18 iyun 2024 13:54
246

Almaniyanın Süryani Ortodoks Kilsəsinin nümayəndə heyəti Multikulturalizm Mərkəzində olub

İyunun 18-də Azərbaycanda səfərdə olan Almaniyanın Süryani Ortodoks Kilsəsinin Nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olub.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinin tərkibinə Almaniyadakı Suriya Pravoslav Kilsəsinin Ekumenik Məsələlər üzrə Arxiyepiskopu Julius Hanna Aydın, Süryani Ortodoks Mor Yaqub Dasruq Kilsəsinin Arxidyakonu Abuna Murat Üzel, Fray Universitetinin əməkdaşı Susi Üzel, Süryani icmasının və Süryani kilsənin 12 nəfərlik idarə heyətinin sədri Andreas Celik daxildir.

BBMM-in icraçı direktoru Rəvan Həsənov qonaqlara Azərbaycandakı multikultural və tolerant mühit, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən multikulturalizm siyasəti, eləcə də Azərbaycan multikulturalizm modeli haqda geniş məlumat verib. O, Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri önəmli yer tutduğunu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqlarını diqqətə çatdırıb. Ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıb. Ölkəmizdəki milli və dini icmalarla iş, hazırlanan nəşrlər haqda ətraflı məlumat verib.

Görüş üçün minnətdarlığını bildirən Mor Julius Hanna Aydın Almaniyadakı süryani icmasına dair məlumat verib. Qonaq müasir dünyada multikulturalizmin rolu və əhəmiyyətindən də danışıb. Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin mühüm olduğunu vurğulayıb. İşğal dövrü ərzində Azərbaycan xalqının dini və mədəni irsinə aid abidələrə və məscidlərə qarşı edilmiş vandallıq aktlarını pisləyib.

Görüşdə gələcək əməkdaşlıq müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti səfər çərçivəsində Azərbaycandakı dini icmaların nümayəndələri ilə görüşəcək, kilsələri ziyarət edəcək.