20 iyun 2024 15:22
533

Şuşa Bəyannaməsi Türk Dövlətləri Təşkilatının qlobal güc kimi formalaşmasında mühüm rol oynadı - POLİTOLOQDAN AÇIQLAMA

15 iyun Azərbaycan xalqının tarixində çox mühüm və tarixi nəticələrlə yadda qalan bir gündür. Məhz Ulu Öndərin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövləti dağılmaqdan, parçalanmaqdan, məhv olmaqdan, tarixin səhnəsindən silinmək təhlükəsindən xilas oldu. Çox maraqlıdır ki, məhz 28 ildən sonra - 2021-ci ildə Azərbaycan dövləti öz ərazi bütövlüyünü təmin etdikdən sonra ilk dəfə Şuşa şəhərində Azərbaycan və Türkiyənin, iki qardaş dövlətin gələcək siyasi taleyini müəyyən edən, birgə fəaliyyətimizin koordinə olunmuş davranışlarını özündə əks etdirən Şuşa Bəyannaməsinin imzalanması ilə bu tarix daha da zənginləşmiş oldu.

Bu fikirləri “İki sahil”ə açıqlamasında politoloq Anar Əliyev bildirdi. 

Təzyiq və təhdidlərə qarşı ciddi immunitet formalaşdı

Politoloq qeyd etdi ki, 15 iyun Azərbaycan tarixinə 2 çox mühüm hadisənin başlandığı, əsasının qoyulduğu gün kimi tarixə yazılmış oldu. 15 iyun 2021-ci ildə Azərbaycan və Türkiyə dövlətlərinin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan cənablarının iştirakı ilə Şuşada iki ölkə münasibətlərinin əsasını təşkil edən, bu münasibətləri bir üst mərhələyə çatdıran, dünya dövlətlərinin tarixində və qarşılıqlı münasibətlərində analoqu olmayan bir səviyyəni özündə əks etdirən Şuşa Bəyannaməsi imzalandı. Hesab edirəm ki, Şuşa Bəyannaməsi bir çox istiqamətlərdə Azərbaycan və Türkiyənin birgə fəaliyyətini koordinə etməklə yanaşı həm də həmin dövrdə ərazi bütövlüyünü yeni bərpa etmiş və bir çox erməni havadarlarının Ermənistanın dəstəkçiləri tərəfindən ölkəmizə edilən təzyiq və təhdidlərə qarşı iki qardaş ölkənin birliyini bir daha nümayiş etdirməklə bu təzyiq və təhdidlərə qarşı daha ciddi olaraq dövlətimizin immunitetini formalaşdırmış oldu. Eyni zamanda, hesab edirəm ki, bu Bəyannamə Türkiyə və Azərbaycan dövlətləri arasında çox istiqamətli birgə fəaliyyət planını nəzərdə tutmaqla iki qardaş dövlətin maraqlarının, baxışlarının hadisələrə, proseslərə yanaşmalarının uzlaşdırılması və uyğunlaşdırılmasını nəzərdə tuturdu. Bir sıra məsələlərdə, xüsusilə Türkiyə və Azərbaycanın regionda, bölgədə təsir imkanlarının artırılması, iqtisadi gücünün böyüdülməsi, hərbi əməkdaşlığın daha da genişləndirilməsi, Təhlükəsizlik Şuralarının birgə iclaslarının keçirilmısi kimi mühüm istiqamətlərdə razılıq əldə olunmaqla Azərbaycan və Türkiyə bir daha nə qədər yaxın olduqlarını, iki qardaş dövlətin uğurlarının qarşılıqlı şəkildə digərinə aid olduğunu, bu Bəyannaməni imzalayan tərəflərdən hər hansı birinə qarşı üçüncü bir dövlət tərəfindən edilə biləcək təhdidləri digər dövlətin özünə qarşı edilmiş təhdid kimi qiymətləndirdiyini əks etdirən çox mühüm tarixi sənəddir.

Birgə iradə, güc, istək...

Ekspert vurğuladı ki, bu razılaşmanın Azərbaycan xalqının, büötvlükdə İslam, o cümlədən türk dünyasının şərəf və ləyaqət simvolu kimi qiymətləndirilən Şuşa şəhərində imzalanması həm də bir simvolik bir məna daşıyırdı. Bundan sonra Azərbaycanın ərazilərinə qarşı hər hansı bir iddia və təhdidlərin artıq keçmişdə qaldığını, bundan sonra belə bir təhdidlərə yol verilməyəcəyini, dövlətimizə, onun torpaqlarına qarşı hər hansı bir təhdidlərə həm də Türkiyə dövlətinin və xalqının, türk ordusunun imkanlarının dayandığını özündə əks etdirdi. Hesab edirəm ki, bu razılaşma həm də iki qardaş xalqın, iki qardaş liderin Azərbaycan və Türkiyə xalqlarının, dövlətlərinin birgə xoşbəxt gələcəyə baxışlarının, yanaşmalarının ifadəsi idi. Bu, bir daha sübut etdi ki, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqlarımızın, dövlətlərimizin xoşbəxt gələcəyi naminə bütün zəruri addımları atmaq, bütün maneələrə qarşı birgə mübarizə aparmaq iradəsində, gücündə və istəyindədir.

Anar Əliyev onu da qeyd etdi ki, Azərbaycanın son illər ərzində ard-arda əldə etdiyi davamlı və bundan sonra da fəth edəcəyimiz zirvələrin kökündə həm də 1993-cü il 15 iyun tarixində Milli Qurtuluş Günü və həmin dövrdə baş verən hadisələr, Ulu Öndərin hakimiyyət sükanı arxasına keçməsilə Azərbaycanı xilas etməsi və eyni zamanda, 2021-ci il 15 iyun tarixində Şuşada imzalanan Şuşa bəyannaməsinin əvəzsiz rolu və təsirləri olacaqdır.

Azərbaycan bundan sonra da Türkiyə dövləti və Türkiyə də bundan sonra Azərbaycan dövləti ilə qardaşlıq və dostluq münasibətlərini birgə maraqlar naminə eyni nöqtəyə baxmaq, eyni nöqtəyə vurmaq siyasətini davam etdirəcək. Biz bu münasibətləri qorumaqla bölgəmizin və regionumuzun əsas güc sahibinə çevrilmiş olacağıq. Azərbaycan və Türkiyənin əldə etdiyi, iki ölkə prezidentlərinin ciddi və güclü iradəsi nəticəsində əldə olunan birliyimiz gücümüzə güc qatmaqla yanaşı həm də türk dünyasında bir oyanışa səbəb oldu. Eyni zamanda, türkdilli respublikaları Azərbaycan və Türkiyənin liderliyi ilə formalaşdırılan Türk Dövlətləri Təşkilatı əhatətində daha sıx birləşməsinə və regional, qlobal güc kimi dünyaya yeni bir mərkəzin formalaşdığını nümayiş etdirə bildik.

Cavid Əkbər, “İki sahil”