İyunun 14-də Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının “Aşıq Əhməd küçəsi 36” ərazi partiya təşkilatı üzrə partiya üzvlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində “Qurtuluş yolumuz – nicat yolumuz” mövzusunda tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Parkda ucaldılan abidəsini ziyarət edərək abidəsi önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisinə tamaşa ediblər.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, YAP Kürdəmir rayon təşkilatının fəalları, mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbiri giriş sözü ilə açan “Aşıq Əhməd küçəsi 36” ərazi partiya təşkilatının sədri Vaqif Alıyev bildirib ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi də 1993-cü ildə Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə tarixi qayıdışıdır. 15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, Mərkəzi Kitabxanalar Sisteminin şöbə müdiri Şahnaz Məcidova və rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Əhsən Qaybalıyev çıxışlarında bildiriblər ki, hər bir Azərbaycan vətəndaşı üçün tamamilə şübhəsizdir ki, Azərbaycanda müstəqil, milli, demokratik dövlət quruculuğu 1993-cü il iyun ayının 15-dən başlandı, məhz həmin gündən sonralar milli ideyaya çevriləcək azərbaycançılıq ideyasının əsası qoyuldu, yalnız xalqın mənafeyinə əsaslanan və ona xidmət edən ağıllı, uzaqgörən daxili və xarici siyasət kursu qəbul edildi. Ümummilli Liderimiz Heydər Əliyev tarixi vəziyyətin şərtlərini dəqiq qiymətləndirməyi bacaran qüdrətli bir şəxsiyyət kimi ictimai-siyasi sabitlik üçün həm də iqtisadi təməl yaratmağa müvəffəq oldu.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov çıxış edərək bildirib ki, 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Demokratik Respublikasının varisi kimi müsəqilliyini bəyan edən Azərbaycan, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı tarixi müstəqilliyinə qovuşmuşdu. Əldə ounan müstəqilliyi qoruyub saxlamaq, onu inkişaf etdirib dövləti və xalqı dünyaya tanıtmaq üçün qarşıda gərgin mübarizə dövrü başlanmışdı. Azərbaycan dağılmağa, bölünməyə və parçalanmağa aparan bir yolda olduqca sürətlə irəliləyirdi. 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin artıq vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi. Məhz belə tarixi məqamda azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etrdi. Yaranmış xaos və özbaşnalıqdan başını itirmiş o vaxtkı iqtidar nümayəndələri də xalqın təkidli tələbləri qarşısında tab gətirməyərək Ulu Öndərimiz Heydər Əliyevin hakimiyyətə qayıdışını Ondan dəfələrlə xahiş etdilər. Həyatının bütün işgüzar dövrünü Azərbaycan yolunda sərf etmiş böyük siyasi xadim Heydər Əliyev xalqın səsinə səs verdi. 1993-cü il iyunun 9-da Bakıya gəldi.
15 iyun 1993-cü ildən – Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Dövlətçilik konsepsiyasını məhz Ümumilli Lider Heydər Əliyevin strateji kursu üzərində formalaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirir. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi. 44 günlük şanlı Vətən müharibəsinin məntiqi davamı olaraq 24 saatlıq antiterror tədbirləri ilə ərazi bütövlüyümüz tam bərpa olundu və Xankəndi şəhərində möhtəşəm Zəfər paradı keçirildi, bu görüntü həmrəylik nümayiş etdirən hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrildi.