06 iyul 2024 02:47
398

Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır

XXI əsrin ən ağır problemləri sırasında qalmaqda olan dünyanın  bütün dövlətlərində  mövcud olan narkomaniya, əfsuslar olsun ki, Azərbaycandan da yan keçməmişdir. Narkomanlığın  yayılması, narkotik  vasitələrin  dövriyyəsinə qarşı  mübarizə məsələləri  ilə əlaqədar ölkə  rəhbərliyi tərəfindən Fərman və Qanunlar verilmiş, dövlətimiz beynəlxalq miqyasda  qəbul olunmuş  konvensiya və sazişlərə qoşulmuşdur.

Narkomanlıq insan cəmiyyətinin mənəvi  və əxlaqi dəyərlərinə  ciddi zərbə vuran, sosial-iqtisadi  inkişafa  mənfi təsir göstərən, insanların  həyat və sağlamlığına böyük  təhlükə  yaradan, həmçinin cinayətkarlığın artmasına  səbəb olan əsas  amillərdən biridir. 

Ümummilli Lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin  qanunsuz dövriyyəsinə  qarşı  tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli Fərmanı, “Narkotik vasitələrin, psixotrop  maddələrin  və onların prekursorlarının qanunsuz  dövriyyəsi  və narkomanlığın  yayılması  ilə mübarizə  üzrə 2006-cı ilədək “Ümummilli Proqram” və digər  Qanunlar, Fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə  mübarizənin əsas strateji  xəttini  müəyyənləşdirmişdir.

Bu gün  ölkəmizdə  narkotiklərin  qanunsuz  dövriyyəsi  və onlara  qarşı mübarizə üzrə  normativ-hüquqi  bazanın  təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının  fəaliyyətinin daha da genişləndirilməsi  və bu sahədə beynəlxalq əməkdaşlığın əhatə dairəsinin daha da artırılması dövlət başçısının, daim diqqət  mərkəzindədir. Narkomanlığa qarşı  mübarizədə səmərəliliyə nail olmaq  üçün  aidiyyəti  dövlət  orqanları  arasında qarşılıqlı əlaqələrin  təşkil edilməsi  və  nəzarət mexanizminin həyata keçirilməsi məqsədi ilə yaradılmış  Dövlət Komissiyası  və onun İşçi Qrupu narkomanlığa və narkotik vasitələrin qanunsuz  dövriyyəsinə qarşı  mübarizənin təşkilinə  xüsusi təkan  vermişdir. Cənab İlham Əliyevin 2005-ci il 28 iyun tarixli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  dövriyyəsi  haqqında” Qanunu  narkotiklərlə  mübarizə istiqamətində  müvafiq dövlət  və ictimai  qurumlar  qarşısında  konkret  vəzifələr qoymuş  və bu  istiqamətdə fəaliyyətin  hüquqi bazasını  təşkil etmişdir.

Yasamal Rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamı ilə yaradılmış Narkomanlığa və Narkotik Vasitələrin  Qanunsuz  Dövriyyəsinə Qarşı  Mübarizə  üzrə Komissiyası  Azərbaycan Respublikası Prezidentinin “Narkotik vasitələrin, psixotrop maddələrin  və onların  prekursorlarının qanunsuz  dövriyyəsi və narkomanlığa qarşı  mübarizəyə dair Proqram”ının (2019-2024-cü illər üçün)  təsdiq  edilməsi barədə Sərəncamını rəhbər tutaraq illik fəaliyyət  planı  hazırlanmış aidiyyəti dövlət orqanları, ictimaiyyət, QHT ilə birlikdə  profilaktik tədbirlər həyata keçirmişdir.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılmasının qarşısının alınması işlərinin, maarifləndirmənin gücləndirilməsi məqsədilə Komissiya və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Rayon Prokurorluğu, Narkoloji Dispanserin əməkdaşlarının, Rayon Gənclər və İdman İdarəsinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə rayonun tam orta məktəblərinin  şagirdləri arasında “Narkomaniyaya yox deyək”, “Narkomaniya ümumbəşəri bəladır” mövzusunda dəyirmi masalar, seminar-müşavirələr keçirilmişdir. Tədbirlərdə narkomaniyaya aid videoçarxlar nümayiş etdirilmiş, şagirdlərə bukletlər paylanmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır. İcra Hakimiyyətinin akt zalında “Narkomaniya ilə mübarizə həftəsi” çərçivəsində “Narkomaniyaya qarşı mübarizə sağlam gələcəyin təminatıdır” mövzusunda hüquq-mühafizə orqanlarının rəhbərlərinin, Milli Məclisin deputatlarının iştirakı ilə müşavirə keçirilmişdir. Tədbirdən öncə rayon gənclərinin “Narkomaniyaya yox!” mövzusunda çəkdikləri rəsm işlərindən ibarət sərgi nümayiş edilmişdir.

Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların idmana cəlb edilməsi, xoşagəlməz vərdişlərdən qorunması üçün qabaqlayıcı tədbirlər olaraq Rayon İcra Hakimiyyəti tərəfindən, “İDEA” İctimai Birliyi tərəfindən “Abad həyət” layihəsi çərçivəsində abadlaşdırılmış nümunəvi məhəllələrdə idman, mini futbol meydançaları, müxtəlif idman qurğuları quraşdırılmışdır. Belə abadlaşdırılmış məhəllələrdən biri bir neçə gün öncə Yeni Yasamal -1 yaşayış massivində sakinlərin istifadəsinə verilmişdir. Bu işlər mərhələli şəkildə davam etməkdədir.

Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin dəstəyi və iştirakı ilə “Gənclər sağlam həyat tərzi seçir”, “Narkomaniyaya yox deyək” devizi altında ali və orta ixtisas təhsil müəssisələrində komandalar arasında basketbol, mini-futbol, dama üzrə rayon turnirləri, “Sağlam həyat naminə narkotikə yox deyək!” devizi altında rəsm və inşa yazı müsabiqəsi keçirilmişdir.

26 iyun- “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində rayon ərazisində insanların sıx yaşadıqları yerlərdə binaların girişlərində narkomaniya, narkotik vasitələr və onların fəsadları barədə xüsusi hazırlanmış plakatlar yerləşdirilmiş, yeniyetmələrə və gənclərə bukletlər paylanmışdır.

Şəhər  narkoloji dispanserin Yasamal rayonu üzrə bölməsinin əməkdaşları fəaliyyətlərini əsasən narkomaniyanın  profilaktikasına  və müalicə  işinə  yönəltmişlər. 

Müsadirə  edilmiş  narkotik  vasitələr, psixotrop  maddələr və onların prekursorlarını məhvetmə  üzrə rayon komissiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq  maddələri  ilə  təqsirləndirilən  şəxslərə dair daxil olmuş məhkəmə hökmləri və icra  vərəqələrinə əsasən maddi sübut kimi tanınmış az miqdarda narkotik  vasitələr, psixotrop  maddələr  və onların prekursorlarını məhv etməsi tədbirləri qanunveriliciliyə uyğun həyata keçirilmişdir.

Yasamal Rayon Polis İdarəsinin  əməkdaşları tərəfindən  narkotik vasitələrin  qanunsuz  dövriyyəsinə qarşı  mübarizə  sahəsində  müəyyən işlər görülmüşdür. 2024-cü ilin 5 ayı ərzində RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 171 fakt aşkarlanmışdır ki, bunlardan 26 fakt satış məqsədilə olmuşdur. Qanunsuz dövriyyədən çıxarılmış narkotik maddələrdən 6 kq 203.93 qram heroin,  8 kq 317.72 qram marixuana, 1 kq 221.67  qram metamfetamin,  965.543 qram tiryək olmuşdur. Narkomaniya ilə bağlı hüquq pozmalara meyilli olan yeniyetmələr və gənclər arasında mütəmadi olaraq profilaktik işlər həyata keçirilir.

Yasamal Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası rayon əhalisi, xüsusilə  gənclər  və yeniyetmələr arasında  narkomanlıqla  bağlı  maarifləndirmə  işlərinin səmərəliliyinin artırılması və narkotik  vasitələrin qanunsuz  dövriyyəsinə  qarşı  mübarizə  işində Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin  təsdiq etdiyi məlum Dövlət  Proqramından irəli  gələn  vəzifələrin  yerinə yetirilməsi istiqamətində  əməli,  praktiki  tədbirlər davam etdirilməkdədir.

Hüseyn Əfəndiyev,
Yasamal Rayon İcra Hakimiyyəti Başçısının I müavini,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri