Erməni mənbələrinin yaydıqları xəbərdə deyilir ki, 2016-cı ilin aprel müharibəsindən il yarımdan da çox keçməsinə baxmayaraq, həmin vaxt hərbi xidmətdə olan əsgərlərin hərbi biletlərinə müharibədə iştirak etdiklərini təsdiq edən möhür vurulmayıb.
İş o yerə çatıb ki, bəzi əsgərlər müharibədə iştirakla bağlı möhürü hərbi biletlərinə vurdurmaq üçün məhkəməyə müraciət etməli olurlar. Digərləri isə problemi dolayı yolla-yaşadıqları rayonların hərbi komissarlıqları ilə həll etməyə çalışırlar.
Aprel müharibəsində iştirak etmiş erməni əsgərlərdən biri adının açıqlanmaması şərtilə mətbuata bildirib ki, hərbi komissarlıq hərbi biletə müharibədə iştirak haqda möhürü yalnız ödəniş, yəni külli miqdarda rüşvət qarşılığında vurur. Axı, müharibə iştirakçıları onlar üçün müəyyən olunmuş imtiyazlardan istifadə edirlər. Ona görə də Müdafiə Nazirliyinin rüşvətxor məmurları və hərbçi komandirlər əsgərlərin haqqını onların özlərinə rüşvətlə satmaqda maraqlıdırlar.
Erməni əsgərləri bildirirlər ki, təkcə həmin vaxt artilleriya batareyalarında xidmətdə olanların və topçuların hərbi biletlərinə müharibədə iştirak haqda möhür vurulur, yerdə qalanlar isə möhür üçün 500-600 dollar pul ödəməlidir.
Qeyd edək ki, bundan əvvəl də hətta Ermənistan Müdafiə Nazirliyində rüşvətxorluğun baş alıb getdiyi barədə ehtiyata buraxılmış və ya vəzifəsindən çıxarılmış hərbçilər biabırçı faktlar açıqlamışdılar. Keçmiş müdafiə naziri Seyran Ohanyanın, indiki nazir Vigen Sarkisyanın rüşvətxor əməlləri barədə faktlar mətbuata ayaq açmışdı. O da qeyd olunur ki, ölkə rəhbərliyi rüşvətxorluğun qarşısını almaqda acizdir və maraqlı deyil. Çünki prezident Serj Sarkisyan müdafiə naziri vəzifəsində işləyərkən orduda rüşvətxorluğun bünövrəsini özü qoyub.
Vəli İlyasov, “İki sahil”