29 iyun 2024 11:29
298

Hayların cəfəng iddiaları - ŞƏRH

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 28-də Amerika Birləşmiş Ştatları Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Braynı qəbul edib. Həmin görüşdə Ceyms  O’Brayn ABŞ-nin regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrimizin strateji səviyyədə daha da inkişaf etdirilməsindən söz açan Dövlət katibinin köməkçisi, həmçinin  Orta Dəhliz və digər məsələlərdən də söz açıb. Yeri gəlmişkən o, jurnalistlərə açıqlamasında Orta Dəhliz layihəsini bütövlükdə region üçün çox mühüm bir addım kimi xarakterizə edib. Şübhəsiz, bütün bunları ABŞ-ın Azərbaycanın  regionda yaratdığı  reallığa obyektiv münasibəti kimi dəyərləndirmək olar. 

Amma erməni politoloqlar və ekspertlər bu görüşə özlərinə məxsus don geyindirməyə çalışırlar. Məsələn, onlar hətta iddia edirlər ki, guya rəsmi Bakı sülh istəmir, Vaşinqton onu razı salmağa çalışır. Elə Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin Prezident İlham Əliyevə bir müddət əvvəlki zəngi də bununla əlaqədar imiş. Şübhəsiz, bu kimi açıqlamalar prinsip etibarilə 30 il ərazilərimizi işğal altənda saxlamış, hazırda isə sülh danışıqlarına havadarlarının dəstəyi ilə maneələr yaratmaqda davam edən təcavüzkar Ermənistanı dünyanın gözündə sülhsevər dövlət kimi qələmə verməkdən başqa bir şey deyil. Yeri gəlmişkən qeyd edək ki, Ermənistan rəsmiləri son günlər ölkələrinin Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu daha tez-tez vurğulamağa başlayıblar. Hətta bir neçə gün öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Maqnus Tsakhna ilə Tallində birgə keçirdiyi mətbuat konfransında  ölkəsinin bir ay içərisində sülh sazişi layihəsini tamamilə yekunlaşdırmağa və Azərbaycanla sülh sazişini imzalamağa hazır olduğunu da bildirib. Ancaq Mirzoyan unudur ki,  problemin tam həlli və sülhün uzunmüddətli olması üçün rəsmi İrəvanın atmalı olduğu addımlar hələ də qalır. Söhbət Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir. Prezident İlham Əliyev istər Amerika rəsmiləri ilə görüşlərində, həmçinin digər tədbirlərdə bu məsələyə dəfələrlə toxunub.

İyunun 6-da TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə bu problemi bir daha gündəmə gətirən dövlətimizin başçısı bildirib ki, hazırda iki ölkə arasında sülh prosesi ilə əlaqədar bir neçə açıq məsələ qalmaqdadır. Onlardan biri Ermənistanın konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda Ermənistanla Azərbaycan arasında sülh sazişinin bağlanması, sadəcə, mümkün deyil: “Onların bizə qarşı ərazi iddiaları olduğu bir vaxtda biz Ermənistanla sülh sazişi bağlaya bilmərik”. İyunun 20-də ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı ABŞ-ın sülh gündəliyinə töhfə vermək əzmini yüksək qiymətləndirən dövlətimizin başçısı Ermənistanda konstitusiya, müvafiq qanunlar və ölkədaxili normativ-hüquqi aktlar əsasında Azərbaycana qarşı olan ərazi iddialarına son qoyulmasının sülh gündəliyinin irəli aparılması baxımından vacibliyini qeyd edib. Bütün bunlar isə o deməkdir ki, Azərbaycan sülh sazişinin bütün bəndlərinin BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına uyğunlaşdırmaq niyyətindədir. Odur ki, hazırda Azərbaycan Ermənistanın bu istiqamətdə müvafiq addımların atılmasını gözləyir. Ancaq Ermənistan sülhün əldə olunması üçün zəruri sayılan bu addımları atmaqdansa, mənasız təşəbbüslərlə çıxış edir. Belə olan təqdirdə erməni siyasətçilərinin uydurduqları “Bakı sülh istəmir” fikirlərini ortaya atmaq Ermənistanın sadəcə növbəti məkrli addımlarından xəbər verir. Bu isə o deməkdir ki, hazırda Paşinyan və komandası sülhün imitasiyası ilə məşğuldur. Yəni, rəsmi İrəvan bununla sülhdən yayınmaq, qeyri-müəyyənliyi davam etdirmək yolunu tutur.

O ki qaldı Vaşinqton onu razı salmağa çalışır iddiasına...Erməni siyasətçiləri unutmasınlar ki, bu gün Azərbaycan dünyada ləyaqətli dövlət kimi tanınır. Azərbaycan heç vaxt heç bir ölkənin işinə qarışmayıb və heç vaxt imkan verməyib ki, kimsə Azərbaycanın daxili işlərinə müdaxilə etsin: "Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq". Bu isə o deməkdir ki, Prezident İlham Əliyevin iradəsinə  kimsə təsir edə bilməz, o cümlədən Vaşinqton da. Bəli, bu gün heç kimdən asılı olmayan Azərbaycan özü öz gələcəyini müəyyən edir, özü  qərarlar qəbul edir. Bu isə o deməkdir ki, sülh müqaviləsi ölkəmizin irəli sürdüyü prinsiplər çərçivəsində həllini tapmalıdır. Başqa sözlə desək,  sülh müqaviləsi imzalanacaqsa, bu, söz sahibi olan Azərbaycanın, onun liderinin diktə etdiyi formada olacaq. 

Qvami Məhəbbətoğlu, “İki sahil”