15 iyun 2024 16:45
351

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırmış oldu - AÇIQLAMA

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının yeni tarixi mərhələsinin başlanğıcı oldu. Bu tarixi sənəd Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanıb və iki qardaş ölkənin strateji əməkdaşlığını bütün dünyaya bəyan edir. Bəyannamə, Azərbaycan və Türkiyə arasında münasibətlərin yeni bir mərhələsinə keçidini simvolizə edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini daha da artırmış oldu.

“Bu sənəd, iki ölkə arasında münasibətlərin bütün sahələrdə davamlı inkişafını təmin edir və strateji əməkdaşlığı daha da möhkəmləndirir. Müttəfiqlik münasibətləri siyasət, beynəlxalq əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.

Şuşa Bəyannaməsi, bölgədə əhatəli sülhə və inteqrasiyaya yol açdı və bu prosesləri stimullaşdırırdı. Bu sənəd, əraziyə yeni sərmayə cəlb edərək regionun iqtisadi potensialını artırmağa və yeni iqtisadi münasibətlərin formalaşmasına şərait yaradır. Şuşa və ətraf ərazilərin turizm imkanlarının inkişafı da əməkdaşlığın yeni perspektivləri arasında yer alıb”.

S.Mikayılova onu da əlavə edib ki, Bəyannamə, Azərbaycan və Türkiyənin beynəlxalq nüfuzunu artırır. Bu sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyətli iqtisadi layihələr və digər təşəbbüslər ölkələrin beynəlxalq səviyyədə nüfuzunu daha da gücləndirir.

“Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında münasibətlərin gələcək inkişaf xəritəsini də müəyyən etmiş oldu. Bəyannamənin icrası, daha yüksək səviyyəli işbirliyinin təminatıdır. Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarının Bəyannamədə yer alması, siyasi ənənələrə böyük ehtiramın göstəricisidir.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında da sıx əməkdaşlıq edir. Zəngəzur dəhlizi kimi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malik layihələr bu əməkdaşlığın bir nümunəsidir.

Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, Azərbaycan və Türkiyə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Bu, həmçinin Azərbaycan və Türkiyənin milli gücünün artmasını və dünyada söz sahibi kimi mövqeyinin möhkəmlənməsini təmin edir”.

Onun sözlərinə görə, bəyannamədə xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsinin artırılması və diplomatik səylərin birləşdirilməsi də nəzərdə tutulur.

“Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək üçün media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi vacibdir.

Şuşa Bəyannaməsi, Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində mühüm bir addımdır. Bu sənəd, iki ölkə arasındakı strateji tərəfdaşlığı yeni zirvələrə qaldıraraq, bölgədə və dünyada sülh və sabitliyə töhfə verir”.