Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 19 il ötür
Bu gün Bakı-Tbilisi-Ceyhan (BTC) Azərbaycan neftinin Avropa bazarlarına daşınması üçün əsas nəql marşrutudur. Bakı-Tbilisi-Ceyhanın istifadəyə verilməsi sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdilər. Eyni zamanda, yeni nəql marşrutundan faydalanan Azərbaycan öz ixracını əhəmiyyətli dərəcədə artırmağa nail oldu. Əlamətdar haldır ki, bu gün Bakı-Tbilisi-Ceyhandan Xəzər və Qara dəniz hövzələri regionunda yerləşən digər ölkələr də faydalanırlar. Əminliklə demək olar ki, “Üç dənizin əfsanəsi” adlandırılan və minilliyin ən böyük neft ixracı marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan haqqında deyilən və geniş məkan mənasında işlədilən qlobal layihə sözü ötən müddətdə artıq öz təsdiqini tapıb.
“Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edirdi. Ümummilli Lider Heydər Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək Azərbaycan neftini Aralıq dənizi vasitəsilə dünya bazarlarına çıxaracaq Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ideyasını irəli sürdü. Bu ideyanı qəbul etmək istəməyən bəzi qüvvələrin cəhdlərinə baxmayaraq, Ulu Öndərin səyi və gərgin keçən danışıqlar prosesinin məntiqi nəticəsi olaraq bu layihə həyata vəsiqə aldı. Belə ki, ATƏT-in 1999-cu ilin noyabrın 18-də İstanbulda keçirilən sammitində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişi ilə bağlı bəyannamə imzalandı. Beləliklə də Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsi üçün hüquqi baza yaradıldı. Daha sonra isə layihənin bəzi detallarının dəqiqləşdirilməsi, lazımi maliyyə mənbələrinin müəyyənləşdirilməsi ilə bağlı danışıqlar aparıldı. BP şirkəti layihənin operatoru seçildi və kəmərin tikintisi, istismarı üçün isə “BTC Ko.” şirkəti yaradıldı. Onun səhmdarları BP (30,1 faiz), SOCAR (25 faiz), “Chevron” (8,9 faiz), “Statoil” (indiki “Equinor”) (8,71 faiz), “TPAO” (6,53 faiz), “Eni” (5 faiz), “Total” (5 faiz), “Itochu” (3,4 faiz), “Inpex” (2,5 faiz), “ConocoPhillips” (2,5 faiz) və “Amerada Hess” (2,36 faiz) şirkətləri oldu. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Tbilisi-Ceyhan layihəsində iştirak etmək məqsədilə “AzBTC Co.” törəmə şirkətini təsis etdi və bu qurum layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25 faizlik iştirak payı əldə etdi.
Nəhayət, 2002-ci il sentyabrın 18-də Bakıda - Səngəçal terminalının ərazisində Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları Heydər Əliyev, Eduard Şevardnadze və Əhməd Necdət Sezərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməli qoyuldu. Bununla da Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının mühüm tərkib hissələrindən olan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallığa çevrilməsinə başlanıldı.
2003-cü ilin fevral ayında Bakı yaxınlığındakı Səngəçal terminalından başlayaraq kəmərin tikintisinə start verildi. 2004-cü ilin oktyabrında BTC-nin Azərbaycan hissəsi Gürcüstan ərazisindən keçən hissəsi ilə birləşdirildi. 2005-ci ilin aprelində tikinti işləri yekunlaşdırıldı. Həmin il mayın 25-də Səngəçal terminalında xam neftin BTC-yə vurulması ilə bağlı rəsmi tədbir keçirildi. Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçıları İlham Əliyev, Mixeil Saakaşvili və Əhməd Necdət Sezər terminalda quraşdırılmış xüsusi qurğudakı sürgünü açdıqdan sonra kəmərlə ilkin neft axmağa başladı. 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı. İyunun 14-də “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neftin ilk partiyası Ceyhan dəniz terminalında “British Hawthorn” tankerinə yüklənərək dünya bazarına yola salındı. 600 min barrel xam neft yüklənmiş həmin tankerin Ceyhan limanından yola salınması ilə Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına ixracı başlandı. 2006-cı il iyulun 13-də isə Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təntənəli açılış mərasimi keçirildi.
BTC artıq tam sistem kimi 18 ilə yaxındır - 2006-cı ilin ortalarından fasiləsiz və təhlükəsiz fəaliyyət göstərir. Cari ilin birinci rübü ərzində Bakı-Tbilisi-Ceyhan üzrə əməliyyat xərclərinə təxminən 33 milyon dollar, əsaslı xərclərə isə 7 milyon dollar vəsait xərclənib. BP-nin cari ilin birinci rübünün yekun hesabatına istinadən bildirək ki, 1768 kilometr uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən bu ilin birinci rübünün sonunadək ümumilikdə təqribən 568 milyon ton (4,3 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5629 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Hesabat dövrü ərzində BTC vasitəsilə ixrac olunan xam neft və kondensat ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək 7 milyon ton (təxminən 54 milyon barel) təşkil edib və Ceyhan terminalında 72 tankerə yüklənərək yola salınıb. Hazırda BTC boru kəməri əsasən Azərbaycandan “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, SOCAR-ın AÇG-dən kənar hasilat həcmləri) də nəql olunur.
Qeyd etmək lazımdır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin texniki-iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi rolu da böyükdür. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyəni, bu ölkələrin xalqlarını bir-birinə daha da yaxınlaşdırır, bölgəyə sülh və sabitlik gətirir, təhlükəsizliyimizi, ölkələrimizin dünyada mövqeyini möhkəmləndirir. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələlərinin həllində Avropa ilə bu istiqamətdə tərəfdaş kimi işləyir. Respublikamızın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. 2014-cü ilin 20 sentyabr tarixi Azərbaycanın enerji siyasətinə qızıl hərflərlə yazılan yeni bir möhtəşəm hadisə ilə yadda qaldı. “Əsrin müqaviləsi”nin 20 illik yubileyində müxtəlif dövlət və hökumət başçılarının, rəsmi şəxslərin və nüfuzlu şirkət rəhbərlərinin iştirakı ilə Səngəçal terminalında digər nəhəng transmilli layihənin - “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Qeyd etmək lazımdır ki, Səngəçal terminalı öz neft və qaz ixrac sistemləri ilə birlikdə Azərbaycanı Avropa ilə Asiyanın kəsişməsində mühüm bir qovşağa çevirdi. 14 sentyabr 2017-ci ildə isə “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümü ərəfəsində imzalanan yeni sazişlə neft strategiyamızda yeni dövrün əsası qoyuldu. Sazişə əsasən,“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadıldı. Bütün bu amillər isə dövlətimizin maddi imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın Avropanın enerji təchizatının şaxələndirilməsi məsələsində rolunu daha da artıracaqdır.
Ümumiyyətlə, Azərbaycanın gerçəkləşdirdiyi enerji siyasəti bütövlükdə regionun siyasi və iqtisadi inkişafına, rifahına xidmət edir. Respublikamızın həyata keçirdiyi neft və qaz layihələri bu gün dünyada enerji inkişafının möhkəm bünövrəsidir. Bütün bu uğurların təməli isə “Əsrin müqaviləsi”nə söykənir.
Sevinc Azadi, “İki sahil”
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib