Azərbaycanda səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri Vedat İşıkhanın başçılıq etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.
“İki sahil” xəbər verir ki, ƏƏSMN-dən bildirilib ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev nümayəndə heyətinə ölkəmizdə həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.
Mərkəzin direktoru Nigar Məmmədova bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi Cənubi Qafqazda kifayət qədər çoxşaxəli fəaliyyət sahələrini əhatə edən ilk və ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanıdır. Burada əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, digər həssas kateqoriyalardan olan şəxslərin yaradıcılıq qabiliyyətinin inkişafına dəstək məqsədilə təlimlər və sosial-psixoloji dəstək tədbirləri təşkil olunur.
Mərkəzin İsmayıllı rayonundakı “DOST EVİ” filialı haqqında da qonaqlara məlumat verilib. Nümayəndə heyəti Mərkəzin benefisiarlarının “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdikləri əl işlərindən ibarət sərgi, habelə Türkiyəyə həsr etdikləri yaradıcılıq nümunələri və təlim prosesi ilə tanış olub.
Sonra Mərkəzin İnklüziv Kamera Orkestrinin üzvləri, təlimçi və benefisiarlarının musiqi proqramı təqdim edilib.