Azərbaycan dövləti özünün iqtisadi qüdrətini hərbi qüdrətə çevirməyi qarşısına prioritet məsələ kimi qoyub. Bu, dövlətimiz və millətimiz üçün zəruridir, var olmaq amilidir. Ona görə ki, biz Ermənistan kimi riyakar, barbar və işğalçı bir ölkə ilə qonşuyuq. Onların 20 faiz torpaqlarımızı öz havadarlarına güvənərək işğal etmələri və daha böyük işğalçılıq iddiasına düşmələri Azərbaycan dövlətini həmişə güclü və qüdrətli orduya sahib olmağa sövq edir.
Düzdür, biz bu gün bölgənin ən güclü ordusuna sahibik. Lakin bu ordunun daha da güclənməsi və qüdrətinin artması üçün bundan sonra da ən müasir silahlarla təminatı davamlı olmalıdır. Məhz bu amili vaxtında dəyərdənlirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı. Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu gün nazirliyin tərkibində müdafiə sənayesi müəssisələrinin sayı 58-ə, istehsal məmulatlarının çeşidi 1200-ə çatıb. Bu illər ərzində nazirliyin müəssisələrində ümumi məhsul istehsalının həcmi 6,7 dəfə, müdafiə təyinatlı məmulatların həcmi 42 dəfə artıb. Ən mühüm amil isə odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahlarını ixrac edir. Artıq 10 ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Son 10 ildə hərbi məhsullarımızın ixrac həcmi 2,7 dəfə yüksəlib.
2017-ci ildə isə yeni iki hərbi zavod açılııb, gələn ildə isə daha 2 hərbi zavodun açlması planlaşdırılır. Həmin zavodlarda artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı, həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı reallaşacaq. Müdafiə sənayesi naziri Yavər Camalovun mətbuata açıqlamalarında 2017-ci ilin 11 ayında respublikanın güc strukturlarına təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2016-cı illə müqayisədə 7,1 faiz artmışdır. Ən başlıcası isə nazirliyin müəssisələrində istehsal olunan məhsulların çeşidləri 1200-ə çatdırılmışdır.
Qeyd edək ki, Azərbaycan ilk dəfə olaraq öz milli hərbi nəqliyat vasitələrini 2015-ci ildə uğurla sınaqdan çıxarmışdır. Bunlardan təsir gücü artırılmış yeni nəsil qəlpəli-fuqaslı və daha təkmilləşdirilmiş kumulyativ başlıqlı pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini göstərmək olar. Hazırda bu hərbi məhsulların yüksək döyüş qabiliyyətliliyi onlara dünyanın silah bazarlarında böyük maraq yaradıb.
Təbii ki, ölkəmizin müdafiə sənayesi müəssisələri davamlı olaraq yeni silah növlərinin yaradılması və onların döyüş qabiliyyətlərinin artırılması üzərində də səmərəli şəkildə işləyirlər. Belə ki, 2017-ci ildə də 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində təcrübi-konstruktor işləri davam etdirilib. 11 ay ərzində hərbi müəssisələrimiz tərəfindən 4 məmulat üzrə - xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılmış və istehsalı həyata keçrilmişdir.
Eyni zamanda, xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşmış və silahlanmaya qəbul edilməsi tövsiyə olunmuşdur. Bununla yanaşı, QP-25 tipli əl qumbaraatanının, müxtəlif tipli avtomatların ilkin sınaqları keçirilmiş, kiçik çaplı atıcı silahlar üçün 4 növ lülələrin, müxtəlif mm-lik uzaq mənzilli minaatanların, müxtəlif mm-lik atəş yığımları üçün partladıcıların sınaqlarına başlanılmışdır.
Ümumlikdə isə yaradılma işləri üzrə 44 mərhələ tam yerinə yetirilmişdir.
Azərbacan Respublikası Müdafiə Sənayesi Nazirliyi üçün digər uğurlu hadisə onun istehsal etdiyi silahların beynəlxalq müdafiə sərgilərində böyük marağa səbəb olmasıdır. 2017-ci ilin may ayında Müdafiə Sənayesi Nazirliyi İstanbul şəhərində keçirilən “İDEF-2017” Beynəlxalq müdafiə sərgisində 260 adda məmulat nümayiş etdirmişdir. Həmin beynəlxalq sərgidə ABŞ, İngiltərə, Almaniya, İtaliya, Rusiya, Fransa, Türkiyə və digər inkişaf etmiş ölkələr iştirak edirdilər. Bizim hərbi məhsullarımız həmin ölkələrin məhsulları ilə rəqabətaparacaq səviyyədə qəbul edilmişdi. 2018-ci ildə isə bu beynəlxalq sərgi Bakıda keçiriləcək.
Ümumiyyətlə, Azərbaycan dövlətinin bölgədə ən böyük silah istehsalçısına çevrilməsi Prezident İlham Əliyev tərəfindən atılmış ən qətiyyətli və müdrik addım idi. Ona görə ki, öz ərazi bütövlüyünü təmin etməyə çalışan bir ölkə üçün müdafiə sahəsində kənardan asılılığın aradan qaldırılması, müstəqil olması çox vacib şərtdir. Artıq xalqımız da əmindir ki, Azərbaycan Ordusu ən müasir silahlarla təmin olunmuş güclü və qüdrətli ordulardandır. Bu amil hər bir ölkə vətəndaşında işğaldakı torpaqlarımızın yaxın gələcəkdə azad olunmasına böyük inam yaradır.
Elçin Zaman, “İki sahil”