03 iyul 2024 14:02
272

Təhsilli qadın təhsilli cəmiyyətin təməlidir

Bir oğlana təhsil verməklə təhsilli bir insan qazanarsınız, bir qıza təhsil  verməklə isə təhsilli bir ailə...
                                                 (Hacı Zeynalabdin Tağıyev)

Hər bir millətin gələcəyinin formalaşmasında ən önəmli amillərdən biri, bəlkə də birincisi keyfiyyətli təhsildir. Təhsilli bir cəmiyyətə sahib olmaq üçün ən vacib amil isə qızların sahib olduğu təhsil səviyyəsidir. Erkən uşaqlıq dövründən başlayaraq yetkinlik yaşına qədər qızlar təhsil müəssisələrində, ali təhsil müəssisələrində öz hüquqlarını bilməli, dərk etməli, üzərlərinə düşən öhdəliklərini, vəzifələrini məsuliyyətlə qəbul etməlidirlər. Bu səbəbdən də qızların təhsilinə dəstək cəmiyyətin inkişafı üçün vacib addımlardan biridir. 

Prezident İlham Əliyevin, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsilə diqqəti və qayğısı sayəsində yüksək standartlara cavab verən yeni məktəblərin açılması, uşaqların təhsil şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Gənclərimizin xaricdə təhsil almaq və uğurlu karyera qurmaq imkanları genişləndirilir. Hər il dövlət büdcəsindən elm və təhsil sahəsinə ayrılan vəsait Azərbaycanda təhsilin yeni inkişaf mərhələsinə keçməsinə imkan yaradır.

Diqqətə çatdırmaq yerinə düşər ki, Azərbaycanda son illərdə müxtəlif sosial proqramlar, habelə qeyri-hökumət təşkilatlarının və beynəlxalq qurumların layihələri vasitəsilə qızları təhsilə təşviq etmək və onların təhsilə əlçatanlığını artırmaq üçün bir sıra təşəbbüslər həyata keçirilir.

Gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin  böyük məsləhətçisi Sevinc Məmmədova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, gender bərabərliyinin mühüm istiqamətlərindən biri məhz təhsillə bağlıdır. Eyni zamanda, qadın və kişilərin bərabər təhsil almaları ölkədə hüquq bərabərliyinin fundamental əsaslarından biridir. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə dövlət kişi və qadınların təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir. Bu o deməkdir ki, mülkiyyət növündən asılı olmayaraq, bütün təhsil müəssisələrinə qəbulda, tələbələrin təqaüdlə təmin edilməsində, tədris planının seçilməsində və biliyin qiymətləndirilməsində bərabər imkanlar yaradılmalıdır. Qanunda, həmçinin dərsliklərin gender bərabərliyi prinsipinə əsaslanması ilə bağlı tələb vardır. Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” əsasında ümumi təhsil pilləsində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması, gender stereotiplərinin dəyişdirilməsi ilə bağlı mesajların verilməsi, cinsi ayrı-seçkiliyin aradan qaldırılması, qadınların da rəhbər vəzifədə təsvirinin əks olunmasına dair mövzuların daxil edilməsi diqqətdə saxlanılır. 

Dünyada məktəbə getməyən uşaqların 66,3 faizini qızlar təşkil edir

Dayanıqlı İnkişaf Məqsədlərinin təhsillə bağlı olan 4-cü məqsədində 2030-cu ilədək bütün qızların və oğlanların, qadınların və kişilərin əlçatan və keyfiyyətli təhsil almalarını təmin etmək hədəfə alınıb. Ən nüfuzlu beynəlxalq iqtisadi toplantı sayılan Dünya İqtisadi Forumunun Gender Fərqliliyi İndeksi (GFİ) və BMT-nin Gender Bərabərsizliyi İndeksinin (GBİ) təhlillərinə əsasən Azərbaycan dünya üzrə bərabər təhsil sahəsində 2017-ci illə müqayisədə 2022-ci ildə 91-ci yerdən 55-ci yerə yüksəlib. Tədqiqatçıların fikrincə təhsil sahəsində gender bərabərsizliyinin aradan qaldırılması dünyada yoxsulluğun azaldılmasına imkan yaradacaq əsas faktorlardan biridir. Təhsildəki bərabərsizliyin aradan qaldırılması cəmiyyətdə bir çox problemlərin həllinə şərait yaradır. Azərbaycanda ölkə rəhbərliyi səviyyəsində bu məsələlərə xüsusi diqqət yetirilir. Qızların təhsil hüququnun həyata keçirməsinə bir çox maneələr olur, bunlar əsasən yoxsulluq, erkən yaşda evlilik, gender əsaslı zorakılıq (məhz qız olduğu üçün) və əsasən də cəmiyyətdə qadınların, qızların statusu ilə bağlı köhnəlmiş adət-ənənələr, stereotiplərdir. Nəticədə dünyada məktəbə getməyən uşaqların ən çoxunu, yəni üçdən ikisini (66,3%) qızlar təşkil edir.

Qızların təhsildən yayınma halları minimuma endirilir

Komitə rəsmisinin sözlərinə görə, “Təhsil haqqında” Qanuna əsasən, Azərbaycanda ümumi orta təhsil icbaridir. Təhlillər göstərir ki, son illərdə icbari təhsilə cəlb olunmuş qızların ümumi orta təhsil pilləsini bitirməsində və onların dərsə davamiyyətində əsaslı problemlər mövcud deyil. Təhsildən yayınan şagirdlərlə bağlı məktəbin psixoloqu və sinif rəhbərləri ailələrdə olur, müvafiq iş aparır, ailədaxili vəziyyət qiymətləndirilir və zərurət yarandıqda məsələyə baxılması üçün yerli icra strukturlarına müraciət olunur. Qızların təhsildən yayınma hallarının minimuma endirilməsi məqsədilə ümumi təhsil müəssisələrində ilboyu qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Hər bir rayonda fəaliyyət göstərən yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar bu işdə yerli təhsili idarəetmə orqanlarına yaxından köməklik göstərirlər. Bununla yanaşı, yerlərdə fəaliyyət göstərən peşə təhsili müəssisələri ilə qarşılıqlı əməkdaşlıq sayəsində ümumi orta təhsili bitirən şagirdlərdən bir qismi təhsilini həmin müəssisələrdə davam etdirirlər. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatlarında hər il respublikamızda “Təhsil hüquqlarının həyata keçirilməsində bərabər imkanların təmin edilməsi” bölməsində bu sahədə görülmüş işlər və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikası əks olunur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ölkəmizin gələcək inkişafı naminə gənclərin bərabər imkanlar çərçivəsində təhsil almasının vacib olmasını nəzərə alaraq 2021-ci ildən başlayaraq Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılan “Qızlar Məktəbi”nin 120 illik yubileyi və 11 oktyabr Beynəlxalq Qızlar Günü münasibəti ilə “Gənc Qızların Təhsilinə Dəstək” kampaniyasına start verilmişdir. Kampaniyanın məqsədi cəmiyyətin diqqətini qızların təhsilinə cəlb etmək, xüsusilə də onların müasir təhsil imkanlarından faydalanmasına dəstək olmaqdır. Kampaniya 2023-cü ildən “Gənc Qızların Təhsilinə Dəstək” Layihəsi kimi davam edir.

Erkən nikah, valideyn laqeydliyi... 

Təhsil eksperti Kamran Əsədov “İki sahil”ə açıqlamasında qızların təhsilinə dəstəyin önəmindən söz açdı: “Azərbaycan həm qızlar, həm də oğlanlar üçün bərabər təhsil imkanlarını təmin edir. Tələbələrin təhsil almasına və ya təhsilini başa vurmasına mane ola biləcək gender əsaslı maneələr yoxdur. Həmçinin orta məktəb kurikulum və tədris materiallarında gender bərabərliyini təşviq etmək üçün addımlar atılmışdır.Təhsil cinsindən asılı olmayaraq hər kəsə ictimai həyatın müxtəlif sahələrində, idarəçilikdə iştirak etməyə imkan verir. Məhz bu səbəbdən də təhsili gender bərabərliyinə nail olmaq və qadınların imkanlarının genişləndirilməsinin mühüm vasitələrindən biri kimi qiymətləndirmək lazımdır.”
Mütəxəssisin sözlərinə görə, region məktəblərində qızların təhsildən yayınması problemi kütləvi hal almaqdadır. Qızların təhsildən yayınmasında erkən nikah faktoru böyük rol oynayır. Çünki təhsildən yayınan qızlar erkən ailə qururlar. Qanunvericilikdə erkən nikaha təhrik etmə ilə bağlı azadlıqdan məhrum etmə və yüksək məbləğdə cərimənin təyini belə halların qarşısını qismən də olsa alır. Amma təəssüf ki, hələ belə hallar qalmaqdadır. Elə təhsildən yayınma ilə bağlı statistikanı böyüdən səbəb də nikahdan kənar doğulan uşaqlardır.  Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir ki, bunun da sorğu-sualını aparan yoxdur. Belə ki, kiçik ticarətlə məşğul olan valideyinlər 12-13 yaşlı qızlarını dükanda işləməyə cəlb edirlər ki, bu da onların gündəlik həyat tərzinə çevrilir.  Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir ki, belə hallar daha çox Aran rayonlarında geniş yayılıb.

Qadınlar nə qədər yüksək təhsilə malik olsalar...

Sosioloq Üzeyir Şəfiyev isə sözügedən məsələ ilə bağlı "İki sahil"ə açıqlamasında vurğuladı ki, qadınlar cəmiyyətin çox mühüm bir hissəsidir  və  qadınlar nə qədər yüksək təhsilə malik olsalar, nə qədər yüksək intellektə malik olsalar, mədəni səviyyə nə qədər yüksək olsa, bu,cəmiyyətin ümumi  inkişafına çox böyük töhfə olar. Çünki qadınlar sosiallaşma institutu olan ailənin əsas bel sütunudur. Yəni, uşaqların sosiallaşması, tərbiyəsi, formalaşması, ailədə optimal iqlimin olması məhz qadınların sayəsində mümkündür. Ona görə qadınların təhsilli olması o deməkdir ki, həmin ailədə uşaqda təhsilə motivasiyası olacaq, təhsil almağı da istiqamət götürəcək. Qadınların  təhsili həm də onların əmək bazarında məşğulluğuna mühüm töhfə verir. Qadınların təhsilə marağı həm də  erkən  nikahdan onları sığortalayır yəni, təhsilə  marağı olan qız hesab edirəm ki, heç vaxt erkən nikaha maraq göstərməz. Bu o deməkdir ki, təhsilli ana heç vaxt öz qızını erkən nikaha məcbur etməz.

Təklif: İcbari təhsil 11 illik olsun

Sosioloq icbari təhsilin 11 illik olmasının önəminə də diqqət çəkdir: “Çünki bölgələrdə  bəzi dırnaqarası valideynlər bəzən 8-9-cu sinifdən qızları çıxarırlar, onları erkən nikaha təşviq edir, yaxud da, qızlarını təhsildən yayındıraraq onların əməyini istismar edirlər. Təbii ki, hüquq-mühafizə orqanları, müvafiq qurumlar çox sayıq bir şəkildə belə halların qarşısını alır. Dırnaqarası valideynlər nəticə çıxarmalıdırlar ki, qızları erkən nikaha cəlb etmək olmaz eləcə də, onların əməyini uşaqkən istismar etmək yolverilməzdir. Bütün bu kimi neqativ halların qarşısını almaq üçün icbari təhsilin 11 illik olması daha yaxşı olar. 
Həmsöhbətimizin sözlərinə görə, təhsil sisteminin 80 faizində  qadınlarımız təmsil olunur. Bu, gender balansının qadınlarımızın xeyrinə pozulmasıdır. Bunun da  obyektiv səbəbi  var. Çünki təhsil sahəsi gəlirli sahə olmadığına görə, kişilər də təhsil sahəsinə deyil də , digər gəlirli sahələrə  maraq göstərirlər. Təhsil sahəsindəki bu boşluğu məhz qadınlar doldururlar. Bu yaxınlarda açıqlanan statistik məlumata əsasən, Azərbaycan qadınları elmi fəaliyyət sahəsində dünya qadınları içərisində ilk beşliyi bölüşürlər. Yəni, elmi fəaliyyət sahəsində də qadınlarımızın  axını yüksəkdir. Azərbaycanda gender balansı  məhz qadınların xeyrinə yüksək səviyyədə təmin olunub. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Yazı Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur