24 may 2024 23:56
401

Vətənə sevgi rəmzi...

Şahin Xanhüseyn oğlu Sadıxov 30 il bundan əvvəl-Birinci Qarabağ müharibəsində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına  şəhadətə qovuşub.  Lerik rayonu, Əvilə kəndində dünyaya gələn bu, Vətən sevdalısı onda ömrünün 20-ci ilini yaşayırmış.  Həyat yolu qısa olsa da, göstərdiyi şücaət ona milyonların ürəyində əbədi yer edib. Xalqın qəhrəmanlıq simvoluna dönən Şahin həmişə Lerik camaatı üçün  mənən diridir, ona sonsuz  sevgi və məhəbbət bəslənir.

Adəti üzrə doğma elində  bu anım günü də böyük ehtiramla qeyd edildi.  Belə ki, rayon rəsmiləri, şəhidin ailə üzvləri, kənd sakinləri  məzarını baş çəkib, üstünə təzə güllər düzdülər. 

Çıxışlar  zamanı  ölümsüz qəhrəmanın Birinci Qarabağ müharibəsində göstərdiyi hünərdən, keçdiyi şərəfli döyüş yolundan iftixarla danışıldı. Bildirildi ki, Şahinin yaşadığı ömür doğma Azərbaycana sevgi, cəsurluq, igidlik, mərdlik məktəbidir.  O, əzəli yurd yerimiz Qarabağın azadlığı naminə, bizim xoşbəxt  gələcəyimiz  üçün sinəsini düşmən gülləsinə sipər edib.  Həm də Şahin canından keçməklə  Vətənin hər şeydən əziz olduğunu  sübut etdi. Şahin kimi yaşamaq hər bir bəşər övladı üçün  şərəf və qürurdur.  Qan töküb torpağı Vətən edən igidlər heç zaman ölmürlər. Lerikin qartal oğlu şəhid Şahin də  odlar yurdu, müdriklər beşiyi Azərbaycan var olduqca, ürəklərdə yaşayacaq.

Şahin  Sadıxov  orta təhsilini  başa vurub 1992-ci ildə Vətəninə təcavüz etmiş yağı düşməndən qisas almaq məqsədilə  könüllü olaraq cəbhəyə gedib. Qısa müddətdə Vətən sevgisi, qəhrəmanlığı onu erməni  dığaların kabusuna çevirib.  Dəfələrlə  düşmənin hücumunun  qarşısını almaqda rəşadətlə vuruşub.  Vətən torpaqların müdafiəsində şəxsi igidliklər göstərdiyinə görə dəfələrlə komandirlərinin tərəfindən fəxri fərmanlar alıb.  19 may 1994-cü ildə Ağdərə-Tərtər istiqamətində gedən qanlı döyüşlərdə  düşməndən qisas alaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Bəli, Şahin Sadıxov  göstərdiyi hünərlə gənc nəsillərə doğma Vətəni, torpağı  sevməyi, qorumağı,  anında uğrunda öldürməyi, ölməyi öyrətməklə  özünə də hərb tariximizdə  silinməz yer edib.   Həmçinin   oxuduğu Əvilə kənd əsas orta məktəbinə şəhidin adı verilib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü