30 may 2024 17:29
610

Tarixi qələbələrimiz Azərbaycanın qüdrətinin, iqtisadi imkanlarının təqdimatıdır - ŞƏRH

Bu gün müasir müstəqil, qalib Azərbaycanın uğurlarından və yeni dövrün hədəflərindən bəhs edirik. Müstəqilliyinin bərpasının 33 ilə yaxın dövrünü arxada qoyan Azərbaycanın keçdiyi inkişaf yolunun təməlində Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə ölkədə yaradılan ictimai-siyasi sabitlik və normal iqtisadi mühit  dayanır. Sabitlik olmasa heç bir sosial-iqtisadi layihələnin həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan qısa müddətdə sabitlik diyarı kimi tanındı, böyük investisiyalar məkanına çevrildi.

Xaosdan Qurtuluşa

Bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollara yaxındır ki, bunun da 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Azərbaycanın investisiya cəlbediciliyini qoruması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında  maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözunü deyir. Müstəqilliyimizin bərpasının ilk illərində xaosun, anarxiyanın, özbaşınalığın  hökm sürməsi Azərbaycanın müstəqil dövlət olaraq varlığını sual altında qoydu. İctimai-siyasi durumun gərinliyi ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb oldu. Baxmayaraq ki, Azərbaycan daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. 1993-cü ildən ölkədə sabitliyin yaradılması    Azərbaycanla tərəfdaş ölkələrin, dostların sayının artmasında əhəmiyyətli rol oynadı. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  1994-cü ildə mayın 12-də cəbhə xəttində atəşkəsin əldə olunması ölkədə sabitliyin yaradılmasını, eyni zamanda, həmin ilin  20 sentyabr tarixində  “Əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Bu saziş ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində stimulverici amil rolunu oynadı. Təbii ki, müstəqillik tariximizin qeyd olunan mərhələlərinə qısa nəzər salmağımız səbəsiz deyil. Tarixi paralellər əsasında aparılan bu təhlil bir daha sübut edir ki, sabitliklə yanaşı, ölkəni, xalqı uğurlu gələcəyə aparan lider inkişafın əsasıdır.

Tarixi ədalətin bərpası

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtdığı  1993-cü ildən 2003-cü ilə qədərki dövrün xronologiyasına diqqət yetirsək Azərbaycanın müstəqil dövlət kimi varlığının sübut olunmasının və qəbulunun əsas hədəflər sırasında olduğu aydın görünür. Azərbaycan o illərdə dünyaya Günəş kimi doğdu. Son 20 ilin mühüm ictimai-siyasi hadisələrindən bəhs edərkən isə   17 ilin işğal altında olan torpaqlarımızın azad edilməsinə hazırlıq işlərinə,  son   üç ildən artıq dövrün isə bu torpaqlarda genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirilməsinə, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanması istiqamətində göstərilən səylərə, müxtəlif formatlarda və məkanlarda keçirilən görüşlərə, yeni reallıqların fonunda Azərbaycanın tarixi ədalətə söykənərək Zəfərlərinin davamlılığına həsr edildiyi göz qabağındadır. 2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən  raket atəşinə tutması  Azərbaycan dövlətinin, xalqının səbir kasasının dolmasına səbə oldu. 30 ilik işğal dövründə də Ermənistan daim vəziyyəti gərginləşdirmək, sülh danışıqlarına mane olmaq üçün  mütəmadi olaraq  cəbhə xəttində hərbi təxribatlar törətdi. Azərbaycan isə  sülh danşıqlarına sadiqliyi ilə diqqətdə oldu. 28 il münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri ədalət və beynəlxalq hüquq deyilən məfhumları maraqlarının arxasında gizlətdilər.  Azərbaycan 44 günlük İkinci Qarabağ müuharibəsində tarixi Zəfəri ilə regionda sabitliyin, təhlükəsizliyin təmin edilməsinə yol açdı. Ölkəmiz regionda dayanıqlı sülhün ələd olunması, Ermənistanla münasibətlərində yeni səhifənin  açılması üçün qarşı tərəfə sülh təklifini etdi. Bu təkliflə bəradər belə bir çağırış da səsləndirildi ki, sülh təklifi uzun müddət  masa üzərində qalmayacaq. Ötən dörd ilə yaxın dövr ərzində bu istiqamətdə atılan addımların müsbət məcrada inkişaf etdiyini görürük. Sül müqaviləsinin imzalanması üçün real imkanlar mövcuddur. O da məlumdur ki, Ermənistan keçirilən görüşlərdə Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədi. Hazırdı dövrün reallıqları 30 illik işğal dövründən belə təsdiqlənən bu gerçəkliyi nümayiş etdirir ki, Qarabağ münaqişəsi tərəflərin özünə qalsaydı 30 il həllini gözləməzdi. Münaqişənin beynəlxalq problemə çevrilməsi  nizamlanma prosesinin 30 il uzanmasını şərtləndirdi. Hər bir dövlətin məsələnin həllində  öz maraqlarını düşünməsi vəziyyətin gərginləşməsinə, sülh danışıqları prosesinin nəticəsiz qalmasına səbəb oldu. Bu ilin aprelində Qazaxın 4 kəndinin müharibəsiz, heç bir vasitəçinin iştirakı olmadan  işğaldan azad edilməsi   təsdiqlədi ki, artıq vasitəçiyə ehtiyac yoxdur.

Qürur və şərəf salnaməsi

Reallıq budur ki, Zəfər qazanan tarixi ədalət və beynəlxalq hüquq oldu. Amma bu məqamı da xüsusi qeyd etməliyik ki, 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atanda bilirdik ki, bu iş yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizminin kökünün kəsilməsi, həmin ərazilərdə Azərbaycan Bayrağının ucaldılması tariximizin qürur və şərəf salnaməsinə daha bir möhtəşəm uğur səhifəsi kimi yazıldı. 2023-cü il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ili kimi tariximizə qızıl hərflərlə yazıldı.

  Suverenliyimizin tam bərpa edilməsi ilə Azərbaycanın həyatında yeni dövr başladı. Bu dövrün başlanğıcı kimi dəyərləndirilən  7 fevral 2024-cü ildə keçirilən prezident seçkiləri ölkəmizin gələcək inkişafını əsasını qoydu. Uğurla başlanan yeni dövrün uğurla da davam edəcəyinə əminlik ifadə edildi. Zəfərlərimiz biri-birini əvəzlədikcə Azərbaycanın ədalətə və beynəlxalq huquqa söykənən siyasətinin hələ bundan sonra ölkəmizə daha da möhtəşəm uğurlar qazandıracağına əminlik ifadə olunur. Müzəffər Ali baş Komandan İlham Əliyevin iştirakı ilə ötən ili Xankəndi şəhərində Zəfər paradının keçirilməsi, bu ilin 7 fevral növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin ailə üzvləri ilə birlikdə Xankəndi şəhərində səs vermələri qürurverici hadisələrimizin davamlı olmasını nümayiş etdirdi. Hər bir bayramın, əlamətdar günlərin tarixi sahibinə qovuşan torpaqlarımızda qeyd olunması da Ermənistana və ona hadvarlıq edən dövlətlərə ciddi mesajdır. 

Sentyabar ayından Xankəndiyə köç başlayır

Böyük Qayıdış Konsepsiyasını uğurla reallaşdıran  ölkəmiz azad edilmiş ərazilərdə nəhəng infrastruktur layihələrini həyata keçirməkdədir. Artıq Füzuli,  Laçın, Şuşa və Xocalı şəhərlərinə, Ağalı, Talış, Zabux və Sus   kəndlərinə  keçmiş məcburi köçkünlərin mərhələli qayıdışı təmin olunub və bu istiqamətdə işlər davam etdirilir. Kəlbəcər, Cəbrayıl, Ağdam rayonlarında insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işlər görülür. Dövlət başçısı İlham Əliyevin 28 may-müstəqililk Günündə Xocalı şəhərinə qayıdan sakinlərlə görüşüb onlara evlərin açarlarının təqdim olunması mərasimində bu müjdəni da açıqladı ki, sentyabar ayından Xankəndi şəhərinə köç başlayacaq. Qısa müddətdə, təxminən 9 aydan az müddətdə  Xankəndi və Xocalı şəhərlərində belə genişmiqyaslı işlərin aparılması, soydaşlarımızın qayıdışının təmiq edilməsi Azərbaycan xalqının necə yaradıcı xalq olduğunu, həmçinin ölkəmizin iqtisadi imkanlarının təqdimatı oldu.

 Qarabağ Zəfəri ilə regionda yeni reallıq yaradan Azərbaycan dayanıqlılığını, inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, irimiqyaslı qlobal layihələrin mərkəzinə, Cənubi Qafqazın lider dövlətinə çevrilməyə müvəffəq olub.

 Günümüzün reallıqları fonunda  Cənubi Qafqaz regionunda  etimad quruculuğu prosesinin həyata keçirildiyi diqqətdən kənarda qalmaır. Azərbaycanın xarici siyasətində böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu , qarşılıq maraq və hörmət prinsipləri əsasında əlaqələr qurması müstəqil dövlət kimi nüfuzunun artmasında öz sözünü deyir.  Son 4 ilə yaxın dövrün əsas çağırışı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Azərbaycan üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir, Ermənitsan isə havalarlarının, xüsusilə Fransa prezidenti Emmanuel Makronun tapşırıqları əsasında addımlar atmaqla  sülh müqaviləsinin imzalanması prosesini uzatmağa səy göstərir.  Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı edir ki,  bu  gün təhlükəsizliklə, hərbi, hərbi-texniki sahə və təhlükəsizliklə bağlı olan digər sahələr də mütləq diqqət mərkəzində olmalıdır. Çünki dünyanın müxtəlif yerlərində gedən proseslər göstərir ki, beynəlxalq hüquq normaları inkar edilir, işləmir. Biz bunu Azərbaycanın timsalında 28 il görmüşük. Minsk qrupu 28 il guya Qarabağ problemini həll etməyə çalışırdı. Əslində isə bunu dondurmağa çalışırdı və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kağız parçasından başqa bir şey deyildi. Biz isə ona görə  öz haqqımızı, ərazi bütövlüyümüzü döyüş meydanında, güc yolu ilə və beynəlxalq hüquq çərçivəsində həll etdik. Ancaq o da həqiqətdir, sənin gücün olmalıdır ki, öz haqqını müdafiə edə biləsən. Azərbaycan istər 44 günlük İkinci Qarabağ müharibəsində, istərsə də bir günlük lokal antiterror tədbirlərini həyata keçirməklə hansı imkanlara, gücə malik olduğunu təsdiqlədi. Təbii ki, burada əsas məsələ tarixi ədalətin, beynəlxalq hüququn kimin yanında olması və dəstəklənməsidir. Azərbaycan hər zaman olduğu kimi, bu gün də sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifi kimi çıxış edir.

Kommunikasiyaların açılması reallığa çevriləcək

Əvvəldə də qeyd etdiyimiz kimi, bu ilin   19 aprel tarixi  Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmasların nəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndlərini Azərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildə delimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasına dair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörən siyasətinin növbəti qələbəsi oldu. Artıq sülh müqaviləsinin imzalanması uzaqda deyil.  Bunun üçün Ermənistanın konstruktiv mövqe tutması lazımdır.  Sülh müqaviləsinin imzalanması ilə  kommunikasiyaların açılması prosesi reallığa çevriləcək ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açacaq. Zəngəzur dəhlizinin açılması reallıca çevrilir.

Qısa təhlil belə bir ümumiləşdirməyə əsas verir ki, müstəqil siyasət yürüdən, qalib ölkə olaraq diktə edən tərəf kimi çıxış edən Azərbaycan sülh müqaviləsinin imzalanmasını təklif etməklə və reallaşmasına nail olmaqla  regionda və dünya siyasətində yeniliklərə yol açacaq ki, bu da öz növbəsində ədalətin və beynəlxalq hüququn qorunmasını, qarşılıq etimad mühitinin yaradılmasını təmin edəcək. Dövlətlərarası münasibətlərdə etimad mühitinin qorunması vacib amillərdən biridir.

Nüsrət Məmmədov, "İki sahil"