Görüş çərçivəsində əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması, hüquq sahiblərinin maraqlarının qorunması və bu sahədə maarifləndirmə tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə təşkilatçılığı ilə əmtəə nişanlarından qanunsuz istifadə hallarının qarşısının alınması və bu sahədə mövcud hüquqi mexanizmlər barədə maarifləndirici görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə Əqli Mülkiyyət Agentliyinin nümayəndələri, patent müvəkkilləri və aidiyyəti sahə üzrə mütəxəssislər iştirak edib.
Tədbirdə Agentliyin Haqsız rəqabət və reklam qanunvericiliyinə nəzarət şöbəsinin müdiri Şahin Nağıyev, Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və sənaye mülkiyyəti obyektlərinin qeydiyyatı şöbəsinin müdir müavini – sektor müdiri Nailə Nəsibova, Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzinin direktoru Anar Hüseynov çıxış ediblər. Çıxışlar zamanı əmtəə nişanlarının qorunması sahəsində mövcud vəziyyət, hüquqi tənzimləmə mexanizmləri, eləcə də Rəqabət Məcəlləsində əmtəə nişanlarından qanunsuz istifadə və digər haqsız rəqabət halları ilə bağlı nəzərdə tutulan müddəalar barədə məlumat verilib.
Sonda patent müvəkkillərinin fəaliyyət prosesində qarşılaşdıqları aktual məsələlər dinlənilib, əmtəə nişanlarının qeydiyyatı və mühafizəsi sahəsində mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb və qanunvericiliyin tətbiqi ilə bağlı praktiki məsələlərə aydınlıq gətirilib.
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Aqrar Sığorta Fondu Xaçmaz və Xızıda təsərrüfatlara dəymiş zərərlərə üzrə sığorta ödənişləri həyata keçirib