“Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusuna həsr olunmuş III Beynəlxalq Minatəmizləmə Konfrans çərçivəsində “Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbərliyi və minalarla mübarizə vasitəsilə inklüziv transformasiya” mövzusunda panel müzakirəsi keçirilib.
“İki sahil” xəbər verir ki, panelə moderatorluğu ANAMA İctimai Şurasının sədr müavini Emil Həsənov edib.
Panel iştirakçıları arasında BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo, Ukraynanın Ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Ruslan Strilets, Kral Salman adına Humanitar Yardım və Dəstək Mərkəzinin baş nəzarətçi (supervayzeri) Abdullah A. Al Rabeeah, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Humanitar Minalardan Təmizlənməsi üzrə milli direktorunun müavini Tarek Çazli (Tarek Chazli), "LİNKS Europe" təşkilatının direktoru Dennis Sammut yer alır.
BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo bildirib ki, azad edilmiş ərazilərin minalardan təmizlənilməsinə və bu problemin daha çox insanın diqqətini cəlb edilməsinə daha çox səy göstərmək lazımdır: "İnsan həyatına ən böyük təhdidlərdən biri də minadır. Çünki torpaqda olan mina itmir, onlar həmişə insan itkisinə, yaralanmaya gətirib çıxarır. Mina təhlükəsi ilə mübarizə bu gün təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də çox vacibdir. Biz Azərbaycan hökumətini bu istiqamətdə dəstəkləyəcəyik. Azərbaycan və Ukrayna hökumətləri ilə, ekspertlərlə işləyir, təcrübələrimizi və resurslarımızı bölüşürük”.