02 sentyabr 2026 18:30
122

Azərbaycan ŞƏT məkanında Mərkəzi Asiya və Avropa arasında mühüm körpüdür

2026-cı il sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatında görüş baş tutdu. Azərbaycan Prezidenti İlham Əliyev “ŞƏT-in 25 ili: Dayanıqlı sülh, inkişaf və tərəqqi naminə birlikdə” şüarı ilə keçirilən həmin yüksək səviyyəli tədbirdə iştirak etdi. XXI əsrin münasibətlər sistemində beynəlxalq təşkilatların rolu ildən-ilə daha da güclənir. Əsası 15 iyun 2001-ci ildə Çində qoyulmuş  Şanxay Əməkdaşlıq Təşkilatı hazırda Avrasiya məkanında ən mühüm geosiyasi, iqtisadi və təhlükəsizlik platformalarından biri kimi çıxış edir. Müasir dünyamızda gedən proseslərin nəticəsi olaraq dünyanın siyasi xəritəsində təkcə böyük güclərin geosiyasi maraqları deyil, həm də regional əməkdaşlıq platformalarının ortaya qoyduğu yeni reallıqlar ön plana çıxır. Bölgənin təhlükəsizliyi, əməkdaş ölkələrin inkişafı, həmçinin zaman keçdikcə artan enerji ehtiyacı təşkilatın əhəmiyyətini getdikcə artırır. Avrasiyanın nəhəng siyasi və iqtisadi məkanını bir araya gətirən bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında etimad mühitinin yaradılması, regional təhlükəsizliyin təmin edilməsi, iqtisadi, siyasi, humanitar və mədəni əməkdaşlığın dərinləşdirilməsidir.

Azərbaycan bu qurumun üzvü olmasa da, ŞƏT ilə sıx əməkdaşlıq edir və ölkəmizə 2015-ci ildə “dialoq üzrə tərəfdaş” statusu verilib, 2016-cı ildə isə bu statusu tənzimləyən memorandum imzalanıb. Bu status Azərbaycanın geosiyasi mövqeyi və iqtisadi-strateji potensialı baxımından yeni imkanlar açır. 2022-ci ildən Prezident İlham Əliyevin ŞƏT-in yüksək səviyyəli tədbirlərində iştirakı Azərbaycanın təşkilatla əməkdaşlığının yeni mərhələsinə çevrilib. Bəs Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana nə vəd edir?

ŞƏT-in ən önəmli xüsusiyyəti onun çoxşaxəli əməkdaşlıq formatıdır. Onun miqyası və tərkibi imkan verir ki, çox müxtəlif sahələr üzrə əməkdaşlığın yeni modeli formalaşsın və təhlükəsizlik, iqtisadiyyat, energetika, nəqliyyat, rəqəmsal texnologiyalar kimi qlobal əhəmiyyətli məsələlər vahid məkanda müzakirə edilsin. Bununla yanaşı təşkilat humanitar sahələri də əhatə edən geniş fəaliyyət platformasıdır. Əvvəla, genişlənən əməkdaşlıq regionda sabitliyin qorunması, terrorizm, separatizm və ekstremizm kimi təhdidlərə qarşı mübarizə baxımından Azərbaycanın maraqlarına tam uyğundur, çünki ölkəmiz uzun illər terrorizmdən əziyyət çəkmiş, separatçı təcavüzlə üzləşmişdir. İndi isə Prezident İlham Əliyevin vurğuladığı kimi, çoxillik münaqişə zonası olmuş Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir. ŞƏT çərçivəsində regional təhlükəsizlik istiqaməti Azərbaycan üçün mühüm əməkdaşlıq müstəvisi yaradır. Bölgədə davamlı sülh və sabitlik həm də iqtisadiyyat, nəqliyyat və logistika baxımından təhlükəsiz marşrutların formalaşmasına da şərait yaradır ki, bu da dövlətimizin qlobal və regional nəqliyyat-logistika sistemində mövqeyini daha da möhkəmləndirir. 

ŞƏT həm də iqtisadi əməkdaşlıq baxımından ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Təşkilata üzv ölkələrin əhalisi dünya əhalisinin təxminən yarısını təşkil edir. Buradakı nəhəng bazarlar Azərbaycanın ixrac potensialının genişləndirilməsi üçün yeni imkanlar açır.

Təşkilatın nəqliyyat və enerji sahəsində də böyük üstünlükləri var. Azərbaycan regionun və dünyanın mühüm, etibarlı enerji təchizatçılarından biridir. Eyni zamanda enerji resurslarının daşınmasında da çox böyük rol oynayır. Bu sahədə ölkəmizin qazandığı təcrübə ŞƏT çərçivəsində əməkdaşlığın genişlənməsində olduqca vacibdir. Azərbaycanın coğrafi mövqeyi – Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşməsi ölkəni mühüm tranzit mərkəzinə çevirir. Çinin ‘Bir kəmər, bir yol’ təşəbbüsü, ŞƏT çərçivəsində inkişaf etdirilən regional əməkdaşlıq imkanları və Orta Dəhliz layihəsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal-Cənub dəhlizi kimi layihələr ŞƏT məkanının Avropa ilə nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, gələcəkdə logistika, emal, sənaye zəncirlərinin də bu marşrutlara bağlanması ölkəmizin iqtisadi gücünü və rolunu artıracaqdır. 

Azərbaycanın münasibətlərdə çoxtərəflilik prinsiplərinə əsaslanan siyasəti onun beynəlxalq nüfuzunu günü-gündən artır. Ölkə başçısının “ŞƏT plyus” çərçivəsində keçirdiyi görüşlər və səsləndirdiyi fikirlər bunu bir daha göstərdi. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Türkiyə, Mərkəzi Asiya dövlətləri ilə əlaqələr bu gün strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Digər görüşlər də dövlətimizin balanslaşdırılmış siyasət yürütdüyünü, qarşılıqlı münasibətləri genişləndirməkdə, regionda sülh və sabitlikdə maraqlı olduğunu bir daha göstərdi. 

Şanxay Əməkdaşlıq Təşkilatı XXI əsrin ən mühüm regional əməkdaşlıq platformalarından biridir. Azərbaycanın bu təşkilatla genişlənən əməkdaşlığı yalnız iqtisadi və siyasi maraqlarla məhdudlaşmır. Bu əməkdaşlıq həm də ölkənin beynəlxalq imicinin möhkəmlənməsi, diplomatik çevikliyinin artırılması baxımından çox önəmlidir. Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri, bu səfər çərçivəsində “ŞƏT plyus” formatında görüşdə səsləndirdiyi fikirlər və keçirdiyi görüşlər bir daha göstərdi ki, Azərbaycan artıq dünya diplomatiyasının fəal iştirakçısına çevrilib.

Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru