Hazırda qlobal iqlim dəyişiklikləri bütün dünyanı təhdid edir. Karib hövzəsində, Afrikada, Hind okeanında, Aralıq dənizində, Cənubi Çin dənizində və Sakit okeanda yerləşən kiçik ada dövlətlərində isə vəziyyət daha ciddidir. Məsələn, beş il öncə baş vermiş yalnız bir qasırğa nəticəsində Baham adaları ümumi daxili məhsulun 30 faizini itirib. Bu ölkə hələ də onun fəsadlarını aradan qaldıra bilməyib. Arktika və Antarktidada temperaturun qlobal səviyyədə yüksəlməsi nəticəsində buzlaqların əriməsi dəniz səviyyəsinin artmasına gətirib çıxarıb ki, bu da ada dövlətləri üçün ciddi təhlükədir. Hətta bununla bağlı verilən açıqlamalarda bəzi ada dövlətlərinin ərazilərinin yarıdan çoxunun su altında qalacağı proqnozlaşdırılıb. Bu isə o deməkdir ki, iqlim dəyişmələri bəzi ölkələr üçün problemdir, lakin digərləri üçün mövcudluqla bağlı olan məsələdir.
Doğrudur, müxtəlif platformalarda iqlim dəyişikliyinin fəsadlarından və potensial təhlükələrindən danışılır, uzun-uzadı müzakirələr aparılır. Amma konkret tədbirlər həyata keçirilmir. Çünki bu kimi problemləri aradan qaldırmaq üçün kifayət qədər maliyyə vəsaiti tələb olunur.
Kiçik ada dövlətlərinin problemlərini diqqət mərkəzində saxlayan və iqlim dəyişikliyi ilə bağlı BMT-nin çağırışlarına fəal şəkildə qoşulan Azərbaycan onlara dəstək verib və bu proses indi də davam edir. Belə ki, həmin ölkələri təhdid edən məsələlərlə bağlı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində də geniş müzakirələr aparılacaq. Yeri gəlmişkən qeyd edək ki, Prezidenti İlham Əliyev mayın 13-də Tuvalunun general-qubernatoru Falani Tofinqanı, Tonqa Krallığının Baş naziri Savaleni Siaosi Ofa Ki Vahafolaunu və Baham Adaları Birliyinin xarici işlər naziri Mitçel Frederik Audleyi qəbul edərkən COP29-un kiçik ada ölkələri üçün mühüm məsələlərin həllində dönüş nöqtəsi olacağı xüsusi vurğulanıb.
Сoğrafi yerləşməsinə görə iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalan ölkələr sırasında olan üç dövlətin rəsmiləri görüşdən sonra Bakı Kommünikesini də qəbul ediblər. Kommünikedə COP29 sədrliyi çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə təşəkkür bildirilib, COP29-un inklüziv, şəffaf və neytral platforma olacağına əminlik ifadə olunub.
Qeyd edək ki, Bakıda keçiriləcək COP29 zamanı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Zirvə toplantısını keçirilməsi də planlaşdırılıb. Bu isə o deməkdir ki, rəsmi Bakı inkişaf etməkdə olan kiçik ada dövlətlərinin səslərinin yüksək və aydın eşidilməsini də təmin etmək niyyətindədir.
“Düşünürük ki, kiçik ada dövlətlərinə yardım bizim üçün mənəvi borcdur” deyən və onlara dəstəyin verilməsi məqsədilə praktiki töhfəni və maliyyələşmə addımlarını bəzi tərəfdaşlarla artıq müzakirə edildiyini vurğulayan Prezident İlham Əliyev iyunun 4-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bir daha bu məsələni gündəmə gətirib. Bildirib ki, biz inkişafda olan kiçik ada dövlətləri ilə də fəal işləyirik, onları dəstəkləmək üçün xüsusi fond yaratmağı planlaşdırırıq: “Çünki bizdə, Azərbaycanda iqlim dəyişikliyi problemdirsə, bu, həmin ada dövlətlərinin mövcudluğuna olan təhlükədir. Biz bu işə məsuliyyətlə yanaşırıq”. Şübhəsiz, Azərbaycan əməli addımlar atmaqla ada dövlətlərinin bu kimi problemlərinin aradan qaldırılmasında da öz sözünü deyəcək.
Qeyd edək ki, pandemiya zamanı Azərbaycan 80-dən çox ölkəyə, o cümlədən 20-yə yaxın inkişaf etməkdə olan kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərib. Keçən ilin mart ayında isə Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi inkişaf etməkdə olan kiçik ada dövlətlərində pandemiyadan sonrakı bərpanı dəstəkləmək üçün fəaliyyətə qlobal çağırış elan edib.Bu çağırışla beynəlxalq ictimaiyyəti pandemiyanın sosial-iqtisadi nəticələrinin aradan qaldırılması üçün inkişaf etməkdə olan kiçik ada dövlətlərinə maliyyə yardımı və birbaşa iqtisadi dəstək göstərməyə dəvət edilib. Azərbaycan bu çağırışa vəsait ayıran ilk ölkə olub. Bu mənada demək olar ki, Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib. Bəli, rəsmi Bakı bu ölkələrə yardım etmək üçün əməli addımlar atmağa davam edir. Şübhəsiz, bütün bunlar, həm də Azərbaycanın humanizm prinsiplərininə həssaslıqla yanaşmasının daha bir göstəricisidir.
Qvami Məhəbbətoğlu, “İki sahil”