıl işlər aparılır. Qarabağ və Şərqi Zərgəzurun alternativ, "yaşıl enerji"lər, karbohidrogen və karbon qazlarından azad olan seqmentlər üzrə inkişaf etdirilməsi yanaşmasının ortaya qoyulması faktiki olaraq "yaşıl enerji"yə yeni münasibətin sərgilənməsindən və bu sahədə siyasətin formalaşmasından xəbər verir.

"Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir. Ölkəmiz elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Ötən il respublikamızda regionun ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verildi. 230 meqavat gücündə günəş-elektrik stansiyası artıq Azərbaycanın enerji sisteminə tam inteqrasiya edilib. Hazırda Bakıda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti "Xızı-Abşeron" Külək-Elektrik Stansiyasının tikintisini davam etdirir. Növbəti yeni layihələrin reallaşması üçün də bir sıra sənədlər imzalanıb, hazırda danışıqlar gedir. Məsələn, yaxın aylarda BP şirkəti Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməlini qoyacaq.

Məlum olduğu kimi, "yaşıl enerji" konsepsiyasının əsas elementləri günəş və külək enerjisindən sistemli şəkildə istifadə edilməsidir. Coşqun Xəzərin dalğalarının gətirdiyi küləklər, yurdumuzun əksər bölgələrinin bol günəşi bu növ enerji istehsalını genişləndirmək üçün böyük perspektivlər açır. Mütəxəssislər də təsdiq edirlər ki, təkcə Xəzərin Azərbaycan sektorunda külək enerjisinin potensialı 157 qiqavat təşkil edir.  İşğaldan azad olunan ərazilərimizin də günəş və külək potensialı böyükdür. Qarabağ və Şərqi Zəngəzur 7200 meqavat günəş, 2000 meqavat külək enerjisi potensialına malikdir. Ölkəmizin daxili su ehtiyatlarının isə təxminən 25 faizi bu ərazilərdə formalaşır. Belə bir reallıq həmin ərazilərdə istehsal olunan elektrik enerjisinin hətta digər rayonlara nəql edilməsinə imkan yaradacaq. Qeyd olunduğu kimi, daha bir "yaşıl enerji" zonası Naxçıvan Muxtar Respublikasıdır.  Keçən ilin sentyabr ayında Naxçıvanda keçirilən Azərbaycan-Türkiyə III Enerji Forumu və "Naxçıvan - Yaşıl Enerji Zonası" Beynəlxalq Konfransında vurğulandı ki, "yaşıl enerji" layihələrinin reallaşdırılması yaxın illərdə muxtar respublikanı enerji ixracatçısına çevirəcək və onun strateji əhəmiyyətini daha da artıracaq.

Görülən işlər sübur edir ki,  Azərbaycan COP29-u təkcə bir tədbir kimi yox, həm də davamlı inkişaf məqsədlərinə nail olmaq üçün für­sət kimi görür. Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal iq­lim dəyişikliyi istiqamətində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağl qarşıya mü­hüm vəzifə kimi qoyub.

Yaqut Ağaşahqızı, “İki sahil”