29 iyun 2024 01:36
246

Makron administrasiyası Azərbaycandan nə istəyir?..

Özünü dünyaya demokratik dövlətlərdən biri kimi təqdim etməyə çalışan Fransa tarixən yeni ərazilər ələ keçirmək, bu və ya digər bölgədə möhkəmlənmək uğrunda mübarizə aparıb. Hazırda bu ölkə  Afrika ölkələrinin bir hissəsini nəzarətində saxlayır. Bir çox tərəqqipərvər ölkələr, o cümlədən Azərbaycan Afrika ölkələrinin öz hüquqları uğrunda apardıqları mübarizəyə dəstək verir. Hətta Azərbaycan Bakı Təşəbbüs Qrupu (BTQ) vasitəsilə fransızların zülmündən əziyyət çəkən xalqların tələblərini  və səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün ciddi addımlar atır.  Məsələn, BTQ  tərəfindən iyunun 20-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında “Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu” adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə qeyd olunub ki, BMT-nin müstəmləkə altında olan ölkələr və xalqlara müstəqillik verilməsi haqqında bəyannaməsinin icrası ilə bağlı xüsusi komitə - C24 yaradılsa da, müstəmləkəçilik siyasəti hələ də davam edir.  Bu prosesdə Fransanın öndə getdiyi xüsusi vurğulanıb.

Bu kimi tədbirlərin sayəsində müstəmləkəçi Fransa Afrikadan qovulur, onun güc yolu ilə əlində saxlamağa çalışdığı digər koloniyalarından da tezliklə çıxarılacağı şübhəsizdir. Son zamanlar dənizaşırı ərazilərdə Fransa əsarətindən qurtulmaq üçün azadlıq mübarizəsinə qalxan yerli xalqların müstəqillik tələblərində israrlı olmaları da belə qənaətə gəlməyə əsas verir.

Ermənistanın əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxartmaqla, Türkiyənin artan nüfuzunu neytrallaşdırmaqla bölgədə möhkəmlənmək istəyən Fransa Azərbaycanın müstəmləkəçiliyin ləğvi ilə bağl atdığı tutarlı addımlarını, daha doğrusu, prinsipial xəttini həzm edə bilmir.  Elə  son illər onun rəsmi Bakıya qarşı təxribatlarını genişləndirməsi, Ermənistanı öldürücü hücum silahları, yəni “Caesar” özüyeriyən artilleriya qurğuları  ilə təchiz etməsi, bir sözlə, regionda yeni münaqişə ocağını qalamağa çalışması bunu bir daha təsdiq edir. Bütün bunlar göstərir ki, Fransa Cənubi Qafqazda  sabitliyi pozmaq, həm də  öz geosiyasi ambisiyalarını regionda  reallaşdırmaq niyyətində  israrlıdır. Bunu Fransanın bir sıra rəsmiləri dəfələrlə etiraf ediblər. Artıq fransız hərbçiləri də bu kampaniyaya qoşulublar. Bu mənada demək olar ki, hazırda Makron administrasiyası tam şəkildə anti-Azərbaycan təbliğatına köklənib. Belə ki, bir neçə gün öncə Fransa Hərbi Hava Qüvvələrinin polkovniki Bruno Kuhn beynəlxalq forumda ("2024 APRI Forumu") çıxış edərkən bildirib ki, Cənubi Qafqazdakı proseslərdə iştirak etmək Fransanın əsas siyasi məqsədlərindən biridir. O, guya Fransanın Ermənistana kənardan hücumu imkansız səviyyəyə qaldırmaq istəyində olduğunu bildirməklə yanaşı, heç bir əsas göstərmədən ölkəsinin Yeni Kaledoniyadakı iğtişaşlarda Azərbaycanın əli olduğuna inandığını da  iddia edib.

Yeri gəlmişkən qeyd edək ki, bir müddət öncə Fransanın daxili işlər naziri Jerald Darmanin də belə bir iddia ilə çıxış etmişdi. Halbuki, Azərbaycan insan hüquqları baxımından Yeni Kaledoniyaya sadəcə mənəvi dəstək verir. Başqa sözlə desək, rəsmi Bakı yalnız siyasi yolla insan hüquqları konteksində kanaklara qarşı zorakılığı  pisləyir və bu məsələni həm də özəl təşəbbüslərlə gündəmdə saxlamağa çalışır. Bu mənada cənab Bruno Kuhnun söylədikləri olduqca absurddur. Görünür, bu məsələdə erməni diasporu, eləcə də ölkəsinin Prezidenti Emmanuel Makron onu öz maraqlarına uyğun əməlli-başlı təlimatlandırıb. Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran fransız hərbçisi unutmasın ki, məhz onun ölkəsi uzun müddət ərzində ərazilərimizdə aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Parisdə dəfələrlə yüksək səviyyədə qəbul edib. Fransa Parlamentinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma xuntaçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı da məlumdur.

Polkovnikin açıqlaması bir daha təsdiq edir ki, Makronun Cənubi Qafqaza soxulması və burada əsas oyunçulardan biri olması iddiası artıq Fransa dövlətinin hərbi doktrinası səviyyəsindədir. Cənubi Qafqazın əsas ölkəsi olan Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində buna maneə olmağa çalışması, daha doğrusu, regionda kənar qüvvələri görmək istəməməsi, həmçinin məzlum xalqlara mənəvi dəstək verməsi Fransanı sözün həqiqi mənasında qıcıqlandırır. Odur ki, Fransa rəsmiləri beynəlxalq tədirlərdə Azərbaycana böhtanlar yağdırmağı davam edirlər.

Bütün bunlara baxmayaraq, Azərbaycan Cənubi Qafqazda əmin-amanlığın, sülhün bərqərar olunmasında, həmçinin müstəmləkə altında inləyən xalqların müstəqillik uğrunda ədalətli mübarizəsini dəstəkləməkdə israrlıdır. Bu isə o deməkdir ki, rəsmi Parisin bu kimi qarayaxmaları Azərbaycanın mövqeyinə əsla təsir etmir.

Qvami Məhəbbətoğlu, “İki sahil”