29 iyun 2024 02:16
204

Nikol, deməki, demədi…

Fransanın Ermənistanı silahlandırmasının açıqlaması olan «Çanaq kimin başında çatlayacaq» ikibaşlı sualın cavabını Azərbaycanın Silahlı Qüvvələri verəcək

Ermənistanın oyuncaq rəhbərliyinin hərdəmxəyallığı üzündən imzlanmasını gözləyən sülh müqaviləsi hələ ki, dalana dirənib. Səbəbi də bəllidir. Başqalarının göstərişləri ilə idarə olunan siyasətində əcnəbi korrektələr edən Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqbağı olan keşiş Baqrat Qalustanyanın siyasi şouları, işğalçı ölkənin konstitusiyasında qonşuların torpaqlarına əsassız olaraq sahiblənmə iddiasının yer aldığı maddənin dəyişdirilməsi, Fransanın rəsmi İrəvana «Caesar» özüyeriyən artilleriya qurğuları satması xəbəri ölkədaxili gərginliyi daha da artırıb. Ermənistanın revanşist qüvvələrinin iddiasına görə konstitusiyada dəyişiklik guya ölkənin daxili işidir və sülh müqaviləsinə aidiyyəti olmamalıdır. Amma Paşinyan kimi, bütün dünya ictimaiyyəti də aydın başa düşür ki, Hayastanın bu vəziyyətə düşməsinin səbəbi daşnak ideologiyasından qaynaqlanan «dənizdən-dənizə böyük Ermənistan» sərsəmləmələrinin ermənilərin şüurlarını korlaması, başqalarının halal ərazilərini özününküləşdirmək xəyallarının gerçəkləşdirilməsi idi.

İkinci Qarabağ müharibəsində biabırçı məğlubiyyətindən sonra Azərbaycanın irəli sürdüyü beynəlxalq hüquqa əsaslanan 5 maddədən ibarət sülh təklifini Fransa da daxil olmaqla başqalarının göstərişləri əsasında hələ də «incələyən», mikroskopla saf-çürük edən Paşinyan üzləşdiyi problemlərin sıxıntısından az zərərlə çıxmaq üçün ermənisayaq məkrindən faydalanır. Əslində, Ermənistanda 2 il müddətinə 100 nəfərdən ibarət Monitorinq Missiyası yerləşdirməklə sülh sazişinin imzalanmasına töhfə verəcəyini vəd edən Avropa İttifaqının (Aİ) «silahlı sülh missiyası»nın 209 nəfərə çatdırılmasının bölgədə sabitliyin yaranmasına yardım edəcəyini düşünmək sadəlövhlük olardı. Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında iddia edilən atəşkəs pozulmalarını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaratmaq təklifinin özünü doğrultmadığını son günlərdə erməni silahlılarının” Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlar, Milli Ordumuzun Naxçıvan və Kəlbəcərdə yerləşən mövqelərini atəşə tutmaları da təsdiqləyir. Ermənistan hər iki istiqamətdəki atəşkəsin pozulmasını təkzib etsə də reallığı gizlətmək qeyri-mümkündür. Son günlərdə ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycanla Ermənistanı «sülh sazişi»ni imzalamağa çağırış təklifi də gündəmdədir. Dövlət katibinin Prezident İlham Əliyevə telefon zəngində Ermənistan və Azərbaycanın sülh sazişi istiqamətində aparılan irəliləyişləri dəstəkləməsi, bu istiqamətdə səylərin davam etdirilməsi ilə bağlı fikirlərin səslənməsi təqdirəlayiqdir. ABŞ-ın sülhə töhfə vermək təşəbbüsünü yüksək qiymətləndirən Prezident İlham Əliyev bildirib ki, «sülh gündəliyi»nin irəli aparılması baxımından, Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulması vacibdir.

Son günlərdə Fransanın Ermənistanı silahlandırmaqda davam etməsi isə rəsmi İrəvanın növbəti təcavüzünə dəstək vermək deməkdir”. Nikol Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyü və suverenliyini qarşılıqlı şəkildə tanıması barədə razılığın əldə edilməsini açıqlasa da, Qazaxın dörd kəndini qaytardığını delimitasiyaya başlanmasının ilk mərhələsi adlandırısa da Azərbaycanla bağlı iftiralar, «Ermənistan Respublikasının 30-dan çox kəndinin həyati əhəmiyyətli ərazilərinin işğalını dayandırmağa çağırış» kimi əsassız iddialar sülh sazişinə təhdiddir.

Azərbaycanın qarşı tərəfin saxta, əsassız iddialarına cavabı təbii ki, beynəlxalq hüquqa əsaslanır. Haqlı olaraq bildirilir, ki, delimitasiya başa satmadan, Azərbaycanın hələ də işğal altında qalan 4 kəndi əsl sahiblərinə qaytarılmadan Ermənistanın iddia etdiyi həmin ərazilərin özünün olduğunu deməsi absurddur. Məsələ ilə bağlı münasibətini «30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata Bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən Ermənistandır» sözləri ilə bildirilən Azərbaycan XİN-in açıqlamasında bir vacib məqama da aydınlıq gətirilib:«Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda «Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.»

Yaranan belə mürəkkəb situasiya, «zərərli siyasət, ciddi təhlükə» adlandırılan Fransa ilə Ermənistan arasında «Caesar» özüyeriyən artileriya qurğusunun alınması barədəki razılıq işğalçı ölkənin revanşistlərinin yeni müharibəyə hazırlıq iddialarını qızışdırıb.

Ermənistanla Fransa arasında «Caesar»la bağlı imzalanmış sazişi rəsmi bəyanatı ilə qınayan Azərbaycan Müdafiə Nazirliyi (MN) bu sövdələşmənin Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirəcəyini və yeni müharibə ocağının yaradacağını bildirmişdir. O da diqqətə çatdırılıb ki, baş verəcək təxribatlar, silahlı qarşıdurmalar üçün məsuliyyəti tam şəkildə” Ermənistan rəhbərliyi və Fransa Prezidenti Emmanuel Makron daşıyacaq. Bir məsələ də diqqətə çatdırılıb ki, Fransa rəsmiləri əvvəllər Ermənistana yalnız müdafiə təyinatlı silahlar verildiyini desələr də, rəsmi Parisin işğalçı ölkəni öldürücü və hücum təyinatlı artilleriya qurğuları ilə təchiz etməsi hərbi təxribatdır.

«Mən bu və bütün başqa məsələlərdə, bütün çıxışlarımda tam səmimiyəm və hesab edirəm ki, Ermənistan tərəfi artıq bunu bilir. Nəyi deyiriksə, onu da edirik və onu nəzərdə tuturuq. Ancaq görünür ki, başqa mesajlar da verilmişdi onlara. Təbii ki, burada beynəlxalq aktorlar da çox mənfi rol oynamışdılar. Ermənistana və separatçılara müəyyən ürək-dirək mənası daşıyan mesajların verilməsi onlarda belə bir fikir yaratdı ki, onlar, bax bu vəziyyətlə bağlı heç nə etməməlidirlər» söyləyən Prezident İlham Əliyevin dəfələrlə etdiyi xəbərdarlığa baxmayaraq hələ də «sülhə səs verməyən» Paşinyan ölkəsini gözləyən fəlakətlərin nəticələrini açıq başla təhlil edib, son sözünü deməlidir.

Təbii ki, bizə qarşı olan mənfi münasibət, ənənəvi mənbələrdən gələn mənfi münasibət dayanmayacaq. Ermənistanı silahlandırma cəhdlərinin məqsədi Cənubi Qafqazı yenidən müharibə ocağına çevirməkdir. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, revanşistlərin yersiz illüziyalara qapılmasına səbəb də Makronun yalan vədləridir.

«Ona görə biz heç vaxt sakitləşməməliyik və mən, xatırlayırsınızsa, İkinci Qarabağ müharibəsindən sonra demişdim və bunu da etdik, biz daha güclü ordu yaratmalıyıq. Biz son üç il ərzində böyük yol keçmişik» sözləri ilə Azərbaycanın müdafiə qüdrətinin gücləndirilməsi üçün görülən işlərin bu gun də davam etdiyini diqqətə çatdıran Prezident, Ali Baş Komandan İlham Əliyev son illərdə yaradılan hərbi komando birləşmələrinin gücünün, döyüş bacarığının «Caesar»lara layiqli cavab verəcək qüdrətində olduğunu bildirir: «Yəni, biz heç vaxt sakitləşə bilmərik. Bizim ordu quruculuğu prosesi davam edəcək və Ermənistan da bilməlidir, o, nə qədər silah alsa da, onlara nə qədər ürək-dirək versələr də, əgər bizə qarşı hər hansı bir təhlükə mənbəyi olsa, biz dərhal o təhlükə mənbəyini məhv edəcəyik. Mən bunu gizlətmirəm ki, sabah heç kim deməsin nəsə gözlənilməz oldu. Qoy eşidən eşitsin ki, biz görsək, bizə qarşı real təhlükə, o Fransanın sınıq-salxaq “Bastion” maşınları, o konserv bankaları yox, real təhlükə yaransa, biz preventiv addımlarla o təhlükəni istənilən nöqtədə məhv edəcəyik.»

Xuraman İsmayılqızı, «İki sahil»