Bu gün Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan Milli Qəhrəman Yuriy Kovalyovun anım günüdür.
Hər bir xalqın taleyində qəhrəmanlar var. Tarixi şəraitdən asılı olaraq Vətən, millət qarşısında tale yüklü məsələlərin həllində xüsusi rol oynayan şəxsiyyətlər, cəsarətli insanlar öz xalqının tarixinə qəhrəman kimi düşürlər. Onların adı ölkələrinin adı ilə qoşa çəkilir. Belə igidlərdən biri də qəhrəmanlıq simvolu kimi tanınan, Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan və hər bir azərbaycanlı üçün qürur mənbəyi olan cəsur oğullarımızdan biri də Yuriy Petroviç Kovalyovdur.

Yuriy Kovalyov 1965-ci il mayın 29-da Göyçay rayonunda rus ailəsində anadan olub. Y.Kovalyov 1981-ci ildə Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbi bitirib. 1983-1985-ci illərdə Sovet ordusu sıralarında xidmət edib, dənizçi olmaq arzusu ilə 1987-ci ildə Qara Dəniz Donanmasında miçmanlar və praporşiklər məktəbinə daxil olub. O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. Qəhrəmanlığı və cəsarəti sayəsində qısa müddətdə Kovalyov əfsanəyə çevrilib və ermənilər onun başına böyük pul mükafatı təyin ediblər.
“Bəli, mən rusam, Azərbaycan isə mənim vətənimdir” deyən Milli Qəhrəman Yuri Kovalyov şəhid olanda 27 yaşı hələ tamam olmamışdı. Yuriy 1991-ci il 3 oktyabrda Xocavənddə növbəti hərbi tapşırıqdan qayıdarkən düşmənlə döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Yuriy Kovalyov Şəhidlər xiyabanında dəfn edilib.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq müqəddəs şəhidlik zirvəsinə ucalmış, gənc nəslə örnək nümunəsi, hərb tariximizin ləyaqətli siması, öz məğrurluğu, hünəri ilə adı tariximizə əbədi yazılan Azərbaycanın Milli Qəhrəmanı Yuriy Kovalyovun əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.
Hazırda ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Yuriy Kovalyovun vaxtı ilə təhsil aldığı Bakıdakı 229 saylı məktəbin qarşısında büstü ucalır. O, necə də məğrur görünür! Məktəbin şagirdləri tez-tez büstün önünə tər gül dəstələri qoyaraq qəhrəmanın əziz xatirəsini əbədi yaşadacaqlarına və Vətəni onun kimi sevəcəklərinə and içirlər.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında Vətən uğrunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, yaddan çıxmır. Qədirbilən xalqımız belə qəhrəmanları ilə fəxr edir, onları qəlbində yaşadır, əbədi yad edir.
Əbədi qəhrəmanlara əbədi eşq olsun!
Tofiqə Qurbanova,
YAP Nizami rayon təşkilatının fəalı,
TAİB-in Qadınlar Şurasının üzvü