Bu ilin ilk 4 ayında pərakəndə ticarət şəbəkəsində 17 milyard manatlıq mal satılıb. Bunun 9,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatları, 7,4 milyard manatı isə qeyri-ərzaq malları olub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,1 faiz artıb.
Bu müddətdə ərzaq məhsullarının alınmasına 8 milyard 693 milyon manat xərclənib. Bu dövrdə alıcıların xərclədiyi vəsaitin 51,2 faizi ərzaq məhsullarının, 5,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 4,4 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,3 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Göründüyü kimi, ümumi xərcləmədə ərzaq məhsullarının payı yüksək olaraq qalmaqdadır. Bu, o deməkdir ki, vətəndaşlar xərclədikləri hər 100 manatın 51 manatını, yəni yarıdan çoxunu ərzağın alınmasına yönəldiblər. İnkişaf etmiş ölkələrdə ümumi istehlakın ¼-i ərzaq məhsullarının alınmasına yönəldilir.
Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələblə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil. İstənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır. Ərzaq məhsullarının daha çox xərc payına malik olması yığım imkanlarını da məhdudlaşdırır.
2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 2024-cü ilin yanvar-aprel aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 10,2 faiz, fərdi sahibkarlar üzrə 0,1 faiz, bazar və yarmarkalarda 1,5 faiz artıb. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 416,5 manatlıq, o cümlədən 235 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 181,5 manatlıq qeyri-ərzaq malları alıb.
Cari ilin ilk rübündə dövlət büdcəsindən sosial müdafiə və sosial təminata proqnozla müqayisədə 40 faiz daha çox vəsait ayrılıb. Belə ki, bu dövr üçün 777 milyon manatın ayrılması nəzərdə tutulsa da, faktiki 1 milyard 84 milyon xərclənib. Sosial istiqamətlərə daha çox vəsaitin ayrılması maaş, müavinət və digər sosial ödənişlərin yenidən artırıla bilməsi imkanları ilə bağlı sualları daha da aktuallaşdırıb.
Qeyd edək ki, 2024-cü ilin büdcə xərclərinin 40, cari xərclərin 70 faizi sosial yönümlüdür. Bu isə 2024-cü ildə də sosial təminatın prioritetliyini qoruyub saxladığından xəbər verir. Son 5 ildə daha da dərinləşən sosial paket nəticəsində həmin dövrdə minimum əmək haqqı 2,8 dəfə, orta aylıq maaş isə 80 faiz artıb. Sosial istiqamətə nəzərdə tutulan vəsaitin daha da artırılması büdcəyə yenidən baxılması nəticəsində mümkün ola bilər.
Xatırladaq ki, “Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq, cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclis qarşısında məsələ qaldırıla bilər. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək.
Sosial təminata 2024-cü ilin geridə qalan aylarında daha çox vəsaitin xərclənməsi isə ilin növbəti aylarında da sosial ayırmaların prioritet olacağından xəbər verir.
Cavid Əkbər, “İki sahil”
Qeyri-neft ixracında yeni mərhələ: İqtisadi şaxələndirmə siyasəti real nəticələr verir
Əmtəə nişanlarından qanunsuz istifadənin qarşısının alınması ilə bağlı maarifləndirici görüş keçirilib